Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, yaxın günlərdə İstanbulda keçiriləcək texniki iclasda Türkiyə, Rusiya, BMT və Ukrayna taxıl yüklü gəmilərin blokadadan çıxarılmasına nəzarət mexanizminin yaradılmasını müzakirə edəcəklər.
“Biz həm tərəfləri danışıqlar masası arxasına oturtmağa, həm də Ukrayna taxılı ilə yüklənmiş gəmilərin dəniz yolu ilə blokadadan çıxarılması məqsədilə minalardan təmizlənmiş təhlükəsiz dəhliz yaratmağa çalışırıq. BMT, Türkiyə, Rusiya və Ukrayna bu istiqamətdə çalışır. Biz bu prosesə qoşulmaq istəyən ölkələrdən müraciətlər alırıq. Hamı Türkiyəni əsas ölkə kimi görür, çünki biz tərəflərin etimadını qazanmışıq. Nəticədə İstanbulda bir mərkəz yaradaraqq, bu mexanizmi yaxın günlərdə texniki toplantıda müzakirə edəcəyik”, – deyə Çavuşoğlu Eskişehirdəki Osmanqazi Universitetində tələbələr qarşısında çıxış edərkən bəyan edib.
Qeyd edək ki, bir müddət öncə Türkiyə XİN rəhbəri məsələ ilə bağlı dördtərəfli təmas qrupunun yaradılması təklifinin BMT-dən gəldiyini vurğulayıb . Onun sözlərinə görə, Türkiyə prinsipial olaraq razılaşıb və texniki görüşün keçirilməsi ideyası yaranıb.
Mənbə: “RİA Novosti”
Follow @7timesaz