İdman

Qurban Qurbanovu ya həbs etməlidirlər, ya da…

Qurban Qurbanovu ya həbs etməlidirlər, ya da…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Axı bu adam nə istəyir? Axı bu adam kimə nəyi sübut etmək niyyətindədir? Axı bu adam kimlərin gözünü açmağı, hansı yatmışları oyatmağı planlaşdırır?
Bu adam çox, çox-çox təhlükəlidir. Bu adam sübut edir ki, Azərbaycanda çörək çörəkçiyə verilsə, çörək olar ölkədə. Bu adam deyir ki, “Azərbaycanda futbolun olması mümkün deyil” iddiası şarlatanlara məxsusdur. Bu adam bağırır, haray çəkir ki, indiyə qədər futbol üçün ayrılmış vəsait “çörəkçilər”ə verilsəydi, Azərbaycan futbolu Lüksemburqun altında olmazdı. Bu adam soruşur: “Ölkənin futbolu uzun illərdir Rövnəq Abdullayevin, Elxan Məmmədovun inhisarına niyə verilib? Hansı qabiliyyətlərinə, bacarıqlarına görə?”
Bu adam deyir ki, ölkədə kadr islahatı düzgün aparılsa, hər sahədə uğur qazanmaq olar. Bu adam deyir ki, uğur qazananlara badalaq vurulmasa, “torba” tikilməsə, bizim də ölkəmizdə insanların üzü gülər. Bu adam deyir ki, rus dilində, ingilis dilində danışanlara, xaricdə 200 dollara sertifikat alanlara yox, xalqın dilini bilənlərə, iş görənlərə verilməlidir önəm. Bu adam deyir ki, əti atın, otu itin qabağına qoymaq olmaz.
Bu adam insanları düşünməyə vadar edir, yatmışları ayıldır və onlar da soruşur: “Bataqlığın içində bu işləri necə görür bu adam?”
Demək ki, uğurlu iş görmək olarmış. Çörək çörəkçiyə verilərsə, ot atın, ət itin qarşısına qoyularsa.
Bu adam çox təhlükəlidir. Bu adam insanları düşünməyə vadar edir. Bu adam həqiqətin harada olduğunu göstərir. O, ölkəni qaranlığa aparanların düşmənidir. Qarşısında ət olan “atlar”, ot olan “itlər” ondan qorxurlar. Onlar bu adamdan yaxa qurtarmağa çalışacaqlar. Necə? Ya həbs etməlidirlər, ya ölkədən qovmalıdırlar. Ya da xaricdə 200 dollara hansısa ali məktəbin sertifikatını almış bir Elxanı “Qarabağ”a rəhbər təyin etməlidirlər. Ölkəni qaranlığa aparmaq istəyənlər ona – Qurban Qurbanova qarşı plan quracaqlar mütləq. Azərbaycanın işığa doğru getməsini istəyənlər, bu adamı qoruya bilərik?(aut.az)