Bakıda arvadını qətlə yetirməkdə təqsirləndirilən Füzuli Qarayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə qətlə yetirilən Sevinc Məhərrəmovanın atası Yalçın Məhərrəmov ifadə verib. Y.Məhərrəmov bildirib ki, qızı ailə qurandan 3 ay sonra ərindən narazılıq etməyə başlayıb: “Tez-tez mübahisələri olurdu, qızımı döyürdü. Axırıncı dəfə oğlanın işi polisə verilmişdi. İşi polisdə idi. Yəqin ki, ona görə öldürüb qızımı”.
Şahidin ifadəsinə münasibət bildirən təqsirləndirilən şəxs Yalçın Məhərrəmovun ifadəsinin yalan olduğunu deyib: “Mən yoldaşımı heç vaxt döyməmişəm. Ailə qurandan 4 ay sonra qaçıb getmişdi atasının evinə. Dedi darıxıram. Bir müddətdən sonra qayıtdı. Amma sonradan yenə xəbərsiz çıxıb gedirdi. Axırıncı dəfə də evdən qaçanda qayınatamı zəng edib çağırdım. O da gəldi, axtardıq, tapa bilmədik. Qayınatam dedi ki, mən bacarmıram artıq, öldür, mənim üçün o qız ölüb. Dedim mən niyə öldürürəm?”
Sevinc Qarayevanın anası Mətanət Məhərrəmova da məhkəmədə ifadə verib. Zərərçəkmiş şəxsin anası da həmişə qızının evində problemlər yaşandığını bildirib: “Həmişə evində qırğın-dava olurdu. Deyirdi ki, kanalizasiya tutulduğuna görə məni döyüb. Ona görə adam döyərlər? Axırıncı dəfə mart ayında pis döyülmüşdü. Sevinc gəldi bizə, bədəni gömgöy idi. Bir neçə gün qaldı bizdə. Mən dedim apar uşaqları qaytar, özün getmə. Dedi yox, mən uşaqlara görə getməliyəm. Füzuli ona nə dedi, nə demədi, başını bişirdi, qız da getdi. Gedəndən 10 gün sonra da öldürüldü”.
Mərhumun anası qızının feministlərə qoşulması barədə suala isə “Feministlər qızıma köməklik edirdilər. Onun ailə problemini həll etmək istəyirdilər. Qızım feministlərə qoşulub pis yola getməyib ki? Onlar hamısı qadınlar idi, kişilər yox”, – deyə cavab verib.
Təqsirləndirilən şəxs F. Qarayev bildirib ki, onun həyat yoldaşını yoldan çıxarıblar: “Mənim həyat yoldaşımı xalası qızı yoldan çıxarıb feministlərə qoşub. Yoldaşım feministlər qoşulandan məni saymırdı, qətlin səbəbi də budur”.
Zərərçəkmişin qonşusu Əli Həmidov da şahid qismində dindirilib. Şahidin sözlərinə görə, Füzuli həyat yoldaşını qətlə yetirən sonra onlara gəlib, daha sonra polisə məlumat verib.
Ə.Həmidov, həmçinin ifadəsində təqsirləndirilən şəxsin yaxşı qonşu olduğunu, ailəsində problemlər yaşanmasından xəbərsiz olduğunu deyib.
Qeyd edək ki, ötən il avqustun 3-də Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində 1997-ci il təvəllüdlü Sevinc Məhərrəmovanın əri tərəfindən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Xəzər Rayon Prokurorluğunun aparılan ilkin araşdırmalarla müəyyən edilib ki, 1979-cu il təvəllüdlü Füzuli Qarayev arvadının aralarında yaranan mübahisədən sonra küsüb sığındığı qonşusu Röyal Hüseynovun evində olmasını bilib oraya gələrkən küçədə Röyal Hüseynovu və sonuncunun yanında fəhlə işləyən Ramil Bəşirovu bıçaqlayıb, daha sonra evə daxil olaraq arvadı Sevinc Məhərrəmovaya çoxsaylı bıçaq xəsarətləri yetirərək onu öldürüb.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 126.1 (qəsdən bədənə ağır xəsarət yetirmə)maddələri ilə cinayət işi başlanılıb.
Follow @7timesaz