Aktual

LAVROV ÜMİDLƏ GƏLDİ, MƏYUS GETDİ… – Bakıda Rusiyanın XİN rəhbərinin diqqətinə hansı məsələlər çatdırılıb?

LAVROV ÜMİDLƏ GƏLDİ, MƏYUS GETDİ… – Bakıda Rusiyanın XİN rəhbərinin diqqətinə hansı məsələlər çatdırılıb?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rəsmi Bakı Rusiyadan 10 noyabr bəyanatının icrasını gözləyir

Lavrovun Bakıda bizim üçün yeganə faydalı bəyanatı Minsk Qrupunun bundan sonra fəaliyyətinin mümkün olmadığını təkrar bəyan etməsiydi”

 

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Azərbaycana səfəri sönük keçdi. Baxmayaraq ki, rusiyalı nazir Prezident İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşlərdə Azərbaycan-Ermənistan danışıqlarında irəliləyişilərlə bağlı xeyli nikbin açıqlamalar verdi.

Söhbət nəqliyyat kommunikasiyalarının açılması, sərhədlərin dəqiqləşdirilməsindən gedir. Lavrov habelə vurğu ilə dedi ki, Rusiya Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına da kömək etməyə hazırdı. Bundan başqa nazir “Minsk qrupu fəaliyyətini dayandırıb” deməklə də Azərbaycan rəhbərliyi ilə həmfikirlik nümayiş etdiridi.

Rəsmi Bakının ümumi mövqeyi elə oldu ki, müharibədən keçən müddətdə heç bir irəliləyiş əldə olunmayıb və artıq zaman daralır. Razılaşmaların icrası üçün konkret addımlar atılmalıdır.

Xatırladaq ki, S.Lavrov və Ceyhun Bayramov arasında informasiya təhlükəsizliyinə dair saziş imzalandı. Bu sənədin mahiyyəti tam açıqlanmır. Başqa bir razılaşmaya görə Şərqi Zəngəzur regionundakı sənaye parkında Azərbaycan-Rusiya birgə mərkəzi yaradılacaq.

S.Lavrov səfərin ikinci günü Şəhidlər Xiyabanını ziyarət etdi. Amma rəsmilərin simasındakı könülsüz əhval-ruhiyyə hiss olunurdu. Azərbaycan ictimaiyyəti tərəfindən də bu ziyarətə müsbət reaksiyalar olmadı. Qısacası Lavrovun bu jesti də Rusiya heyətinin gözlədiyi rəğbəti doğurmadı.

 

 

Politoloq Elxan Şahinoğlu Lavrovun səfərini şərh edərkən bildirib ki, nazir Bakıdakı açıqlamalarında Azərbaycanla Ermənistan arasındakı mövcud durumu müsbət dəyərləndirməyə çalışdı, sanki bütün istiqamətlərdə irəliləyiş var. “Halbuki, müharibənin bitdiyi il yarımda ortada nə sülh sazişinin mətni, nə qarşılıqlı ərazi bütövlüklərinin tanınması, nə kommunikasiya xətlərinin açılması, nə də sərhədin müəyyənləşməsi var. Lavrovun Bakıda bizim üçün yeganə faydalı bəyanatı Minsk Qrupunun bundan sonra fəaliyyətinin mümkün olmadığını təkrar bəyan etməsiydi. Bu da sırf Ukraynadakı müharibə və Qərbin Rusiyaya qarşı sanksiyalarıyla əlaqəlidir”,-təhlilçi vurğulayıb.

Ekspert deyir ki, Azərbaycan Rusiya ilə gərginlik istəmir: “Bizə qarşı təxribatlar etməsinlər, əleyhimizə reportajlar yayımlamasınlar, erməni separatçılarını müxtəlif yollarla cəsarətləndirməsinlər, 3 il yarımdan sonra da 2020-ci il 10 noyabr bəyanatının bəndinə görə hərbçiləri məmləkətimizi tərk etsinlər. Bunlara riayət edilərsə münasibətlərdə gərginlik olmaz, əks halda Lavrov hər ay Bakıya gəlib, lehimizə təriflər yağdırsa belə nəsə dəyişməyəcək”.

 

 

E.Şahinoğlu S.Lavrovla Ceyhun Bayramov arasında imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş”ndən də bəhs edib:

“Bakıda Lavrovun diqqətinə iki məsələ çatdırılıb:

1. Rusiyada bir neçə rusdilli saytımız bloklanıb, bu yolverilməzdir;

2. Rusiyanın “Ria Novosti” agentliyi erməni separatçılarından biri ilə Azərbaycan əleyhinə reportaj yayımlayıb, bu təkrarlanmamalıdır.

Yeni saziş həm saytlarımızın bloklanmasının qarşısını almalıdır, həm də Rusiyanın dövlət nəzarətindəki media qurumları Azərbaycan əleyhinə xəbərlər, reportajlar yayımlamamalıdırlar. Ancaq böyük ehtimalla Moskvanın da bizdən qarşılıqlı tələbi var.

