Erməni mediasında yayılan məlumatlara görə, Qərb Ermənistanın baş naziri Nikol Paşinyandan bu ilin sonuna qədər sülh sazişi imzalamasını tələb edib. Məsələ oktyabrın 6-da Praqada bağlı qapılar arxasında müzakirə olunub. Azərbaycan Prezidenti İlham Əliyevin sazişin imzalanması üçün 9 noyabr tarixini təklif etdiyi barədə məlumat da var.
Bununla bağlı Sfera.az-a açıqlama verən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri, politoloq Samir Hümbətov deyib ki, Qərbin Ermənistanı sülhə məcbur etməkdə maraqları var:
“Qərb yaxşı başa düşür ki, Rusiyadan alınana enerji yükündə böyük miqdarda qırılmalar var və nə vaxtsa bu ölkə qəfildən qaz və neft satışını tamamilə dayandıra bilər. Avropa işini enerji təhkükəsizliyini təmin etmək məqsədilə ABŞ və Rusiyadan asılı olmamaq üçün Ermənistanı sülhə məcbur edir. Ola bilsin ki, prezident İlham Əliyev sülh sazişinin 9 noyabr tarixində imzalanmasını istəyib. Bu, həm də 2020-ci ildə üçtərəfli bəyannamənin imzalanması ilə eyni günə düşür və bu, bizim mütləq qalibiyyətimizin göstəricisi kimi qiymətləndirilə bilər. Amma 9 noyabr tarixində olmasa belə, ilin sonuna qədər sülh müqaviləsinin imzalanması üçün tərəflərin hərəkətə keçmək ehtimalı çoxdur”.
Müsahibimiz qeyd edib ki, Rusiya və İranın buna necə reaksiya verəcəyi də nəzərdən qaçırılmamalıdır:
“Sülh sazişi imzalansa, Rusiya Qarabağdan çıxmalı olacaq. Rusiya və İranın burada maraqları zərbə altına düşdüyünə görə bütün imkanları ilə buna mane olmağa çalışacaqlar. Nəticənin nədən ibarət olacağını zaman göstərəcək”.
Follow @7timesaz