Dünyada diqqət çəkən yeniliklərdən biri odur ki, ayrı-ayrı ölkələrdə insanların daha az işləməsinə, ailəsinə çox vaxt ayırmasına çalışırlar. Bunun üçün qanunvericilikdə dəyişikliklər edilir. Bir sıra ölkələr həftədə 4 günlük iş rejimini sınaqdan keçirir. Tezliklə 3 gün dincəlmək ənənəvi həyat tərzinə çevriləcək.
7Times.az xəbər verir ki, Belçika vətəndaşlarına həftədə 4 gün işləmək imkanı yaradır. Avropa dövləti həftəlik iş yükünü həmin günlərə sığışdırmağa şərait olduğunu düşünür. Vətəndaşlara müraciətdə də bu amil qabardılıb. Federal hökumət insanların seçimi olduğunu bildirib. Yəni iş yükünün öhdəsindən gəldiyi halda hər işçi cümə axşamından istirahətə yollana bilər.
Müəssisə rəhbərliyinə də seçim imkanı yaradılıb. İşçinin istəyinə etiraz etmək olar. Amma bir şərtlə ki, yazılı şəkildə inandırıcı arqumentlər ortaya qoyulsun. Ekspertlər hesab edir ki, qanunvericilik istənilən halda işçinin yanındadır. Müəssisə rəhbərləri ciddi müqavimət göstərə bilməyəcək.
Belçikanın Baş Naziri Aleksandr De Kro bir çox məqamlar üzərində ciddi düşündüklərini deyib. Onun fikrincə, dəyişiklik şirkətlərə iş vaxtını düzgün qiymətləndirməyə şərait yaradacaq.
İndi Belçikada 20-64 yaş arası hər 100 şəxsdən 71-i işsizdir. Bu göstəricisi Avropada ən aşağı sayılır. İslahatlar sayəsində 2030-cu ilə qədər işləyənlərin göstəricisinin 80 faizə çatdırılması məqsədi var.
Xüsusilə pandemiyadan sonra inkişaf etmiş ölkələrdə 4 günlük iş rejimi barədə yüksəkdən danışmağa başladılar. İslandiyada paytaxt Reykyavikdə sınaq keçirildi. Nəticənin yalnız yaxşı olduğu elan edildi.
Böyük Britaniya iyunda 6 aylıq proqramı tətbiq etməyi planlaşdırır. Artıq 30 şirkət qeydiyyatdan keçib. ABŞ, İrlandiya, Kanada, Avstraliya və Yeni Zelandiya da bənzər addımlara hazırlaşır.
Birləşmiş Ərəb Əmirliklərinin ticarət şəhəri Dubayda iş saatları azaldılıb. Cümə günü günortaya qədər işləmək kifayət edir. Beləcə, işçilər həftədə 4.5 gün işləyir.
Follow @7timesaz