ABŞ-ın “Politico” qəzetində Rusiyaya qarşı psixoloji müharibənin aparılması yolları haqda məqalə dərc olunub. Moderator.az Novator.az saytına istinadən xəbər verir ki, məqalənin müəllifləri vaxtilə ABŞ Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin direktoru vəzifəsini icra etmiş Devid Şedd və Demokratiyanı Müdafiə Fondu nəzdindəki Media Dürüstlüyü Mərkəzinin məsləhətçisi İvana Stradnerdir.
Məqalədə deyilir ki, Rusiya prezidenti Vladimir Putinin söykəndiyi təbliğatı puça çıxarmaq, ifşa etmək gərəkdir və ABŞ-ın buna nail olmaq üçün real imkanları var.
Fevral ayından Rusiyanın Ukraynada total müharibəyə qərar verib yeni ərazilər işğal etdiyini, son həftələrdə isə ukraynalıların uğurlu əks-hücumları qarşısında duruş gətirməyib geri çəkilməyə başladığını xatırladan məqalə müəllifləri bildirirlər ki, Ukrayna uğrunda mübarizənin qələbə ilə bitməsi üçün təkcə döyüş meydanında yox, psixoloji müharibə müstəvisində də irəliləmək gərəkdir.
Müəlliflərin fikrincə, ABŞ Ukraynanın yüksək texnologiyalı silahlarla təmin olunmasına liderlik etdiyi kimi Rusiyaya qarşı psixoloji müharibənin aparılması prosesinin də başında durmalıdır.
Rusiyada millətçi əhval-ruhiyyənin gücləndiyini, hazırda Rusiya vətəndaşlarının 56 faizinin sovet diktatoru İosif Stalina “böyük rəhbər” kimi baxdığını xatırladan məqalə müəllifləri hesab edirlər ki, əslində bu vəziyyət ABŞ-a Kremllə psixoloji müharibədə yeni fürsətlər verir: “Məsələ burasındadır ki, Putin Ukraynada qanlı müharibə aparmaqla 20 ildən çoxdur millətçi ritorika ilə təbliğ etdiyi “əzəmətli Rusiya”nı daxildə də, xaricdə də ayaq altına atıb. Təsirli informasiya əməliyyatları ilə bunu vurğulamaq, rusiyalılara onların ölkəsinin beynəlxalq aləmdə hörməti və nüfuzu olan bir dövlətdən təcrid edilmiş ölkəyə çevrildiyini anlatmaq lazımdır. Bu, bir çox rusiyalıda ölkənin itirilmiş şöhrətini qaytarmaq istəyinə stimul verə bilər.
Eyni zamanda Putinin neçə vaxtdır aşılanan güclü lider imicini sarsıtmaq Kremlpərəst seçicilər arasında ona dəstəyi zəiflədə bilər”.
Məqalədə qeyd olunur ki, belə məlumatlar Rusiya ictimaiyyətinə, o cümlədən millətçi kəsimə Putinin müharibəni necə zəif idarə etdiyini göstərə bilər.
Məqalə müəllifləri Putinin və onun adamlarının korrupsiya yolu ilə əldə etdiyi qazancın ifşasını da vacib sayırlar: “Uğurlu təbliğat kampaniyası zamanı rusiyalı oliqarxların sərvəti ifşa edilməli, eyni zamanda 20 milyona yaxın rusiyalının yoxsulluq içində yaşadığı bir dövrdə Rus Pravoslav Kilsəsinin Patriarxı Kirillin 40 min dollarlıq “Breguet” saatından necə zövq aldığına diqqət yönəldilməlidir.
Bu cür təbliğatda yumor da güclü vasitə ola bilər. Rusiyada sərt senzura dövründən “Dilin sənin ən qəddar düşmənindir” kimi bir fikir formalaşıb. Yəni sağ qalmaq istəyirsənsə danışığına diqqət yetirməlisən.
2019-cu ildə Rusiya parlamenti dövlətə, onun rəsmilərinə və ölkə cəmiyyətinə “açıq-aşkar hörmətsizliyə” görə həbs cəzası nəzərdə tutan qanun qəbul edib. Amma hətta Stalin də siyasi etirazın ən populyar formalarından olan satiranı dayandıra bilməmişdi.
