Almaniya müdafiə naziri Kristina Lambrext Almaniyanın Avropanın lider hərbi gücü olmaq hədəfini açıqlayıb. Almaniya Xarici Əlaqələr Şurasındakı çıxışında Lambrext Almaniyanın hazırlanmaqda olan ilk Milli Təhlükəsizlik Strategiyasının əsas xəttlərindən danışarkən diqqətçəkən mesajlar verib.
Nasist dövrünün yaratdığı şübhələrin aradan qaldırılmasının lazım olduğunu müdafiə edən Lambrext, Almaniyanın bu gün güclü bir demokratik ölkə olduğunu və Alman Silahlı Qüvvələri Bundesverin də təhlükəsizliyi təmin edən baş rol kimi görülməli olduğunu bildirib.
Rusiyanın Ukraynaya hücumunu önəmli bir dönüş nöqtəsi (Zeitwende) olaraq dəyərləndirən Lamberxt Almaniyanın təhlükəsizlik məsələlərini yenidən dəyərləndirməli olduğunu, alman ordusunun ölkəni və müttəfiqləri müdafiə edə biləcək şəkildə gücləndiriləcəyini, bu müddət ərzində eyni zamanda siyasi mədəniyyətdə, orduya və hərbi məsələlərə münasibətdə dəyişikliyin vacib olduğunu vurğulayıb.
Lambrextin Almaniyanın təhlükəsizlik siyasəti üçün yeni yol xəritəsi ilə bağlı çıxışında verdiyi mühüm mesajlar bunlardır: Sosial Demokrat Partiyasından olan Lambrext bildirib ki, Almaniya təcili istiqamət dəyişməlidir və gələcək nəsillərin azad mühitdə, sülh və təhlükəsizlik şəraitində yaşaya bilməsi üçün Almaniya ordusu bu prosesdə daha güclü və fəal olmalıdır.
Lambrext bu ifadələri işlədib: “Hər şeydən vacib bizim, Almaniyanın dəyişməyidir… Bunu açıq deməyimə icazə verin: Bu dəyişikliyə nail ola bilməsək, gələcəkdə təhlükəsiz yaşamağımız mümkün olmayacaq”.
Alman Silahlı Qüvvələrinin əhəmiyyətinin və nüfuzunun artacağını qeyd edən Lambrext, Bundesverin ölkənin varlığını qoruyan mərkəzi təhlükəsizlik orqanı olaraq qəbul edilməsinin vacibliyini vurğulayıb.
Almaniyanın müdafiə naziri çıxışında ölkənin nasist keçmişinə görə ordu və hərbi məsələlərə hələ də şübhə ilə baxıldığını bildirib və bunun dəyişdirilməsinin vacib olduğunu müdafiə edib.
“Təəccüblü deyil ki, biz almanlar, nasional-sosializm dövründə törətdiyimiz cinayətlərdən, alman ordularının Avropadakı dağıdıcı döyüşlərindən sonra orduya şübhə ilə yanaşmağı adət halına gətirmişik” deyən Lambrext bunların üzərindən təxminən 80 il keçdiyini, aradan keçən müddət ərzində Almaniyanın və Bundesverin böyük bir dəyişiklik yaşadığına işarə edib”.
Lambrext çıxışına belə davam edib: “Bundesver bu gün o dövr ilə heç bir ortaq tərəfi olmayan ordudur. Almaniya sülh yönümlü məqsədləri olan, güclü bir şəkildə demokratiyaya bağlı bir ölkədir. Silahlı qüvvələri cəmiyyətin bir parçasıdır. Onlar liberal demokratik konstitusiya quruluşuna and içirlər. Bu da çox vacibdir və hər dəfə vurğulanmalıdır: silahlı qüvvələrimizdə qeyd-şərtsiz itaət deyil, vicdanlı sədaqət qüvvədədir”.
Müdafiə naziri 73 illik demokratiya və 67 illik demokratik silahlı qüvvələrlə Almaniyanın artıq başqa bir ölkə olduğunu və özünə inamını yenidən bərpa etdiyini, güclü orduya və çəkindirici gücə sahib olmağın hər zamankından daha vacib olduğunu bildirib.
Lambrext çıxışında Rusiyanın Ukraynaya hücumunun böyük bir geosiyasi dönüş nöqtəsi təşkil etdiyini vurğulayaraq, hadisələrdən mühüm dərslər çıxarmaq lazım olduğunu ifadə edib.
Alman nazir “Bizim təhlükə anında həm özümüzü, həm ittifaqımızı müdafiə edə bilməyimiz üçün güclü, döyüşməyə hazır silahlı qüvvələrə ehtiyacımız var. Bu, 2022-ci ildə artıq sadəcə bir versiya deyil, bir reallıqdır” sözlərini işlədib.
Lambrext yeni təhdidlərə qarşı alman ordusunun gücləndirilməsi üçün bir çox yeni silahın alınacağını, yeni birliklərin yaradılacağını bildirib, yeni dövrün müxtəlif çətinliklər gətirəcəyinə işarə edib.
“Əsl Zeitenwende beyinlərdə gerçəkləşəcək və biz hamımız bilirik ki, ən böyük problem beyinləri dəyişdirməkdir” deyən Lambrext siyasi mədəniyyətə dəyişiklik gətirməyin nə qədər ağrılı proses olduğundan xəbərdar olduqlarını vurğulayıb.
Nazir Lambrext çıxışında Almaniyanın Avropanın lider hərbi gücü olmaq hədəfini də açıqlayıb.
Bundesverin təkcə Almaniyanın təhlükəsizliyinin təminatında rol oynamadığını, həm də NATO müttəfiqlərinin təhlükəsizliyinə töhfə verdiyini izah edən Lambrext, Almaniyanın Soyuq Müharibə dövründə qurulan təhlükəsizlik arxitekturasından ən çox faydalanan ölkə olduğunu xatırlatdıb, “və biz artıq hərbi cəhətdən ən çox fayda verən ölkə olmalıyıq” deyib.
“Almaniyanın böyüklüyü, coğrafi mövqeyi, iqtisadi gücü, qısaca, nüfuzu bizə bir liderlik missiyası yükləyir. İstəsək də, istəməsək də… Hərbi cəhətdən də bu, keçərlidir” deyən Lambrext alman demokratiyasının sabit, qurumlarının güclü olduğunu, siyasi mədəniyyətinin də militarist deyil, sülh yönümlü olduğunu vurğulayıb. Müdafiə naziri “Almaniyanın bu rolu oynamaqdan qorxması üçün də bir səbəb yoxdur, Almaniya bunu bacara bilər” ifadəsini işlədib. (BBC radiosu)
Follow @7timesaz