Baş Dövlət Yol Polisi İdarəsi bu ilin ilk 3 ayı ərzində baş verən qəzaların statistikasını açıqlayıb.
İdarədən Lent.az-a verilən xəbərə görə. 2022-ci ilin 3 ayı ərzində respublika ərazisində ölüm və xəsarətlə nəticələnən 403 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 183 nəfər həlak olub, 373 nəfər isə xəsarət alıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə hadisələrin sayı 27 (+7,2 faiz) fakt, ölənlərin sayı 58 (+46,4 faiz), yaralananların sayı isə 3 (+0,8 faiz) nəfər artıb.
Aparılan təhlillər göstərir ki, 392 (97,3 faiz) yol-nəqliyyat hadisəsi məhz sürücülər tərəfindən (piyadalar tərəfindən 9 / 2,2 faiz) yol hərəkəti qaydalarının pozulması nəticəsində baş verib. Bu qayda pozuntularının 40,3 faizi, başqa sözlə 158-i sürücülər tərəfindən nəqliyyat vasitələrinin yüksək sürətlə idarə edilməsi, 33,4 faizi isə, yəni 131-i qarşıdan gələn nəqliyyatın hərəkət zolağına çıxma və ötmə qaydalarının pozulması olub.
Yol-nəqliyyat hadisələrinin növləri içərisində piyadanı vurma (187 / 46,4 faiz – 81 nəfər həlak olub, 121 nəfər xəsarət alıb) və toqquşma (129 / 32,0 faiz – 64 nəfər həlak olub, 150 nəfər xəsarət alıb) halları yenə də üstünlük təşkil edib.
Yol qəzalarında həlak olan 183 nəfərdən (yaşı 16-dək olan 9 nəfər, qadınlar 44 nəfər) 83-ü piyada, 46-ı sürücü, 53-ü sərnişin, 1-i isə digər hərəkət iştirakçısı olub.
Follow @7timesaz