Ölkə

Bakıda şok əməl: Fala baxmaq adı ilə pul oğurladı, oğluna maşın aldı, toy etdi…

Bakıda şok əməl: Fala baxmaq adı ilə pul oğurladı, oğluna maşın aldı, toy etdi…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Nizami rayonunda 1975-ci il təvəllüdlü Lida Nikolayevna fala baxmaq adı ilə Aysel Səlimovanın pulunu oğurlayıb.  
7Times.az xəbər verir ki, Bizim.Media-nın əldə etdiyi məlumata görə, Lida 9 fevral 2022-ci ildə saat 14 radələrində piyada gedərkən Ayselə fala baxmaq adı ilə yaxınlaşıb.

Lida ona ailəsində problemlər olduğunu və bu problemləri dualar oxumaqla həll etməkdə köməklik edəcəyinə inandırıb.  
Bu məqsədlə Lida Aysel ilə həmin gün saat 18 radələrində Nizami rayonunda yerləşən istirahət parkında görüşüb. Ayseldən yaşadığı mənzildə saxladığı pulları və ağ rəngli parça gətirməsini, həmin pulların üzərinə dua oxuyaraq geri qaytaracağını bildirib.
Aysel yaşadığı mənzildə saxladığı 15300 manat təşkil edən 9000 ABŞ dolları məbləğində pulu götürüb və istirahət parkına gəlib. Aysel həmin pulu parkda oturacaqda əyləşmiş Lida və qrupun şəxsiyyəti istintaqa məlum olmayan digər üzvünə verib.
Bu zaman Lida Ayselin gətirdiyi parçanı öz ayaqları üzərinə sərib və pulu parçanın üzərinə qoyub.  

Bu zaman dəstənin digər üzvü ilə birlikdə guya dua oxuyaraq Ayselin fikrini yayındırıblar, parçanın arasında olan 9000 ABŞ dolları məbləğində pulu oğurlayıblar.
İstintaq orqanı tərəfindən Lidanın barəsində Cinayət Məcəlləsinin 177.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq törətmək) və 177.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla oğurluq törətmək) maddələri ilə ittiham elan edilib. Cinayət işi baxılması üçün Nizami rayon Məhkəməsinə göndərilib. İş hakim Mətanət Hacıyevanın icraatında araşdırılıb.
Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.
O, 2.4-cü maddələrində nəzərdə tutulmuş ittiham üzrə özünü təqsirli bilməyərək deyib ki, fala baxmaqla məşğul olur:  
“Ayselə yaxınlaşaraq falına baxmaq istədim. Aysel vaxtının olmadığını deyərək mənə nömrəsini verdi. Axşam saatlarında Aysellə Nizami rayonu, “Q.Qarayev” metrosunun yaxınlığında yerləşən parkda görüşdük.
 

Həmin vaxt tək olmuşam. Yanımda başqa qadın olmayıb. Aysel 200 manat pulu mənə heç bir səbəb olmadan, 9000 ABŞ dolları məbləğində pulu isə falına baxdığı üçün verdi. Həmin pulu ailəmə, uşaqlarıma xərclədim, avtomobil aldım”.

 

Lida ibtidai istintaq zamanı isə fərqli ifadə verib.
O bildirib ki, səfil həyat yaşayır: “Daimi yaşayış yerim yoxdur, dolanışıq ehtiyaclarımı dilənçilik etmək və fala baxmaqla təmin edirəm. Əvvəllər Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşam”.
Təqsirləndirilən şəxsin ifadəsinə görə, məlum hadisə baş verən günü evdən işləmək məqsədi ilə çıxıb və adını bilmədiyi özü kimi həyat tərzi keçirən qadınla birlikdə Ü.Hacıbəyli küçəsində sonradan adını bildiyi Ayselin falına baxıb:  

“Pul almaq məqsədi ilə ona yaxınlaşdım. Həmişə fala baxdığım zaman istifadə etdiyim şablon sözlər işlətdim, dualar edə biləcəyimi və bu dualar sayəsində onun bütün işlərinin düzələcəyini bildirdim. Aysel vaxtının olmadığını, saat 18 radələrində Nizami rayonu, Q.Qarayev ərazisində yerləşən istirahət parkında görüşə biləcəyini dedi. Mənə mobil nömrəsini verdi”.

Təqsirləndirilən şəxs deyib ki, saat təqribən 19 radələrində yanında olan həmin adını bilmədiyi qadınla birlikdə Nizami rayonu, “Q.Qarayev” metrosu yaxınlığında olan parka gedib və orada Aysellə görüşüb. Təqsirləndirilən şəxs Ayselin pulunu yanında olan qadınla birlikdə oğurlamasını da ifadəsində danışıb.  
Lida qeyd edib ki, sonradan əldə etdiyi pulların 3000 manatına fevralın 13-də “Sumqayıt” maşın bazarından oğlu Ruslan üçün avtomobil alıb, digər məbləğlərlə oğluna toy edib və yerdə qalan pulu itirib.
Lida bildirib ki, onunla birlikdə olan qadını üzdən tanıyır:
“Lakin onun adını bilmirəm. Həmin qadının mənim pul oğurlamağımdan xəbəri olmayıb. Oğurladığım puldan bu qadına verməmişəm”.
Məhkəmənin hökmü ilə Lida 2 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, Lida bundan əvvəl də fala baxmaq adı ilə dələduzluq edib və bir qadının 27 min manatını ələ keçirib.
2016-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.  
2018-ci ildə isə cəzasının yüngülləşdirilməsi üçün Xətai rayon Məhkəməsinə müraciət edib. Məhkəmə onun əməlini xeyli miqdarda dələduzluq əməlinə tövsif edib və cəzasını 4 il 6 aya endirib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə onun bu cəzasından 1 il çıxılıb. Lidanın bu məhkumluğu 2019-cu ildə başa çatmışdı.