Bakıda xadimə iş adamının evinin yataq otağındakı əl çantasından böyük məbləğdə pulu hissə-hissə oğurlayıb.
Qaynarinfo-nun məlumatına görə, Yeganə adlı qadın İlham adlı iş adamının Səbail rayonu, İçərişəhər, Asəf Zeynallı küçəsində yerləşən iki mərtəbəli və mansarlı evində xadimə işləyib. O, 2021-ci ilin aprel ayının əvvəllərindən başlayaraq 1 fevral 2022-ci il tarixə qədər evdə 500 manat əmək haqqı ilə çalışıb.
İlham şəxsi biznesindən qazandığı pulları 50-100-lük dollar və avro şəklində müxtəlif məbləğdə tünd göy rəngli əl çantasına qoyaraq yataq otağında çarpayının yanında saxlayıb. Qadın evində təmizlik işlərini apararkən çarpayının yanında əl çantanın içərisində sayını bilmədiyi çox sayda 100-lük ABŞ dolları və avro pul əskinaslarını görüb, maddi vəziyyəti aşağı və Şəki rayonunda yaşayan oğlu Toğrulun xəstəliyi ilə bağlı pula ehtiyacı olduğundan hər 15-20 gündən bir çantadan 2-3 ədəd əskinas götürüb.
Ev sahibi 7 dekabr 2021-ci ildə çantada olan dollar zərfini açdıqda içərisində 10.000 dollar olmalı olduğu halda, cəmi 5400 dollar olduğunu görüb. O, bununla bağlı həyat yoldaşı Aytəndən soruşub. Lakin xanımı pulu götürmədiyini deyib.
2022-ci ilin yanvar ayı ərzində o, zərfdə olan pulun yenə azalmasını müəyyən edib. Pandemiya dövrü olduğundan evinə qohum-əqrabadan və ya tanışlarından heç kimin gəlib-getmədiyini, kənardan müdaxilə olunmadığı və evdə yad adam olaraq yalnız Yeganə olduğu üçün ondan şübhələnməyə başlayıb.
Bundan sonra iş adamı Yeganənin etdiyi oğurluğu sübuta yetirmək üçün 26 yanvar 2022-ci ildə həmin zərfə əlavə olaraq 2.000 dollar qoyub ki, zərfin içərisində pul çox olsun. İlham həmin pulların fotosunu çəkib ki, əskinasların seriya nömrələri şəkilə düşsün.
Bundan sonra hər gün zərfdə olan pulun miqdarı Yeganə evdən getmədən həyat yoldaşı Aytən tərəfindən yoxlanıb. Nəhayət, 1 fevral 2022-ci il tarixdə Yeganə yenə evə gəlib. Evin xanımı paltar ütülətmək bəhanəsi ilə onu ləngidərək, çantanın içərisindəki pulu sayıb. Məlum olub ki, puldan 200 dollar götürülüb. Dərhal bu barədə ərinə məlumat verib.
İş adamı oğurluqla bağlı Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə müraciət edib və polis əməkdaşları ilə birlikdə evə gəlib. Yeganə polislərlə söhbətində oğurluğu etiraf edib və həmin günü götürdüyü 200 dolları verib.
Səbail Rayon Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə ittiham olunaraq 2 il müddətinə azadlıqdan məhrum edilib.
Follow @7timesaz