Rusiya ilə Ukrayna arasında müharibə uzandıqca hər iki tərəfin resurslarlarının tükəndiyi müşahidə olunur. Ukraynanın silah-sursat dəstəyi üçün Qərbə üz tutduğu bir vaxtda, Rusiya köhnə dostunun qapısını döyüb.
“New York Times”da yer alan xəbərə görə, Rusiya öz yaxın müttəfiqi Şimali Koreya ilə təhlükəli tərəfdaşlığa girib. Rusiya Ukraynaya müdaxiləsini dəstəkləmək üçün Şimali Koreyadan milyonlarla raket və artilleriya mərmisi almaq ərəfəsindədir.
Adının çəkilməsini istəməyən ABŞ rəsmisi bildirib ki, Rusiyanın Şimali Koreyaya üz tutması rus ordusunun ciddi təchizat çatışmazlığından əziyyət çəkdiyini göstərir. ABŞ kəşfiyyatının məlumatına görə, ruslar yaxın gələcəkdə Şimali Koreyadan əlavə hərbi texnika da almaq istəyə bilər.
Politoloq, “Müstəqil Mətbuat Mərkəzi” İctimai Birliyinin sədri Elçin Xalidbəyli Sfera.az-a açıqlamasında bildirib ki, Rusiyanın Şimali Koreya ilə tərəfdaşlığı hər iki ölkənin maraqlarına tamamilə cavab verir:
“Çünki, Rusiya kimi, Şimali Koreya da ABŞ və Qərbin əsas hədəfləri sırasındadır. Hətta bir müddət öncə ABŞ-Cənubi Koreya diplomatik məsləhətləşmələrində Şimali Koreyada hakimiyyət dəyişikliyinin mümkün variantları da müzakirə edilib. Yəni ABŞ və müttəfiqləri Rusiya ilə yanaşı, Şimali Koreya problemini də həll etmək niyyətində olduqlarını qətiyyən gizlətmirlər.
Rusiya Ukrayna savaşında məğlub olarsa, Şimali Koreyanın öz mövcudluğunu qoruyub, saxlaya biləcəyi çətin olacaq. Çünki, indiyə qədər Şimali Koreya məhz Rusiya və Çinin dəstəyi ilə ayaqda qala bilərdi. Şimali Koreyanın həm ABŞ, həm də Yaponiyaya hərbi təhdid törətməsi Rusiya və Çinin strateji maraqlarına cavab verir. Ona görə də kütləvi qırğın silahları ilə bütün dünya üçün real təhlükə mənbəyi olan Şimali Koreya hələ də öz mövcudluğunu qoruya bilib.
Ancaq indi Şimali Koreya üçün də real təhlükə mövcuddur. Rəsmi Pxenyan Şimali Koreyanın xilas edilməsi üçün hazırda Rusiyaya hər cür dəstək verməyə hazırdır. Çinin buna risk etmədiyi bir vaxtda qapalı diktatura olan Şimali Koreya Rusiyanı ABŞ və Qərbə əhəmiyyət vermədən dəstəkləmək imkanlarına malikdir. Yəni, Şimali Koreya onsuz da Rusiyadan aldığı hərbi texnikanı yenidən Kremlin istifadəsinə verə bilər”.
Politoloqun sözlərinə görə, Şimali Koreyanın köhnəlmiş hərbi texnika növlərinin Rusiyaya nə qədər faydalı ola biləcəyi isə mübahisə mövzusudur:
“Çünki, Rusiya daha müasir silah növləri ilə Ukraynada məğlub durumdadır. ABŞ və Qərbin müasir silahları Rusiya istehsalı olan hərbi texnikanı asanlıqla sırasından çıxarır. Bu baxımdan, Şimali Koreyanın Rusiyaya verəcəyi silah-sursatın Ukrayna savaşında mövcud vəziyyəti ciddi şəkildə dəyişə biləcəyi o qədər də inandırıcı görünmür. Bu, yalnız Rusiyanın silah-sursata olan ehtiyaclarını bir müddət qarşılaya bilər. Ancaq Şimali Koreyanın Rusiyaya hərbi dəstəyi də uzunmüddətli olmayacaq. Çünki, Şimali Koreya kütləvi qırğın silahlarına sahib olsa da, digər hərbi texnika növləri üzrə geniş potensiala malik ölkə deyil. Bu baxımdan, ABŞ və Qərb Ukraynanı dəstəkləməkdə davam edərsə, Rusiyanın düşdüyü ağır vəziyyətin dəyişməsi o qədər də inandırıcı görünmür”.
Follow @7timesaz