Xəbər verdiyimiz kimi, Gəncədə yeniyetmə qızın 62 yaşlı qonşusu tərəfindən hamilə qaldığı iddia olunur.
Yenisabah.az “Space” TV-yə istinadən xəbər verir ki, hadisə şəhərin Məktəb küçəsi 23 ünvanında qeydə alınıb.
İlkin məlumata görə, 17 yaşlı G.İ. qonşuluqda yaşayan Rəşid Gözəlovun cinsi təcavüzü nəticəsində hamilə qalıb.
Cinsi təcavüzə məruz qaldığı iddia olunan qızın bacısı Fatimənin sözlərinə görə, Rəşid onun bacısını izləyib və evdə tək olmasından istifadə edib:
“Avqust ayında mən göz həkiminə gedəndə bacım evdə tək qalıb. Su doldurmağa çıxanda qoca kişi onu izləyib, sonra həyətə daxil olub. Üzünə şillə vurub, saçını yolub, qolundan tutub evimizə aparıb, zorakılıq edib. Saçını yolub ki, heç kəsə deməsin. Səni öldürəcəm, asacam, kəsəcəm”.
Ailə qızın hamilə olmasını yanvar ayında öyrənib.
Belə ki, səhhətində dəyişiklik hiss edilən G.İ. xəstəxanaya aparılıb. Müayinə edilərkən məlum olub ki, o, hamilədir.
İttiham olunan Rəşid adlı şəxs mütəmadi olaraq sözügedən evə gəlib. Faktı qonşular da təsdiq edir.
Ailənin tək istəyi Rəşid Gözəlov adlı şəxsin məsuliyyətə cəlb edilməsi və qızın bətnində olan körpənin götürülməsidir.
“Uşağının götürülməsini istəyirəm, çox xahiş edirəm, tezliklə bu iş olsun. Uşağım yata bilmir, dura bilmir. Səhərə qədər başı ağrıyır, yıxılır yerə. Deyir, ana, bu nədir, mənim başıma gəlib. Hələ bilmir ki, bu nədir qarnında. Deyir ki, ana, niyə qarnım şişdir?”, – deyə qızın anası bildirib.
Rəşid Gözəlov deyilənlərin şər və böhtan olduğunu bildirib: “Onlar da, mən də məhkəməyə çıxacağıq”.
Qeyd edək ki, Gəncə şəhər Prokurorluğunun məlumatına görə, cinayət işi üzrə 17 yaşlı yeniyetməni hamilə buraxmaqda şübhəli bilinən 62 yaşlı Rəşid Gözəlov axşam saatlarında hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.