Almaniya kansleri Olaf Şolts bəyan edib ki, AFR Ukraynaya Rusiya ərazisini vura bilən silahlar təqdim etməyəcək.
AZƏRTAC alman mediasına istinadla xəbər verir ki, kansler bunu Maqdeburqda vətəndaşların suallarını cavablandıran zaman bildirib. Onun sözlərinə görə, hədəf Ukraynanın ərazi bütövlüyü və suverenliyi olaraq qalır.
“Prezident Bayden kifayət qədər dəqiq deyib ki, Rusiya ərazisinə atəş aça bilən silahlar tədarük edilməyəcək. Düşünürəm ki, mənim dəstəklədiyim bu prinsip yerdə qalanlar üçün də eyni olmalıdır. Məhz buna görə biz həmişə başqalarının nə etdiyinə baxırıq”, – Olaf Şolts belə deyib.
Bir necə gün əvvəl Reuters agentliyi Almaniyanın Ukraynaya 500 milyon dollar məbləğındə əlavə silah-sursat verməyi planlaşdırdığı barədə məlumat yayıb. Kansler Olaf Şolts Kanadada səfərdə olarkən AFR-in Ukraynaya əlavə olaraq hava hücumundan üç IRIS-T müdafiə sistemi, 10 zirehli təmir-təxliyə maşını, 20 raket qurğusu, yüksək dəqiqliyə malik döyüş sursatı və pilotsuz uçuş aparatlarından müdafiə sistemləri təqdim etmək niyyətini açıqlayıb.
Agentliyin bildirdiyinə görə, sılahlar 2023-cü ildə veriləcək, lakin texnikaların bəzi növləri daha əvvəl verilə bilər.
Follow @7timesaz