Baş Dövlət Yol Polisi İdarəsi Bakıda toy karvanında avtoxuliqanlığın görüntülərini yayıb.
BDYPİ-dən 7Times.az-a verilən məlumata görə, toy karvanında hərəkət edən nəqliyyat vasitələrinin sürücüləri avtoxuliqanlıq edərək digər hərəkət iştirakçılarına təhlükə yaratdıqları üçün DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət Bölüyünün əməkdaşları tərəfindən aşkar edilərək barələrində tədbirlər görülüb.
Belə ki, iyunun 7-si Bakı-Şamaxı yolunun 7-ci kilometrliyində, üzü paytaxt istiqamətində hərəkətdə olan toy karvanında iştirak edən 22 yaşlı Mircəlal Miradiyev və 27 yaşlı Elşad Eyvazov idarə etdikləri avtomobillərlə ictimai qaydanı nümayişkaranə şəkildə pozub digər hərəkət iştirakçıları üçün qəza şəraiti yaratmaqla avtoxuliqanlıq əməli törətdikləri üçün Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları tərəfindən barələrində inzibati xəta haqqında protokollar tərtib edilərək, toplanmış materiallarla birgə baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.Məhkəmə Mircəlal Miradiyev və Elşad Eyvazovu İnzibati Xətalar Məcəlləsinin 511-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilib və hər biri barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ 1 il müddətə məhdudlaşdırılmaqla 1 ay müddətə inzibati həbs qərarı çıxarıb.