Rusiya bu yaxınlarda Ukraynanın daha 4 bölgəsini ilhaq etməklə böyük güc nümayiş etdirib. Putin isə mərasimdəki çıxışında dünyaya meydan oxuyaraq işğal əməliyyatının davam edəcəyinə işarə edib.
Bəs “uğur hekayəsinin” yazıldığı Kremldə işlər həqiqətən yaxşı gedirmi?
Sfera.az bildirir ki, Kremldəki yüksək vəzifəli məmurlar “The Telegraph” qəzetinə müharibənin gedişatı və Putinin vəziyyəti haqda maraqlı açıqlamalar veriblər. Son bir neçə həftə ərzində xarici mətbuata danışan şəxslər arasında 15 dövlət qulluqçusu, deputat, dövlət və özəl şirkətlərin rəhbər işçiləri yer alıb. Sözügedən “rus elitası” hərbi münaqişənin yaxın aylarda daha da güclənəcəyini bildiriblər:
“Müharibə başlayandan bəri rus ordusunun uğursuz əməliyyatları ölkə daxilində vəziyyəti kəskin şəkildə dəyişdirdi. Ukraynanın hücumu Kremli səfərbərlik elan etməyə, Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin ilhaqı ilə bağlı referendum keçirməyə məcbur edib. Vladimir Putin cəbhədəki məğlubiyyətlər qarşısında tələsik və məxfi qərarlar qəbul edir. Amma Putin məğlub ola bilməz, ona görə də təcili olaraq vəziyyəti düzəltməlidir”.
Mənbələr mətbuata açıqlamasında deyib ki, Rusiya lideri ölkə daxilində “koordinasiya çatışmazlığı” və hərbi rəhbərlərlə məsləhətləşməməkdə ittiham edilir: “Heç kimə izahat verilmir. Putin hər kəsə fərqli şeylər deyir. Bu, təkcə iqtisadiyyata deyil, həm də müharibənin necə aparıldığına aiddir”.
Hökumətə yaxın mənbə indi qismən, lakin sonra kütləvi səfərbərliyin olacağını, ardınca taktiki nüvə silahların işə salınacağını deyib: “Hökumət proqramçıların və texnoloji rəhbərlərin Rusiyadan qaçmasının qarşısını almağa fəal şəkildə çalışır. Şirkətlər işçilərin siyahılarını Müdafiə Nazirliyinə göndərirlər. Orduya çağırılanların çoxu dövlət qulluğu vəsiqəsini göstərərək qaçmağa cəhd edir. Lakin məmurlar, deputatlar və dövlət şirkətlərinin işçiləri üçün nəzərdə tutulan güzəştlər onların ailələrini əhatə etmir. Ona görə də artıq bir çox dövlət məmurları qardaşlarına, oğullarına, digər qohumlarına təyyarə bileti alaraq xaricə göndəriblər. Bəziləri isə bu prosesə gecikiblər”.
Mənbələrin sözlərinə görə, Rusiya elitasından heç kim Putini müharibəni dayandırmağa səsləməyib: “İlk aylarda Aleksey Kudrin kimi adlar Putinə qərarlarının nəticələrini izah etməyə çalışsa da, indi o da yoxdur. Ümumiyyətlə Putinlə danışmaq mənasızdır. Qərb Rusiyanı məhv etmək istəyir və Ukrayna ilə müharibədə məğlubiyyət Rusiyanın ölümü deməkdir”.
Follow @7timesaz