Arvadını bıçaqlayaraq öldürməyə cəhd edən dörd uşaq atasının məhkəməsi keçirilib.
“Kriminalqafqaz”ın məlumatına görə, hadisə ötən ilin iyulunda, səhər saatlarında Bakı şəhərində baş verib. Belə ki, əvvəllər də məhkumluq həyatı yaşamış İlham Hüseynov (ad və soyad şərtidir) həyat yoldaşı Günay Hüseynovanın (ad və soyad şərtidir) kirayə yaşadığı evə gələrək ona yatdığı yerdə bıçaq zərbələri endirərək öldürməyə cəhd göstərib. Günay Hüseynova yuxudan ayılaraq ona mane olmağa çalışıb. Arvadının yerə yıxıldığını görən İlham onun öldüyünü düşünüb və hadisə yerindən qaçıb.
Azadlığa çıxandan sonra Günay mənə dedi ki, Murad Seyidov (ad və soyad şərtidir) adlı şəxslə münasibəti var və onunla birlikdə yaşayır. Mən də öyrəndim ki, bu şəxs narkotik istifadəçisidir. Buna görə də Günaya dedim ki, uşaqlarımızı da götürüb gəlsin. Mərdəkanda kirayə ev tutdum, yenidən birlikdə yaşamağa başladıq. Üç ay yaşayandan sonra yenə Günay çıxıb getdi. Dəfələrlə ona evimizə qayıtmasını desəm də, o gəlmədi. Daha sonra eşitdim ki, Murad narkotik vasitələrin təsirindən dünyasını dəyişib. Bundan sonra mən yenə Günaydan xahiş etdim ki, artıq birlikdə yaşayaq. İyulun 8-də Günayın kirayə yaşadığı evə gələndə o məni qovmağa cəhd etdi. Buna əsəbiləşdiyim üçün evdən götürdüyüm bıçaqla ona zərbələr endirdim. Onu öldürmək məqsədilə vurmamışam. Əməlimdən də peşman deyiləm”.
Günay Hüseynova ifadəsində bildirib ki, İlhamla 1995-ci ildən birlikdə yaşayıb: “2007-ci ildə həbs olunduqdan sonra mən dörd uşaqla qaldım. 2010-cu ildə Muradla yaşamağa başladım. Baxmayaraq ki, öz uşaqları deyildi, o, övladlarıma da baxırdı. 2017-ci ildə İlham həbsdən çıxandan sonra barışmaq və birlikdə yaşamağımızı istədi. Bir müddət onunla yaşasam da, mənə qarşı kobudluq etdiyi üçün yenidən Muradın yanına qayıtdım. Murad narkotik istifadə etsə də, mənimlə mehriban davranırdı. 2020-ci ildə Murad baş verən yanğında öldü. Həmin vaxtlarda İlham dəfələrlə qarşıma bıçaqla çıxaraq evə qayıdıb onunla birlikdə yaşamayacağım təqdirdə öldürəcəyi ilə hədələyirdi.
Hadisə baş verən gün yaşadığım evə gələrək bıçaqla sinəmdən vurmaq istədi. Özümü qorumaq üçün qolumu qabağa verdim. Zərbələr qoluma dəydi. Daha sonra qarın hissəmə bıçaqla vurdu. Yerə yıxıldığımı görüb elə bildi ki, ölmüşəm. Qaçıb getdi. Evdə kiçik oğlum da var idi. O, səsə oyanaraq qonşulara xəbər verdi, məni təcili yardım maşınıyla xəstəxanaya apardılar. İlhamla barışmamışam. İstəyirəm ki, cəzasını çəksin”.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlham Hüseynov 14 il müddətinə azadlıqdan məhrum edilib.