İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin seçkilər öncəsi çıxışı səs-küy yaradıb.
7Times.az bildirir ki, 85 yaşlı milyarder İtaliya televiziyasına açıqlamasında köhnə dostu olan Rusiya prezidenti Vladimir Putini müdafiə edib.
“Putini Rusiya xalqı, onun partiyası və nazirləri bu xüsusi əməliyyatı icad etməyə məcbur ediblər. Qoşunlar Ukraynaya daxil olmalı, bir həftəyə Kiyevə çatmalı, Zelenski hökumətini layiqli adamlarla əvəz etməli və sonra bu ölkədən çıxmalı idi. Əvəzində onlar sonradan Qərbdən gələn hər cür silahla dəstəklənən müqavimətlə qarşılaşdılar”, deyə Berluskoni qeyd edib.
O həmçinin, çıxışı zamanı savaşı qınayıb: “Müharibə 200 gündən çox davam etdi. Vəziyyət çox çətinləşib. Ölülər haqqında eşidəndə özümü pis hiss edirəm, çünki həmişə müharibənin ən böyük dəlilik olduğuna inanmışam”.
Digər tərəfdən mərkəz solçu Demokrat Partiyasının lideri Enriko Letta Berluskoninin son açıqlamalarını “qalmaqal” adlandırıb və onun Moskvanı “legitimləşdirdiyini” vurğulayıb:
“Bu bəyanatlar göstərir ki, bizim seçki sistemimizin bir hissəsində, nəinki sağda, böyük bir hissəsində “gəlin bu müharibəni dayandıraq, Putinə nə istəyirsə, onu verin” deyənlər var. Mən bunu qəbuledilməz hesab edirəm”.
Qeyd edək ki, Silvio Berluskoni baş nazir olduğu müddətdə Putinlə yaxın münasibətlər qurub və onun rəhbərliyini tərifləyib və İtaliyanın indiki Rusiya qazından asılılığını təmin edən enerji müqavilələrinin bağlanmasına kömək edib.
Xatırladaq ki, sentyabrın 25-də İtaliyada baş nazirlik uğrunda mübarizə üçün ümumi seçkilər keçiriləcək . İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin də seçkilərin sonunda partiyası “Forza Italia” ilə koalisiyaya daxil olacağı gözlənilir.
Follow @7timesaz