Rusiya Ədliyyə Nazirliyi “Səhih Buxari” hədis kitabını “ekstremist materiallar” siyahısına əlavə etdiklərini açıqlayıb.
7Times.az “Sözcü”yə istinadla xəbər verir ki, Rusiya Federasiyasının avqustun 29-da yenilənən qadağan olunmuş materiallar siyahısına üçü islami mənbə olmaqla 5 kitabın əlavə edildiyi açıqlanıb.
Rusiya prezidenti Vladimir Putinə yaxınlığı ilə tanınan Çeçenistan lideri Ramzan Kadırov Rusiyanın İslam dini üçün mühüm yeri olan “Səhih Buxari”ni qadağan etməsinə münasibət bildirib.
Kadırov “Səhih-i Buxari”nin Rusiyada ekstremist materiallar siyahısına salınması qərarının dərhal yenidən nəzərdən keçirilməli olduğunu bildirib.
“Əks halda müsəlmanlar Rusiyada özlərini kifayət qədər təhlükəsiz hiss etməyəcəklər”, – Kadırov “Teleqram” kanalında yazıb.
O, “Səhih Buxari”ni Qurani-Kərimdən sonra ikinci ən əhəmiyyətli kitab olaraq xarakterizə edərkən, qərarın “cahillər” tərəfindən verildiyini müdafiə edib:
“İndi milyonlarla Rusiya müsəlmanı bunu soruşur: Əgər ölkədə kanonik (ümumi qəbul edilmiş) dini nəşrlər qadağan olunmağa başlasa, din necə tətbiq oluna bilər?”
Kadırov Rusiya prezidenti Vladimir Putinin administrasiyasına da müraciət edib:
“Rusiya əhalisinin müsəlman hissəsinin mərkəzi hökumətin hərəkətlərinə kəskin və radikal reaksiya verməsi tamamilə mümkündür. Bu cür qərarlar ölkə daxilində münaqişələrə səbəb ola bilər”.