“Biz bu tərbiyəni Ulu Öndərdən almışıq. Kim Ulu Öndəri dərk edib sevə bilirdisə, ordan özünə bir pay götürürdü. Onunla bağlı çox şeylərin şahidi olmuşduq. 25-26 il öncə müsahibələrimin birində demişdim ki, Heydər Əliyev sanki göylərdən gələn bir şəxsiyyətdir. Onun baxışları adi deyildi və onu duya bilən, insanlığa qiymət verən insanlar bilərdi ki, o kimdir”.
Bunu Moderator.az-a açıqlamasında Əməkdar artist Firuzə İbadova deyib. O, Ulu Öndər Heydər Əliyev haqqında xatirələrini bizimlə bölüşüb:
“Bəziləri deyirdi ki, get-get sənə nəsə verəcəklər. Amma elə deyil. Ulu Öndəri ideologiyasına görə, valideynlərə, körpələrə qarşı olan diqqətinə görə sevmişik. Bu sonsuzdur. Rəşid Behbudov Ulu Öndərimizə zəng vurub daxildə və xaricdə olan musiqi sahəsindəki işlərdən danışırd. Heydər Əliyevin sənət adamlarıyla olan kadrlarını dərindən araşdırmaq lazımdır. O, qeyri-adi bir şəxsiyyət, fenomen idi. Əfsanəvi siyasətçi, bütün dünyaya meydan oxuyan insan idi.
Mənim şəxsi məsələlərimlə bağlı heç bir köməklik olmasa da, digərləri kimi nə Xalq artisti fəxri adı, nə də “Şöhrət” ordeni istəmirəm. Mənim şöhrətim o dahi insanlarla görüşlər, konsertlər idi. Dünən Gürcüstandan qayıtmışam. Biz Azərbaycan Dövlət Mədəniyyət Gimnaziyasıyla Gürcüstanda olduq. Mirzə Fətəli Axundovun əsərləriylə bağlı, həm də “Şuşa ili” münasibətilə səfərimiz təşkil olunmuşdu. Bunları deməkdə məqsədim odur ki, mən öz sənətimi sevirəm və tərbiyəni Ulu Öndər kimi şəxsiyyətlərimizdən öyrənmişik. Biz o tərbiyəylə böyüdük.
Mən sadəcə olaraq bir mənzil məsələmə görə müraciət etdim. Çünki tələbələrimlə dərs keçmək üçün ev şəraitim buna imkan vermir. Digərləri kimi 3-4 ev alıb ağlamıram ki. Hamısına olsun, amma doğrudan da əsl Azərbaycan sənətçisi necə olmalıdır elə olanlarımız çox azdır. Yəni bu mal-mülk dalıyca qaçanlarımız, yeyənlərimiz çoxdur, amma işləyənlərimiz azdır. Mən Ulu Öndəri vəsf etdiyim kimi kaş o “Şöhrət” ordeni alanlar da vəsf edib, onu tanıyaydı. Onları onu tanımadı və heç ünsiyyətdə də olmadılar.
Mən doğrudan da fəxr edirəm ki, Ulu Öndərin yaratdığı Azərbaycanda yaşayıram. Heydər Əliyev rəhmətə getdi və sadəcə bu dünyadan ayrıldı. Amma onun ruhu yaşayır, bizi görür. Bu işləri Prezidentimiz İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva davam etdirir.
Mən Gürcüstanı da, ordakı yaşayışı da, küçələrindəki vəziyyətlə də tanış oldum. Onda dedim ki, Azərbaycan, var olsun səni qurub, yaradanlar. Allah Ulu Öndərimizə rəhmət eləsin. Yaşasın dəmir yumruqlu İlham Əliyev və Mehriban Əliyeva. Bu insanlar Azərbaycanda nə qədər dönüş yaradıblar. Azərbaycanımız gözəldir. Kaş bizim insanlarımız dərk edəydi ki, biz hansı ölkədə yaşayırıq. Allah Ulu Öndərimizə rəhmət eləsin!”.
Follow @7timesaz