Müğənni Mətanət Əsədovanın Mədəniyyət Nazirliyinə ünvanladığı ittihamlar cavabsız qalmayıb.
Məsələ ilə bağlı nazirlikdən Lent.az-a açıqlama verilib.
Açıqlamada deyilir:
“Azərbaycan Respublikası Prezidentinin 14 may 1999-cu il tarixli 130 nömrəli fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasının fəxri adları haqqında Əsasnaməsinə əsasən mədəniyyətimizin inkişafında xidmətləri olan incəsənət xadimlərinə fəxri adlar yaş həddinə, yaxud uzunillik fəaliyyətə görə deyil, milli mədəniyyətimiz qarşısında müstəsna xidmətlərinə, çalışdığı sahənin inkişafında əldə etdiyi uğurlara görə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı əsasında verilir”.
***
15:36
Müğənni Mətanət Əsədova Mədəniyyət Nazirliyini sərt tənqid edib.
Lent.az-ın canlı yayımında qonaq olan ifaçı bildirib ki, Mədəniyyət Nazirliyi onun fəaliyyətini düzgün qiymətləndirmir:
“Nə sənətimdə, nə də şəxsi həyatımda uğur olmayıb. Düz 34 ildir ki, sənətdəyəm. Neçə dənə Mədəniyyət Naziri dəyişilib? Onlar hara baxır? Mən Mədəniyyət Nazirliyini tanımalı deyiləm. Onun nəznində olan müğənniyəm. O məni tanımalıdır. O özü çox gözəl görür. Guya görmür? Bir dənə zəif ifamı göstərsin.
Konserti nəylə verim? Mədəniyyət Nazirliyindən bir nəfər gəlib mənə demədi ki, konsertini təşkil edirəm, bir tək oxumaq sənlikdi. Mənim maddi gücüm çatmır ki, konsert verim. Mənim pulum yoxdur. Bilirsiz saraylar konsert üçün nə qədər pul istəyir? Bunu hamı bilir. Konsert salonları ödənişlidir. Səsim, səhnə yaraşığım, zövqüm var. Mən dövlət konsertlərin heç birində yoxam. Niyə? Kimdi məndən üstün oxuyan? 80 yaşımda dövlət konsertlərində oxuyacam? Neçə gözəl sənətkar kənarda qalmışıq. Nazirliyin bizdən xəbəri var ? Mən indi əməkdar, xalq,”Şöhrət” yox, “İstiqlal” ordeni almalı idim. Mənim yaşım və səhnə təcrübəm də ona əsas verir.
Durub bundan ötrü ölkə rəhbərliyinə məktub yazım? Sizi bu vəzifəyə qoyublar ki, işləyəsiniz, insanlarla maraqlanasınız”.