Saytlarımızı ona görə blokladılar ki, orada Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi tənqid olunurdu. Bu təbiidir, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir və əksəriyyətimiz Rusiya rəsmilərinin, o cümlədən Kremlin nəzarətindəki medianın “xüsusi əməliyyat” terminindən istifadə etmirik. Adı üstündədir – bu işğalçı müharibədir. Mən rusdilli saytlarımıza müsahibələrimdə də bunu məhz belə adlandırıram. Kremlin istəyi ilə işğala “xüsusi əməliyyat” demək mümkün deyil”.

 

 

Politoloq Fərhad Məmmədov isə bildirib ki, onun diqqətini danışıqlarda rusiyalı nazirin “dağlıq Qarabağ” deyil, “Qarabağ” termini işlətməsi çəkib: “Bu, Avropa İttifaqının (Aİ) bəyanatında əks olunan terminologiyanın davam etdirilməsi baxımından vacibdir. Görünür, Aİ-nin yanaşması artıq öz rolunu oynayıb. Şübhəsiz ki, beynəlxalq qurumun artan təşəbbüsləri olmasaydı, biz Rusiya vasitəçilik səylərini güclənməsini görməzdik”.

Səfərin ilkin nəticələrinə gəlincə, politoloq bildirir ki, ATƏT-in Minsk qrupunun olmadığını Lavrov da açıq-aydın dedi. Onun sözlərinə görə, bu, erməni tərəfinə və digər həmsədrlərə də başqa variant olmadığı barədə mesajdır: “ABŞ Dövlət Departamenti də bundan nəticə çıxarmalıdır. Çünki Dövlət katibinin köməkçisi xanım Donfrid Ermənistanda “status” və “ABŞ-ın Rusiya ilə Minsk qrupu çərçivəsində əməkdaşlığının mümkün olmasından” danışmışdı. Onun sözügedən bu bəyanatından ABŞ nə qazanıb?!”

F.Məmmədovun sözlərinə görə, Rusiya vasitəçilik fəaliyyətini gücləndirir və prosesə ciddi yanaşır: “Heç kim Ermənistanı üçtərəfli-dördtərəfli formatdan azad etmək fikrində deyil. Vasitəçilər fəaliyyətlərində uğur əldə etmək üçün Azərbaycanın şərtlərini qəbul etməlidirlər. Həm Rusiya, həm də Aİ bu reallığı qəbul edir. Yaxın gələcəkdə biz konkret qərarlar gözləyirik, çünki vaxt məhduddur. Bu, Ermənistan-Azərbaycan arasında digər məsələlərə də aiddir”.

Ekspert bildirir ki, Azərbaycan-Rusiya gündəmində olan problemli mövzu – saytların bloklanması ilə bağlı dəyirmi masaların keçirilməsi qərara alınıb. Onun sözlərinə görə, bu, yeni bir şeydir, problem həll olunmur, amma artıq tərəflər üçün ciddi problem deyil: “Müharibə bitməmiş Azərbaycan resurslarının blokdan çıxarılmasının baş verəcəyini düşünmürəm, lakin bu mövzu problem kimi həll olunub“.

 

F.Məmmədov hesab edir ki, ikitərəfli gündəliyin mövzularında bəzi mövzular açıqlanmasa da müzakirələr aparılıb: “Əsaslı səbəbə görə, Lavrovun gəlişi günü yeni Laçın yolunun çəkilişindən fotoşəkillər və videolar nümayiş etdirildi. Yolun istifadəyə verilməsi, Rusiya sülhməramlılarının ora köçürülməsi və Azərbaycan ərazisinə daxil olma qaydaları ən vacib məsələlərdir. Burada razılaşmanın alternativi Zəngəzur dəhlizinə giriş qaydaları ilə bağlıdır. Ona görə də, dəhlizin açılması, onun parametrləri Qarabağın erməni əhalisi arasında əsassız illüziyaların formalaşması ilə yanaşı delimitasiya və demarkasiya mövzularına da öz təsirini göstərir. Bu ikili yanaşmaya son qoyulmalıdır.

 

Daha sonra Ermənistan Silahlı Qüvvələrinin qalıqlarının sülhməramlıların müvəqqəti yerləşdikləri ərazidən çıxarılması və Qarabağın erməni əhalisinin demilitarizasiyası vacibdir. Yeri gəlmişkən, bu mövzu həm də sərhəd nəzarəti ilə bağlıdır, lakin bu, üçtərəfli Bəyanatın ayrıca bəndi olduğundan, bu istiqamətdə də addımlar atılmalıdır. Burada Rusiyadan siyasi iradə nümayiş etdirmək tələb olunur, indiki şəraitdə bu məsələni sonraya buraxmaq ilk növbədə Rusiyanın öz maraqları üçün təhlükəlidir“.

F.Məmmədov vurğulayır ki, bu mövzular Azərbaycan-Rusiya münasibətlərində çox önəmlidir, çünki ictimai rəydə qıcıq və gərginlik yaradır: “Əgər Rusiya üçtərəfli-dördtərəfli formatda Ermənistan-Azərbaycan normallaşma prosesindən çıxmaq niyyətindədirsə, o zaman özü qərarlar verməli və Ermənistanı bu formatda qərarlar qəbul etməyə təşviq etməlidir. Azərbaycan tərəfi bu kontekstdə “ehtiyatlı nikbinlik” ifadə edib, yəni proses qısa müddətdə həll olunmasını gözləyir“.