“Şimal axını 1” və “Şimal axını 2” boru kəmərlərində baş verən sızmalarla bağlı Qərb və Rusiya arasında qarşılıqlı ittihamlar davam edir.
7Times.az bildirir ki, bu fonda Avropa mübahisəli iddia irəli sürüb. Belə ki, Avropa təhlükəsizlik rəsmiləri Rusiya Hərbi Dəniz Qüvvələrinin gəmiləri və sualtı qayıqlarının “Şimal axını” boru kəməri yaxınlığında aşkarlandığını bildirib. “CNN”nin məlumatına görə, rəsmilər bu gəmilərdən hər hansı birinin təxribatda iştirak edib-etməməsinin hələlik bəlli olmadığını deyib: “Lakin onların yeri şübhə doğurduğu üçün araşdırma aparılır”.
Bəzi analitiklər isə sözügedən hücumların Rusiyanın Qərbi qorxutmaq üçün yeni cəhdi olduğunu iddia etsə də, digərləri bunun yeni iqtisadi müharibənin qapısını açacağını düşünür. Mütəxəssislər xəbərdarlıq edirlər ki, kritik boru kəmərləri kəsilərsə, bu, yenidən enerji böhranı, tənəzzül və ya maliyyə çöküşü ilə nəticələnə bilər.Digər tərəfdən eyni dövrdə iki ayrı boru xəttində oxşar sızmaların olması “təxribat” müzakirələrinə səbəb olub. Avropa və ABŞ təxribatla bağlı Rusiyaya işarə etsə də, Moskva administrasiyası boru kəmərinə edilən hücumların arxasında ABŞ-ın ola biləcəyini irəli sürüb. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova dünən bildirib ki, sızıntılar ABŞ kəşfiyyat orqanlarının tam nəzarətində olan Danimarka və İsveçin eksklüziv iqtisadi zonasında baş verib. Zaxarovanın bu sözləri Rusiyanın birbaşa ABŞ-ı hədəf alan ilk bəyanatı kimi qeydə alınıb.
Follow @7timesaz