Ölkə

Naxçıvanda şok: Prokurorluq keçmiş pensiyaçını girov götürüb!

Naxçıvanda şok: Prokurorluq keçmiş pensiyaçını girov götürüb!backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə gün öncə “AzPolitika.info”-da yayımlanan “Naxçıvan Prokurorluğu keçmiş penisyaçılardan pul tələb edir” başlıqlı yazıda Naxçıvan Muxtar Respublikasında yaşayan bir qrup pensiyaçının barəsində audit yoxlamaların başlandığı, saxta yolla əldə olunan büdcə vəsaitlərinin geri ödənilməsi üçün onların yerli prokurorluq orqanına dəvət olunduqları xəbərini vermişdik.

Həmin vaxt redaksiyamıza müraciət edən bir qrup Naxçıvan sakini prokurorluq əməkdaşlarının onlardan pul tələb etdiyini, bu məbləğin 10 gün ərzində ödənilməyəcəyi halda isə həbs olunmaqla hədələndiklərini bildirmişdilər.

Sözügedən hadisədən bir neçə gün keçsə də, problem həllini tapmayıb, hətta vəziyyət daha da tragikomik bir hal alıb.

Belə ki, redaksiyamıza növbəti dəfə müraciət edən Naxçıvan sakini Əliyev Cabbar Mehdi oğlu Naxçıvan Prokurorluğuna dəvət olunduqdan sonra binanın yeməkxana bölməsində girov götürüldüyünü bildirib: “Səhhətimdə problem olub, müraciət etmişəm, pensiya təyin olunub. 24 il dövlətin kəsdiyi təqaüdü almışam, xərcləmişəm. Pensiyamı kəsəndən sonra məni çağırıb deyirlər ki, sənədin saxtadır, dövlətdən aldığını geri ödə. Mən niyə ödəməliyəm? Əgər vaxtilə hansısa sənədləri düzgün yazmayıblarsa, bu, həmin sistemdə çalışan məmurların günahıdır, onlardan tələb etsinlər. Bu vəsaiti 10 gün ərzində ödəməyəcəyim halda məni həbs olunmaqla hədələyiblər. Şəxsiyyət vəsiqəmi də əlimdən alıblar. Bu gün isə Naxçıvan Prokurorluğunda məni hədələdikdən sonra binanın yeməkxanasında girov götürüblər. Deyirlər ki, bu pulu ödəməmiş heç yerə gedə bilməzsən”.

Bu məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikası Prokurorluğu İstintaq şöbəsinin rəisi Əsgərov İlqar Bəylər oğluyla, bir neçə zəngdən sonra əlaqə qurmaq cəhdlərimiz baş tutsa da, o, suallarımıza çox kobud və qeyri-etik formada cavab verib: “Bu adamın pensiyası saxta olub. Və 24 min manat pul alıb. Gətirib pulu ödəməlidir”.

Məhkəmənin qərarı olmadan necə pul tələb edirsiniz sualına da müstəntiq eyni kobudluqla cavab verib: “Məhkəmənin qərarı yoxdur, sən get ver məhkəməyə. Mən tələb edirəm! Mənə ağıl öyrətmə!”.

Jurnalistlə prokurorluq əməkdaşına yaraşmayan tərzdə danışan İlqar Əsgərov növbəti sullarımızı dinləmədən dəstəyi asdı və təkrar zənglərimizə cavab vermədi.

Qeyd edək ki, C.Əliyev Qarabağ müharibəsi iştirakçısıdır. O, ümumilikdə 24 il pensiya alıb. Prokurorluq bunun 14 ilinin qanunsuz yolla alındığını iddia edir və C.Əliyevdən 10 min manat pul tələb edir. Müvafiq məhkəmə qərarı isə yoxdur.

Vətəndaşı prokurorluğun yeməkxanasına salıb, faktiki olaraq girov götürmək isə artıq qanunsuzluğun, özbaşınalığın pikidir.

Bu mövzuyla bağlı vəkil Turan Abdullazadə “AzPolitika.info”-ya bildirib ki, “Əmək Pensiyaları haqqında” Qanunun 39-cu maddəsinə əsasən, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda isə məhkəmə qaydasında tutulur: “Bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz. Bütün hallarda qanunvericiliklə müəyyən edilmiş cəmi tutulan məbləğ veriləcək əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin 50 faizindən artıq olmamalıdır. Borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi qanunvericiliyə əsasən dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır. Bu o deməkdir ki, əgər əmək pensiyaçısının razılığı yoxdursa, belə olan halda mübahisəyə məhkəmə qaydasında baxılmalı və müvafiq qərar qəbul edilməlidir. Şəxsdən yalnız öz razılığı ilə artıq ödənilmiş pensiyanı geri almaq olar. Əgər şəxs razılıq vermirsə, Dövlət Sosial Müdafiə Fondu artıq ödənilmiş məbləğin əmək pensiyaçısından tutulması üçün məhkəməyə müraciət etməlidir. Artıq ödənilmiş pulun geri qaytarılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı yoxdursa, həmin vəsaiti geri qaytarmayan əmək pensiyaçısı heç bir məsuliyyət daşımır”.

Vəkil şəxsin prokurorluq tərəfindən girov götürülməsini qanunazidd adlandırıb: “Prokurorluq şəxsi girov götürə bilməz. Prokurorluq yalnız həmin şəxsin cinayət törətməsinə dair şübhə yarandıqda onu tutub saxlaya bilər. Cinayət işinin başlanmasına dair qərar şəxsin tutulduğu andan 24 saat keçənədək qəbul olunmazsa, tutulmuş şəxs dərhal azad olunmalıdır”.