Ölkə

Mərkəzi Bankın valyuta ehtiyatları niyə artır? –  Azərbaycanda dollara münasibət dəyişib

Mərkəzi Bankın valyuta ehtiyatları niyə artır? –  Azərbaycanda dollara münasibət dəyişibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu il Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatlarının həcmində davamlı artım müşahidə edilir.

7Times.az bildirir ki, ilin əvvəlində 7,075 milyard dollar olan ehtiyatların həcmi birinci rübün sonunda 7,136 milyard dolları, avqustun 1-də isə 7,407 milyard dolları ötüb.

Müqayisə göstərir ki, son 7 ayda AMB ehtiyatlarını 332 milyon dollar və ya 4,7 faiz artırıb.

Əvvəlki illərdə AMB-nin valyuta ehtiyatlarının həcmində belə sürətli artım müşahidə olunmamışdı. 2021 və 2020-ci illərdə ən yaxşı halda ehtiyatlar 50-100 milyon dollar artmışdı.

Bəs, bu il ehtiyatların artım sürətinin güclənməsi nə ilə bağlıdır?

İqtisadi göstəricilərin təhlilinə əsasən deyə bilərik ki, AMB-nin ehtiyatlarının qısa müddətdə 330 milyon dollardan çox artması ölkəmizdə dollar təklifinin artması, tələbin isə bir qədər zəifləməsi ilə bağlıdır.

2022-ci ildə cari əməliyyatlar balansında böyük profisit qeydə alınıb. Bunun səbəbi neftin və təbii qazın bahalaşması nəticəsində cari əməliyyatların əsas hissəsini təşkil edən xarici ticarət əməliyyatinda müsbət fərqin böyüməsidir. İlin birinci yarısına aid olan məlumata əsasən, xarici ticarətdə müsbət fərq 12,12 milyard dollar olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8,7 milyard dollar çoxdur.

Yaranmış vəziyyətdə ölkəmizdə dollar təkilfi artıb, amma dollar alışı artmayıb, əksinə müəyyən qədər azalıb. Xüsusilə fevral və mart aylarından başlayaraq ölkəmizdə həm nağd əməliyyatlarda, həm də hərraclarda dolların alış/satış nisbətində dəyişiklik var.

 

Məsələn, ilk 6 ayda nağd şəkildə valyuta məntəqələrindən 950,5 milyon dollar alındığı halda, valyuta məntəqələrinə satış 1,307 milyard dolları ötüb.

Eynilə, Dövlət Neft Fondunun AMB ilə birgə keçirdiyi hərraclarda dollar satışı xeyli azalıb. Əvvəllər bir hərracda 60-100 milyon satıldığı halda, son aylarda baş tutan hərraclarda alış 15-20 milyona qədər düşüb.

Qeyd edək ki, bir valyutanın satışı onun alışından çox olduqda həmin valyuta ucuzlaşmalıdır. Bu məntiqlə ölkəmizdə dollar da ucuzlaşmalıdır. Lakin AMB sabit məzənnə siyasəti yürütdüyündən dolların ucuzlaşmasına imkan vermək istəmir. Buna görə də AMB bazarda satışa çıxarılan əlavə dollarları alıb, əvəzində dövriyyəyə manat buraxır. Məhz bunun nəticəsində biz son aylarda AMB-nin valyuta ehtiyatlarının artmasının şahidi oluruq.

Qarşıdakı aylarda da bu səbəbdən AMB-nin ehtiyatlarının artması ehtimalı böyükdür. Bunun üçün neftin qiymətinin 90 dollar səviyyəsində aşağı düşməməsi lazımdır. Proqnozlara əsasən ilin sonuna kimi Azərbaycanın ixrac etdiyi neftin qiyməti 90 dollar səviyyəsindən aşağı düşməyəcək.

 

Bu ehtimal daxilində deyə bilərik ki, ilin sonuna kimi ehtiyatlar daha 150-200 milyon dollar artacaq.