İdman

“Bizə sürprizlər edə bilərlər” – Qurban Qurbanov “Viktoriya” ilə oyundan DANIŞDI

“Bizə sürprizlər edə bilərlər” – Qurban Qurbanov “Viktoriya” ilə oyundan DANIŞDIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ” Azərbaycan Premyer Liqasının II turunun oyununda səfərdə “Sumqayıt”ı 2:0 hesabı ilə məğlub edib.

7Times.az  xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

– Çox intizamlı müdafiə olunan və əks-hücumlarda təhlükəli olan bir komandaya qarşı oynadıq. Bu cür oyunda sona kimi tempi saxlamaq və səbrli olmaq çox vacibdir. Çox vacib 3 xal qazandıq. Futbolçularımı təbrik edirəm, çox əziyyət çəkdilər. Bu gün qələbəyə layiq idilər. “Sumqayıt”a da uğurlar arzulayıram.

– İntizamlı müdafiə olunan komandaya qarşı oynadığınızı dediniz. “Viktoriya” da etibarlı müdafiəsi ilə seçilir. Çexiya klubu ilə matçdan əvvəl “Sumqayıt”la oynamağınızın komandanıza xeyri ola bilər?

– İnşallah, faydası olacaq. “Viktoriya”nın oyununa baxmışıq. Bu gün bəzi elementlər var idi ki, bir-birinə bənzəyirdi. Amma bizə qarşı sürprizləri ola bilər. Oyuna kimi 3 gün vaxtımız var. Rəqibi daha yaxından incələyəcəyik. Ümumiyyətlə düşünürəm ki, bu matç gələcəyimiz üçün çox faydalı oldu.

– “Turan Tovuz”la oyununuz təxirə salındı. Bu, sizin təşəbbüsünüz idi, yoxsa PFL-in?

– Mənim təşəbbüsüm oldu. Çünki, oyunlar arasında 6 gün fərq var, 7 gün yox. Bir günün də önəmi çoxdur. Amma yəqin ki, 7 gün olsaydı da, təxirə salınmasını xahiş edəcəkdik. Həm “Turan Tovuz”, həm PFL çox pozitiv yanaşdı, sağolsunlar. Futbolçular çox gərgin oyunlar keçirir. Səfərə gedəcəyik. Ona görə də istədik ki, futbolçular 3 gün bir yerdə hazırlaşsınlar. Düşünürəm ki, bunun faydası olar.

– VAR sisteminin gəlişindən sonra oyunlara 10-12 dəqiqə əlavə edilir. Bu sistemin oyunun tempini aşağı saldığını düşünürsüz?

– Oyun həddən çox dayandı. Rəqib futbolçular bəzi hallarda həddən çox vaxt keçirirdilər. Bəlkə də ağrıları var idi. VAR sisteminə görə də oyun çox dayanırdı. Dördüncü hakimlə bunu söhbət edirdim. Hələ yeni alışırlar, get-gedə daha yaxşı olacaqlar. Məncə qərarlarda çıx vaxt itirirdilər. Qol, ofsayd epizodları elə də çətin deyil, daha tez qərar verə bilərlər.

– Sonda Kadi, Zubir və Ramili meydana buraxdız. Bu, əvvəlcədən planda var idi, yoxsa hesaba görə dəyişikliklər etdiniz?

– Oyunun gedişatına görə. Əvvəlcədən Bəhlul və Bədavi planlaşdırılmışdı. Oyunun gedişatı başqa şeylər tələb elədi. Öncədən düşündüyüm bəzi variantlardan kənara çıxdım.

– Matç başa çatandan sonra “Sumqayıt”ın əməkdaşları ilə müzakirəniz oldu. Mövzu nə idi?

– Baş məşqçi Aleksey Baqa ilə müzakirə oldu. Bir nəfər də cavan uşaq gəldi. Mənə dedi ki, səni çox istəyirəm”. Sonra dedi ki, “lap çox istəyirəm. “Qarabağ”ın formasını istəyirdi. Adminstratoru çağırdım ki, uşağı razı salsın. Mən qarşı sevgilərini görəndə çox sevinirəm. Gənclər futbolu izləyirlər, dəyər verirlər. Sumqayıtda mənə qarşı həmişə yaxşı münasibət olub. Sağolsunlar. Sumqayıt yaxşı şəhərdi, yaxşı insanları var.

– Çempionlar Liqasında qrup mərhələsinə vəsiqə qazansanız, oyunlar Bakı Olimpiya Stadionunda olacaq, yoxsa Tofiq Bəhramov adına Respublika stadionunda?

– Hələ qərar verilməyib.