Kanada hökuməti oktyabrın 1-dən etibarən koronavirus pandemiyası ilə əlaqədar səyahət məhdudiyyətlərini aradan qaldırır.
7Times.az xarici mətbuata istinadən xəbər verir ki, Kanada hökumətinin rəsmi saytında COVID-19 ilə bağlı bütün giriş məhdudiyyətlərinin qaldırıldığı məlumat verilib.
Habelə Kanadaya daxil olanlar üçün sınaq, karantin və təcrid tələbləri də ləğv edilir. Səyahətçilərin ölkəyə gəldikdən sonra COVID-19 simptomlarını izləmək və ya məlumat vermək lazım olmayacaq.
Səyahətçilərdən artıq təyyarələrdə və qatarlarda maska taxmaq, hava və dəmir yolu səyahətləri üçün sağlamlıq müayinəsindən keçmək tələb olunmadığı bildirilir.
Hökumət bu qərara peyvəndləmə göstəriciləri, xəstələnmə və ölüm hallarının azalmasının səbəb olduğunu bildirib.
Habelə, Yaponiyanın da oktyabrın 11-dən etibarən COVID-19 ilə əlaqədar tətbiq edilən bütün məhdudiyyətləri ləğv edəcəyi məlum olub. Bildirilir ki, koronavirus simptomları olan şəxslər istisna olmaqla, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tanınmış peyvəndlərdən 3 doza sertifikatı ilə və ya yola düşməzdən 72 saat əvvəl götürülən koronavirus testi mənfi olan şəxslərə viza verilməsi bərpa ediləcək.
Xatırladaq ki, 1 Avqustdan etibarən Fransa sərhədində COVID-19 məhdudiyyətləri ləğv edilmişdi.
Qonşu Rusiyada isə peyvəndləmə kampaniyası davam edir.
Follow @7timesaz