Dünya

Kreml Qarabağla bağlı “Kalininqrad ssenarisi”ni işə salır? – “Referendum keçirib…”

Kreml Qarabağla bağlı “Kalininqrad ssenarisi”ni işə salır? – “Referendum keçirib…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan “Qarabağ yükünü” üzərindən atmaq istəyir, amma bunu Azərbaycanın ərazi bütövlüyünü tanımaqla deyil, bölgəni Rusiyaya yükləməklə etməyə çalışır”.

Sfera.az bildirir ki, bunu REAL partiyasının icraçı katibi Natiq Cəfərli deyib. O,  dünən qondarma “Arsax”ın “Təhlükəsizlik Şurası”nın  6 bənddən ibarət bəyanat yaydığını vurğulayıb. N.Cəfərlinin sözlərinə görə, Ermənistan rəsmi Bakı ilə danışıqlardakı gündəlikdən Qarabağ mövzusunun çıxarılmasını, iki ölkə arasında olan problemlərin masaya ayrıca yatırılmasını və rəsmi Bakının Qarabağ ermənilərilə danışıqlara getməsini tələb edir:

“Qondarma qurumun son bəyanatında qələmin Kreml tərəfindən tutulduğu aydın görünür – son 2 ildə dəfələrlə ictimai çıxışlarımda xəbərdarlıq etmişdim ki, sonda Xənkəndi məsələsi Rusiya ilə münasibətləri dalana dirəyəcək, əgər Moskva Ukraynada uğur qazana bilsə, o zaman eyni ssenarini (referendumla öz ərazisinə qatmaq, Kalininqrad kimi eksklav şəklində) Qarabağda da təkrarlaya bilər. Son zamanlar yayılan videoların, Ermənistanla sərhəddə qonşu dövlətin müxtəlif maraq qruplarının törətdiyi təxribatlarının yeganə məqsədi Brüsselin moderatorluğunda davam edən sülh prosesini baltalamaq, yenidən bütün iplərin Kremlin əlinə keçməsinə şərait yaratmaqdır”.

Partiya üzvü  Azərbaycanın atmalı olduğu addımlardan da söz açıb:

“Ardıcıllıq belə olmalıdır: Sülh danışıqlarını bacardıqca intensivləşdirmək, ilin sonuna qədər çərçivə anlaşmasının imzalanmasına nail olmaq; Xankəndi və ətrafında yaşayan erməniəsilli vətəndaşların Azərbaycana inteqrasiyasının yol xəritəsini elan etmək, Xankəndi və ətrafındakı yaşayış məntəqələrində seçkili yerli orqanların olacağına zəmanət vermək;  Moskvaya son xəbərdarlıq edərək oktyabr ayının sonuna qədər “rus sülhməramlıların” nəzarətində olan bölgələrdə onlardan başqa əlində silah olan kimsənin qalmamasını tələb etmək, əgər tələb yerinə yetirilməsə, anti-terror əməliyyatlarına başlamaq;  “Rus sülhməramlıları”  bu əməliyyatlara mane olsalar, Milli Məclisin geniştərkibli iclasını elan etmək, deputatlardan başqa bütün əsas siyasi qüvvələrin iştirakı ilə müzakirələr apararaq sülhməramlıların ərazimizdəki fəaliyyətini qeyri-qanuni elan etməklə onların məmləkətdən çıxması üçün 48 saat vaxt vermək…”.