Cümə günü Ağ Ev ABŞ Konqresinə müraciət edərək 47 milyard dollardan artıq məbləğdə təcili xərclərin bəyənilməsini xahiş edib. Bu məbləğ COVID-19-dan və meymunçiçəyindən başlamış Ukraynada müharibə və Kentukkidə daşqınlara qədər bir sıra problemlərin həlli üçün nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, qarşıdan gələn aralıq seçkilər ərəfəsində demokratlar Senata nəzarəti əldə saxlamaq və Nümayəndələr Palatasında gözlənilən yer çatışmazlığını aradan qaldırmaq baxımından özlərini daha nikbin hiss edirlər.
Prezident Co Bayden səhiyyə sahəsində yeni təşəbbüslər üçün 22,4 milyard dollar ayrılmasını xahiş edib. Bu məbləğ koronavirusa qarşı mübarizəyə və əhalini sürətlə yayılmaqda olan meymunçiçəyindən qorumağa yönəldiləcək. Ağ ev ümidvar olduğunu bildirib ki, bu həftə başa çatan ABŞ-ın bütün sakinləri üçün pulsuz COVID-19 testləri proqramı yenidən bərpa olunacaq.
Davam etməkdə olan Ukrayna-Rusiya müharibəsi ilə əlaqədar Ukraynaya kömək üçün Ağ Ev daha 11,7 milyard dollar xahiş edib. Bu vəsait təhlükəsizliyin təmin edilməsinə və iqtisadi yardıma sərf ediləcək. Bayden administrasiyasının nümayəndəsi deyib: “Biz Ukrayna xalqını dəstəkləmək və demokratiyanı qorumaq üçün bütün dünyanı birliyə çağırmışıq. Biz Ukraynaya bu dəstəyin tükənməsinə sadəcə yol verə bilmərik”.
Follow @7timesaz