Sumqayıtda evli olan məktəb müəlliməsini intim görüntüləri ilə şantaj etməkdə təqsirləndirilən Rauf Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Rauf Vəliyevin məktəb vaxtı sevdiyi qızı nəyə görə şantaj etməsi ictimaiyyətə maraqlıdır.
7Times.az xəbər verir ki, Lent.az həmin cinayət işi üzrə materialları əldə edib və bütün təfərrüatı yayımlayır.
İttihama görə, Rauf Vəliyev tamah niyyəti ilə Sumqayıt məktəblərinin birində müəllimə işləyən Ayseli (ad şərtidir) intim şəkilləri ilə şantaj edərək görüntüləri ərinə göstərmək hədəsi ilə 50 min manat tələb edib. Ayselin atası Həşim (ad şərtidir) məsələdən xəbərdar olaraq Raufla görüşüb. Tərəflər arasında söhbətdən sonra Həşim 50 min manatı Rauf Vəliyevə verib.
Bir müddətdən sonra Rauf Vəliyev yenidən Aysel və Həşimdən 50 min manat tələb edib. Lakin Həşim həmin pulu verə bilməyəcəyini bildirib. Sonda zərərçəkən Aysel və atası Həşimin şikayəti əsasında Rauf Vəliyev saxlanılıb.
Ona Cinayət Məcəlləsinin 182-ci (hədə qorxu ilə pul tələb etmə) maddəsi ilə ittiham verilib.
Rauf Vəliyev ittiham üzrə özünü təqsirli bilib.
O, ifadəsində deyib ki, Ayseli məktəbdə oxuyandan tanıyır:
“O məndən bir sinif yuxarı oxuyurdu. Onunla sevgi münasibətimiz olub. Universitetdə oxuyanda da Aysellə sevgili kimi olmuşuq. Həmin ərəfələrdə avtoxuliqanlıq etdiyim üçün iki günlük tutulmuşdum, lakin cinayət məsuliyyətinə cəlb olunmamışdım. Sonradan Aysel və ailəsi bunu öyrənmişdi. Mənim Aysellə münasibətim ciddi idi, evlənmək istəyirdim. Lakin onların ailəsi buna razılıq vermədi və biz ayrıldıq. Bir müddət sonra Aysel başqa bir adamla ailə həyatı qurdu”.
Rauf Vəliyev deyib ki, 2019-cu ilin əvvəllərində “Odnoklasniki” və ya “instaqram” sosial şəbəkəsində Ayselin onun şəbəkə hesabına girib baxdığını görüb:
“Bundan sonra Ayselə mesaj yazdım, o da cavab verməyə başladı. Təxminən 4-5 ay ancaq danışdıq. Daha sonra oteldə görüşərək cinsi münasibətdə olduq. Bundan sonra həftədə bir gün Xırdalan tərəfdə yerləşən otellərdə görüşüb intim münasibətdə olurduq. Xahişimlə Aysel bütün bədəninin və qurşaq hissədən yuxarı paltarsız şəkillərini də “instaqram” vasitəsi ilə mənə göndərirdi. Ona baxdıqdan sonra sildiyimi desəm də şəkillər mən də qalmışdı. 2020-ci ildə pandemiya düşdüyündən işlərim zəifləmişdi. Aysellə də görüşə bilmirdim. Pulsuz qalmışdım, qərar verdim ki, Aysel və atasından pul alım. Ayselin atası Həşimdən qisas almaq istəyirdim, çünki vaxtilə məni qızına layiq görməmişdi. Ayselə dedim ki, görüntülərini ərinə göstərəcəm, atana de ki, mənimlə görüşsün. Həşim bir neçə gün sonra mənə zəng elədi. Onunla Novxanı istiqamətində yerləşən restoranların birində görüşdük. Mən ona yalandan kriminal aləmlə sıx əlaqələrimdən danışdım və qızı Ayselin intim şəkillərinin, mesajlarının olduğunu dedim. Həşimdən bu işlərin həlli üçün 50 min manat pul istədim. O, mənə bu qədər pulunun olmadığını bildirdi. Mən Həşimin Xırdalanda evinin olduğunu bilirdim. Dedim ki, get evini sat, gətir mənə, qızını o vaxt mənə verməmisən, mən əziyyət çəkmişəm, sən də indi əziyyət çək. Ona 15 gün vaxt verdim. Həmin ərəfədə Aysel “instagram” hesabını sildi. “Dinc durmadım, onun “vatsap”ına şəkillərini göndərdim. Yazdım ki, “elə bilirsən, hesabı silməklə iş bitir, hər şeyi özümdə saxlamışam”. Bundan sonra Ayselgil qorxdular. 2020-ci ilin oktyabr ayının 15-də Həşim zəng edərək bildirdi ki, pul hazırdır. Həmin gün Novxanıda restoranda görüşüb pulu aldım. Materialları məhv edəcəyimə və bir daha onları narahat etməyəcəyimə söz verdim. Pulu şəxsi ehtiyaclarıma xərclədim”.
