Finlandiya rəsmiləri Rusiyanın Kalininqrad ərazisi və Finlandiyanın Rusiya ilə şərq sərhədi yaxınlığında uçan təyyarələrin “GPS” siqnallarına müdaxilə etdiyini bildiriblər…
Rusiya Ukraynada “GPS” siqnallarının ötürülməsini maneə törətmək üçün Yer orbitindəki peyklərə hücum edir.
7Times.az xəbər verir ki, “The Times” nəşrinin yazdığına görə, bu barədə mayın 11-də ABŞ Kosmik Komandanlığının rəhbəri general Ceyms Dikinson danışıb.
Dikinson deyir ki, “GPS” sisteminə hücumlar artıq “insanların və dünya ölkələrinin gündəlik həyatının bir hissəsinə çevrilib”.
Ukrayna hərbi mənbələri jurnalistlərə bildiriblər ki, Rusiya genişmiqyaslı müharibəyə başlayandan bəri ölkə ərazisində müxtəlif radio-maneə sistemləri yerləşdirib və onlar ilkin olaraq Çerniqov ətrafındakı rabitə kommunikasiyalarına müdaxilə ediblər.
Vaşinqtonda yerləşən Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin hazırladığı hesabata görə, Rusiya qoşunları işğaldan əvvəl qoşunların cəmləşdiyi ərazilərə radio-maneələr yaratma avadanlığı daşıyıb. Hesabatda deyilir ki, Rusiya qüvvələri “Ukraynada münaqişənin kəskinləşməsi zamanı “GPS”lərin susdurulması və digər elektron hücum formalarından fəal şəkildə istifadə edib”.
Sənəddə həmçinin qeyd edilir ki, “GPS” tıxanması Rusiyanın arsenalında adi alətə çevrilib, Rusiya ordusu 2014-cü ildən bəri Ukraynada tez-tez “GPS” siqnallarını tıxayır.
“The Times” yazır ki, “GPS” susdurulması yalnız Ukrayna ilə məhdudlaşmır. Mart ayında Finlandiya rəsmiləri Rusiyanın Kalininqrad ərazisi və Finlandiyanın Rusiya ilə şərq sərhədi yaxınlığında uçan təyyarələrin “GPS” siqnallarına müdaxilə etdiyini bildiriblər. Müdaxilə Finlandiya prezidenti Sauli Niynistenin NATO-ya üzvlüyü müzakirə etmək üçün Vaşinqtonda ABŞ prezidenti Co Baydenlə görüşündən az sonra başlayıb.
General Dikinsonun fikrincə, Rusiya və Çin peyklərə qarşı aktiv silah sınaqları keçirdiklərinə görə ABŞ və kosmosdakı müttəfiqlərinin təhlükəsizliyinə ən böyük təhlükə yaradırlar. Həmçinin Rusiya və Çin orbitə həm mülki məqsədlər üçün, həm də hərbi kəşfiyyat üçün istifadə edilə bilən ikili təyinatlı peyklər çıxarırlar.
Follow @7timesaz