“Bu gün İran parlamentinin növbədənkənar iclası keçiriləcək. İclasın gündəmi ölkənin bütün şəhərlərinə yayılan hicab etirazları yox, Azərbaycan-Ermənistan sərhədində baş verən son toqquşmalardır”.
7Times.az bildirir ki, bunu siyasi şərhçi Asif Nərimanlı deyib. O qeyd edib ki, İranı proseslərin mümkün inkişafı narahat edir və istisna deyil ki, parlamentin müzakirəsində təkcə baş verənlər müzakirə edilməyəcək, eyni zamanda, Tehranın atacağı addımlarla bağlı hərbi-siyasi rəhbərliyə hesabatlar da hazırlana bilər:
“Tehranın İrəvana hərbi yardım verməsi hər zaman aktual olub, lakin bir neçə məqam bu ssenarini zəiflədir. Birincisi, İran və Ermənistan arasında hərbi yardıma zəmin yaradan heç bir anlaşma yoxdur. İranın hərbi yardımı üçün Ermənistan rəsmi müraciət etməlidir, lakin KTMT-yə üzvlük İrəvanın bu imkanını zəiflədir. Digər tərəfdən, Zəngəzur dəhlizinin açılmasında da maraqlı olan Rusiya İranın Ermənistana praktiki girişinə imkan verməz. İran bu prosesdə daha çox Azərbaycanı dayandırmaq istiqamətində addımlar ata bilər. Bakıya qarşı bəyanatlar və hədələrlə çıxış edə, həm dini, həm “sionizm” iddiası üzərindən təbliğatı genişləndirə bilər ki, bu, həm də mövqeyini bəlli etməsi məqsədi daşıyır. O cümlədən İranın regionda “terrorçuların mövcudluğu” iddiasını yenidən aktuallaşdırması mümkündür. O, öz ərazisində hansısa “terror aktı” kimi ssenarilərlə “arqument” əldə etməyə çalışa bilər”.
Ekspert qeyd edib ki, İran həmçinin sərhədə təlim adı ilə qoşun toplaya və bunun üçün “terror ssenarisi” ilə əldə edilən “arqument”dən yararlana bilər:
“Bölgədə vəziyyətin gərginləşməsi – “sionizm” iddiası, xarici təhdid, “terror təhlükəsi” üzərindən kampaniyanın yenilənməsi və ordunun kazarmalardan çıxarılması İrana diqqəti hazırda baş verən daxili etirazlardan yayındırmaq üçün də sərfəlidir”.
Follow @7timesaz