Ölkə

Qısqanc ər arvadını döydü: “O, başqası ilə evlənəcəyini dedi”

Qısqanc ər arvadını döydü: “O, başqası ilə evlənəcəyini dedi”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Abşeron Rayon Məhkəməsində arvadını döyməkdə təqsirləndirilən Vidadi Məmmədovun (ad və soy adı şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Şövkət Nəcəfovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmdə göstərilib ki, Vidadi Məmmədov Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib və ona 1 il müddətinə qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla islah işləri cəzası təyin olunub.

Bundan başqa, Vidadi Məmmədovun cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablanıb.

Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə olunub.

Qeyd edək ki, döyülmə hadisəsi 21.01.2022-ci il tarixdə saat 22 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsində qeydə alınıb. Vidadi Məmmədov həmin gün yaşadığı evdə olan zaman zərərçəkmiş, keçmiş həyat yoldaşı Sona Quliyevanı (ad, soy adı şərti) qısqanclıq zəminində döyərək ona xəsarət yetirib.

Belə ki, əvvəl həmin şəxslərin arasında qısqanclıq və ailə münasibətləri zəminində mübahisə yaranıb. Mübahizə zamanı o, qadının başına yumruqla vurub. Daha sonra isə Vidadi Sonanın başını qüvvətli zərbə ilə qapının tininə çırpıb.

Cinayət materallarında qeyd edilib ki, Vidadi Məmmədov qadına baş alın nahiyyəsinin əzilmiş-cırılmış yarası və dərialtı hematoması, bel nahiyəsinin qançırından ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti yetirib.

Sona Quliyeva hadisə barədə keçmiş ərindən polisə şikayət edib. Vidadi Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi başlanılıb.

Kişi keçmiş arvadını nəyə görə döyüb?

Məhkəmə baxışında təqsirləndirilən Vidadi Məmmədov ona irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərib ki, o, zərərçəkmiş şəxs ilə 13 il ərzində evli olub, lakin 2020-ci ildə onlar boşanıblar. Buna baxmayaraq sonradan barışaraq Hökməli qəsəbəsində yerləşən evlərində birlikdə yaşamağa davam ediblər.

Vidadi Məmmədov dindirilən zaman deyib ki, Sona onun sözünə baxmadığından və onunla kobud danışdığından aralarında bəzən mübahisələr yaranıb:

“Hadisə günü yaşadığımız evdə olan zaman Sonanın telefonuna zəng gəldi. Mən də zəng edən şəxsin kim olduğunu soruşdum. Sona isə cavabında məni söyüb təhqir etdi. O, başqa bir kişi evlənəcəyini bildirdi. Mən də onun dediklərinə əsəbləşdim. Bu zaman əvvəl yumruqla Sonanın başına zərbə endirdim. Sonra davamında isə onun başını qapının tininə möhkəm çırpdım. Həmin vaxt Sona alın nahiyəsindən xəsarət almışdı və mən də evdən çıxıb getdim”.

O, əlavə olaraq bu hadisənin yaşadıqları evdə 2-3 dəqiqə ərzində baş verdiyini və həmin vaxt orada başqa şəxslərin olmadığını da söyləyib.

Sonda Vidadi Məmmədov məhkəmədən əməlini səmimi etiraf etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini nəzərə alıb ona yüngül cəza verilməsini xahiş edib.

“Mənim başıma yumruq vurub, qapının tininə möhkəm çırpdı”

İş üzrə zərərçəkmiş şəxs qismində dindirilən Sona Quliyeva da bildirib ki, barəsində şikayət etdiyi təqsirləndirilən şəxs ilə 13 il ailəli olub, lakin 2020-ci ildə boşanıblar. Sonradan isə o, Vidadi Məmmədovla yenidən barışmış və onlar birgə yaşamağa başlamışdılar.

Qadının dediyinə görə, Vidadi spirtli içki aludəçisi olduğundan yenə də evdə əsassız mübahisələr yaratmağa davam edib:

“Keçmiş ərimin məni döydüyü gün evdə idik. Telefonuma zəng gəldi. Vidadi telefonu əlimdən alaraq kimin zəng etdiyini soruşdu. Bu səbəbdən bizim aramızda mübahisə yarandı. Mübahisə zamanı Vidadi yumruqla mənim başıma vurdu, saçımdan yapışaraq yerə yıxdı. Daha sonra isə o, başımı qapının tininə möhkəm çırpdı. Eləcə də sifətimi cırmaqladı. Həmin vaxt mən Vidadinin əlindən çıxaraq DİN-in “102” xidməti-zəng mərkəzinə baş vermiş hadisə barədə məlumat verdim. Bunu görən Vidadi isə evdən çıxıb getdi”.

Sonda o, təqsirləndirilən şəxsin hərəkətindən şikayətçi olduğunu, onun cəzalandırılmasını xahiş edib.