“Yenə Sovet İttifaqı olacaq və heç kim heç yerə getməyəcək. Hamı sülh və harmoniya içində yaşayacaq”.
7 Times.az xəbər verir ki, bu sözləri Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib. O bu ifadələri Rusiya Federasiyasının ilk sülhməramlı əməliyyatının başlamasının 30-cu ildönümünə həsr olunmuş tədbirdə iştirakı zamanı işlədib.
Söhbət 1992-ci il iyulun 14-də Cənubi Osetiyaya birgə Sülhməramlı Qüvvələr gətirilmsindən gedir.
“Bu ilk sülhməramlı əməliyyat bir nəfəslə, çox sürətlə həyata keçirildi. Bir neçə gün ərzində bütün hüquq-mühafizə orqanlarının nümayəndələrinin daxil olduğu komissiyanın yaradılması unikal təcrübə idi. Müdafiə nazirinin birinci müavini, Daxili İşlər Nazirliyi, FSB rəhbərinin birinci müavini – hər şey bir yerə yığılmışdı. Hamınıza çox sağ olun. Bu, o anda ölkəmiz üçün böyük, vacib, lazımlı iş idi. O zaman mən tam əmin idim ki, xüsusən də mənim nəslim, biz tam əmin idik ki, bütün bunlar müvəqqətidir və ölkəmiz yenidən böyük və güclü olacaq. Yenə Sovet İttifaqı olacaq və heç kim heç yerə getməyəcək. Hamı sülh və harmoniya içində yaşayacaq”, – müdafiə naziri bildirib.
Qeyd edək ki, sözügedən sülhməramlı kontingentə üç batalyon daxil idi – rus, gürcü və osetin. S. Şoyqu isə gürcü-osetin münaqişəsinin nizamlanması üzrə qarışıq nəzarət komissiyasının həmsədri idi.