Təqsirləndirilən şəxs bildirib ki, 2021-ci ildə pula ehtiyacı yarandığından yenidən Aysel və Həşimi şantaj etmək fikrini düşüb:
“Dostum Rüfətlə birlikdə Həşimə zəng elədik. Rüfətə yalandan dedim ki, Həşimin mənə borcu var. Həşimi restorana dəvət etdik. Görüş zamanı dedik ki, yenidən 50 min manat pul verməlidir, yoxsa qızı Ayselə aid məlumatları və materialları yayacağıq. Həşim mənə söz verdiyimi xatırlatdı. Lakin yenə sözümdən dönməyib pul tələb etməyə davam etdim. Həşim pullarının olmadığını dedi və getdi. Təxminən bir gün sonra yenidən Həşimə dedim ki, 50 mini yoxdursa, heç olmasa, 10-15 min manat versin, məsələni həll edim. Lakin sabahı gün polis əməkdaşları tərəfindən saxlanıldım. Əməlimdən peşmanam. Gərək belə olmayardı”.
Məhkəmədə danışan Aysel deyib ki, Raufla eyni məktəbdə oxuyublar:
“Məndən bir sinif aşağı oxuyurdu. Məktəbi bitirdikdən sonra universitet dövründə də onunla sevgi münasibətlərim olub, ailə həyatı qurmaq istəyirdik. Təxminən 2002-ci ilin yay aylarında Rauf avtomobildən oğurluq etdiyinə və polisə müqavimət göstərdiyinə görə tutulmuşdu. Raufun avaraçılığa meylli həyat tərzi sürməsi səbəbindən ondan ayrılmaq qərarına gəldim, sonuncu görüşdə valideynlərimin onunla ailə qurmağıma razı olmadığını bildirdim. Rauf da əsəbiləşib dedi ki, bir neçə il sonra qarşına çıxıb bunların əvəzin məndən çıxacaq. 2019-cu ilin əvvəllərində “İnstagram”da Rauf mənə yazdı, mən də ona cavab yazdım. Biz bundan sonra mütəmadi danışmağa başladıq. 4-5 ay danışdıqdan sonra görüşmək qərarına gəldik. Ərimdən xəbərsiz, 2019-cu ilin yaz aylarında Raufla ilk görüşdə otelə gedib intim münasibətdə olduq. Raufun təkidli xahişlərindən sonra bədənimin və qurşaq hissədən yuxarı paltarsız şəkillərimi də “instagram”la ona göndərdim. Lakin şəkilləri göndərəndən və Rauf baxandan sonra silirdi ki, şəbəkənin yaddaşında qalmasın. Rauf da şəkilləri sildiyini demişdi. 2020-ci ilin sentyabr ayının sonunda Rauf dedi ki, gəl sonuncu dəfə görüşək. İşlədiyim məktəbin yanına gəldi. Maşınına mindim, bu zaman Rauf dedi ki, gedib atama və anama aramızda olan münasibəti deyim. Səbəbini soruşdum, dedi ki, görüntülərimi yayacaq. Buna etiraz edəndə Rauf mənə daha artıq hədə-qorxu gəlməyə başladı. Raufun bu sözləri ciddi tərzdə dediyini anladım. Məcbur qalıb atama məsələni danışdım. Atam gedib Raufla görüşdü. Rauf atama mənim barəmdə çoxlu rüsvayedici şəkillərin və videoların olduğunu, həmçinin, keçmişdəki söhbətlərə görə əvəz çıxdığını, həmçinin 50.000 manat pul verilməsə, bütün baş verənləri və materialları yayacağı ilə hədə-qorxu gəldi. Atam bunları mənə deyən kimi, “instagram” hesabımı sildim. Rauf oktyabr ayının 15-dək atama vaxt qoymuşdu. Rauf həmin intim şəkillərimi “vatsap”la mənə göndərdi. Yenidən mənə hədə-qorxu gəlməyə başladı. Atam məcbur olub Xırdalan şəhərində yerləşən yeni tikilmiş binada iki otağa düzəlmiş təmirli evi 50 min manata satıb, Raufa verdi”.
Zərərçəkən qadın qeyd edib ki, bundan sonra həqiqətən də Rauf bir müddət onları narahat etməyib:
“2021-ci il fevralın 27-də Raufdan mənə yenidən mesaj gəldi. Rauf yazmışdı ki, “məni necə tanıyırsan?!”. Mən məsələni anama deyəndə, dedi ki, Rauf yenə atandan 50 min manat tələb edir. Rauf mənə və atama ardı kəsilmədən zənglər etməyə başladı. Artıq çıxılmaz vəziyyətdə qalmışdıq. Məcbur olub polisə məlumat verdik”.
Məhkəmədə dindirilən digər zərərçəkən Həşim də analoji ifadə verib.
O, Rauf Vəliyev tərəfindən qızının hədələndiyini bildirib. Həşim məcbur qalaraq Xırdalandakı mənzilini 50 min manata sataraq təqsirləndirilən şəxsə verdiyini qeyd edib. O, Rauf Vəliyevin bir müddət sonra yenidən hədə-qorxu gəldiyindən bu barədə polisə məlumat verdiyini deyib.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rauf Vəliyev 11 il 6 ay azadlıqdan məhrum edilib.
Follow @7timesaz