İndi ABŞ informasiya əməliyyatları ilə yumora meyli canlandırmalı, ruslara öz zarafatlarına duz qatmaq imkanı verməlidir. Ukraynada müharibə başlanandan bəri Putin Stalin irsinə çoxsaylı istinadlar edib. Götürək elə Stalinin “Həyatımız daha şən, daha gözəl olub, yoldaşlar!” şüarını. Putini ələ salmaq üçün bu şüarı Rusiyanın hazırkı durumuna asanlıqla şamil etmək olar.
Kreml bilir ki, yumor informasiya əməliyyatlarında təhlükəli alətə çevrilə bilər. Cəmi bir neçə il əvvəl Rusiya Mədəniyyət Nazirliyi satirik hit sayılan “Stalinin ölümü” filminin nümayişinin qadağan olunması haqda qərar qəbul edib. Nazirlik öz qərarını filmin “ekstremizmə xidmət etməsi və rus xalqını alçaltmaq məqsədi daşıması” arqumenti ilə əsaslandırmağa çalışıb. Ancaq informasiya məkanına daxil olmuş hər satiranı izləmək və bloklamaq da mümkün deyil.
ABŞ-ın informasiya əməliyyatları həm də Rusiyada yaşayan etnik azlıqlar arasında Kreml əleyhinə ovqatı körükləməyə yönəlməlidir. Buryatlar, yakutlar, çeçenlər daima Rusiyada ayrı-seçkiliyə məruz qalırlar, dövlət isə həmişə buna göz yumur.
Bəlli olduğu kimi, Rusiya Ukrayna döyüşlərinə etnik azlıq nümayəndələrini daha çox cəlb edir. Nəticədə etnik azlıqlar arasında itkilər çoxalıb. Bu isə Kremlin kasıb bölgələrdə yaşayan, məşğulluq imkanlarından məhrum insanları daima istismar etdiyinə növbəti sübutdur.
Putin etnik azlıqların çoxmillətli Rusiyanı parçalaya biləcək separatçı hərəkatlar yarada biləcəyindən də ehtiyatlanır. Ona görə də öz hakimiyyət sistemini etnik azlıqlara sırımağa çalışır. Məsələn, Moskva hələ 1990-cı illərdə müstəqilliyə qərar vermiş Tatarıstan Respublikasının rəhbərini bu yaxınlarda respublika prezidenti titulundan məhrum edib. Vaşinqton elə etməlidir ki, Rusiyada hər bir tatar nə itirdiyinin fərqinə varsın və öz hüquqları uğrunda mübarizəyə qalxsın.
Soyuq müharibə dövründə ABŞ açıq və gizli şəkildə müxalif sovet qruplarına dəstək verirdi. Mühacirətdə olan rusiyalı dissidentlərlə ünsiyyət qurmaq, onlara tribuna vermək yenə lazımdır, amma bu nə qədər vacib olsa da, sadə rusiyalıların rəyini dəyişdirmək baxımından ən təsirli vasitə sayıla bilməz. Putinpərəst rusiyalılar dissidentlərin kanallarını izləmirlər. Onları fəth etməyin ən təsirli yolu Rusiya cəmiyyətinin öz içində iş aparmaqdır.
Rus mədəniyyətinin ən vacib elementlərindən biri etimaddır. Rusiyalılar müxalif fikri etibarlı hesab etdikləri mənbədən eşidəndə öz ayıq-sayıqlıqlarını itirirlər. Ona görə ABŞ Kremlin Rusiyada yaydığı dezinformasiyaları zəiflətmək üçün sosial mediada nüfuzlu rusdilli şəxslərlə əməkdaşlığa can atmalıdır.
Neçə ildir Putin Qərbin informasiya məkanına fəal şəkildə təsir göstərir. O, Avropada, ABŞ-da seçkilərə müdaxilə edib, Birləşmiş Ştatlarda vətəndaş qarşıdurmasını qızışdırıb, hər vəchlə demokratik institutları zəiflətməyə çalışıb. İndi ABŞ prezidenti Cozef Baydenin administrasiyası Rusiya diktatorunu müdafiəyə çəkilmək məcburiyyətində qoya bilər. ABŞ-ın Rusiya ərazisində effektiv informasiya əməliyyatları aparması üçün kifayət qədər imkanları var. Putinin indi gerçəkdən zəif olduğu haqda sadə həqiqəti yaymaq isə ən güclü silahdan da təsirli vasitədir”.
Follow @7timesaz