Müğənni Afət Fərmanqızı onun haqqında sosial şəbəkələrdə yayılan “ermənilər məni tərifləyir, xoş sözlər, komplimentlər deyir, özümüzünkülərdən isə utanıram” fikirlərinə aydınlıq gətirib.
Bu haqda Yenisabah.az-a açıqlama verən müğənni deyib ki, ona qarşı belə addım atanlar sifarişli, pis niyyətli, məkrli adamlardır:
“Yayılan xəbərdə guya mənim ötən gün instaqram hesabımda canlı yayım açdığımı deyirlər. Bu, yalandır. Mən nə dünən, nə də srağagün canlı yayımda olmamışam. Son 3 ayda cəmi iki dəfə – birini keçən həftə 5 dəqiqəlik, birini də aylar öncə canlı açmışam. Ümumiyyətlə, atəşkəs pozulandan indiyə qədər nəinki canlı açmaq, heç, fotolarımı da instaqram hesabımda paylaşmamışam. Yalnız şəhid şəkilləri paylaşmışam.
Bunu mənə qarşı edənlər pis niyyətli, məkrli, qərəzli adamlardır. Qərəzli olmasaydılar, iki il əvvəlin məsələsini indi gündəmə gətirməzdilər”.
Müğənni bu məsələnin əslində, necə olduğunu da danışıb:
“İki il əvvəl, canlı yayımımda bir erməni təkcə məni yox, ümumi olaraq Azərbaycanı tərifləyirdi, bizdən ötəri ürəyinin getdiyini ana dilimizdə yazırdı.
Bu anda izləyicilərim məndən onu blok eləməyini istədilər. Mən də onun erməni olduğunu soyadının sonluğundan bildim. Onu blok siyahısına göndərənə qədər həmvətənlərinizdən biri məni söydü. Mən də ona “ayıbdır, canlıda erməni var, heç olmasa, onu əngəlləyim, sonra söy” dedim.
Lap hesab edək ki, o cür demişəm, iki il əvvəl olmuş məsələni indiki vaxtda – atəşkəsin pozulduğu dönəmdə niyə yayımlayırsan? Deməli, qərəzlidir və sifarişlə işləyirlər.
Mən şəhidlərimizə hörmət qoyuram, götürdüyüm toyu şəhidlərimizin xatirəsinə görə, geri qaytarmışam. Onların mənə qarşı bu hərəkətinin altında bədxah niyyətləri durur. Onların qərəzi burada görünür ki, iki il əvvəl olmuş bir məsələni indi yayırlar və bu da məni xalqın gözündən salmağa hesablanıb”.
Follow @7timesaz