“Bu adamları ələmək, nəzarətdə saxlamaq lazımdır. Efirləri dəlixanaya çeviriblər. Hər şeyə nəzarət olunmalıdır. Ağızlarına gələni oxuyurlar, ağızlarına gələn mahnını yazırlar. O vaxt Bədii Şuşa deyilən bir qurum var idi və bunlara nəzarət edirdi. İndi baxırsan ki, baldırı, sinəsi açıq qadınlar hamısı müğənnilik edir. O Bədii Şura son zamanlar bizim televiziyalarda da yarandı, amma o televiziya rəhbərlərinə sərf etmədi. Çünki televiziya rəhbərləri eybəcər reklamlar edib, pul qazanırlar”
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib. Şeyx Əbdül bu sahənin nəzarətsiz qalmasının yolverilməz olduğunu bildirib:
“İndi kimin ailə vəziyyəti ağırdır, iş tapa bilmir müğənnilik edir. Ən dəhşətlisi odur ki, millətimiz bunlara pul verib toylarına çağırır və səs-küydən toyda da oturmaq olmur. Bu sahəyə ciddi nəzarət olunmalıdır, biabırçılıqdır. Geyimlərinə də, danışıqlarına da fikir verilməlidir. Savadları, səviyyələri olmayan aparıcı qızlar ağızlarına gələni danışırlar. Nəzarət, irad bildirən yox. Televiziyalar reklamdan pul qazanırlar və efirə də dəvət etdikləri adama pul verməlidirlər, insanlar bununla yaşamalıdır.
Bu gün kütləvi sürətdə səsi, musiqi təhsili olmayanlar hamısı müğənnilik edirlər. İndi Azərbaycanda bəzi qeyrəti olmayanlar, hansısa bacanağının hesabına özünə bir biznes strukturu qurub və xoşuna gələn sinəsi açıq qızları ora yığıb efirə çıxarır. Televiziyalar da pul xatirinə onları efirlərdə təbliğ edir. Ümumiyyətlə, Bakı şəhəri daranmalıdır, anasından, atasından qaçan hər kəs Bakıdadır. Şəhərin küçələrinə çıxmaq olmur, dilənçilər bir tərəfdən, əxlaqsızlıq digər tərəfdən adamı narahat edir. Kafeyə, restorana gedirsən rüsvayçılıq baş alıb gedir.
Kimlərsə şəxsi maraqları, qazancları naminə ölkədə əxlaqsızlığı təbliğ edirlər. İnsanların əxlaqını, mənəviyyatını məhv edirlər. Özbaşınalıq baş alıb gedir”.
Follow @7timesaz