Baltikyanı ölkələrdə kriminal dünyanın əfasənəsi sayılan Gennadi Valyaginin (Dlinnıy) qətli ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Qaynarinfo xatırladır ki, Valyagin bu il martın 11-də Riqada qətlə yetirilib. Həmin gün saat 14.43-də akademik Keldışa küçəsində Gennadi Valyagin idarə etdiyi “Toyota Land Cruiser” markalı avtomobili park etmək istəyərkən qarşısını gümüşü rəngli, markası və dövlət nömrə nişanı bəlli olmayan xarici maşın kəsib. Həmin maşından nəqliyyat işçilərinin uniformasında olan bir nəfər düşərək sükan arxasındakı Valyaginə atəş açıb. Kriminal avtoritet avtomobilindən yerə yıxılıb. Killer nəzarət atəşi açaraq əlbir olduğu şəxslərlə aradan çıxıb.
Az sonra Riqa polisi tamamilə yanmış “Crysler Vojager” markalı avtomobil aşkar edib. Müəyyən olunub ki, hadisəni törədənlər bu avtomobildə hərəkət edib. Bir müddət sonra dəstə yaxalanıb. Onlar ələ keçərkən üzərlərindən çoxlu sayda silah-sursat aşkar edilib. Həmçinin bəlli olub ki, dəstənin sərəncamında 4 avtomobil olub. İstintaqın ehtimalına görə, dəstə Valyagini oğurlamaq istəyib. Bu plan baş tutmadığına görə onun öldürülməsi qərara alınıb.
Gennadi Valyaginin adı 90-cı illərdən Baltikyanı ölkələrdə dillər əzbəri olub. O, kifayət qədər nüfuz sahibi olan, çoxlarının qorxduğu kriminalitet idi.
2018-ci ildən etibarən onun kriminal dünyada problemləri başlayıb. Valyagin “obşak”a məxsus 1.5 milyon dolları qaranlıq məqsədlərə xərcləməkdə ittiham edilib. Həmin vaxt Latviyada yeganə “oğru” titulu daşıyan Zurab Şamugiya (Adu Zuqdidski) pulların geri qaytarılmasını tələb etsə də, Valyagin buna əhəmiyyət verməyib. Bu olaydan sonra Valyagin kriminal dünyadakı nüfuzunu demək olar ki, itirib. Lakin hansısa səbəbdən onun cəzalandırılması barədə düşünülməyib. Kriminal dünyanın tanınmış simaları sadəcə ondan yan gəzməyi məqsəduyğun sayıb.
Valyagin isə bu tip əməllərini davam etdirib. Növbəti dəfə o, “oğru” Vayçeslav Şestakovun (Sliva) himayəsi altında olan bir nəfərin 2 milyon dollarını ələ keçirib. Lakin Valyagin bu olayın da altından çıxa bilib. Bu işdə ona dostu olan “oğru” Sergey Aksenov (Aksen İzmayolvski) yardım edib.
Aksenovun dəstəyi nəticəsində Valyagin itmiş nüfuzunu da bərpa edə bilib və “yeni həyat”a başlayıb. Sifarişli qətllərin icrası ilə məşğul olan Valyagin bu dəfə özünü narkobiznesdə sınamaq istəyib. Lakin bu biznesin qaydalarına əməl etməyi unudub. O, rus-türk narkomafiyasına məxsus 1 ton kokaini mənimsəyib. Bu azmış kimi həmin qruplaşmanı 2 milyon dollar borca salıb.
İstintaq hesab edir ki, Valyaginin qətlinin kökündə məhz bu məsələlər dayanır. Lakin onun qətlinə fərmanın narkomafiya, yoxsa “oğru”lar tərəfindən verildiyi hələ bəlli deyil.
Follow @7timesaz