Oktyabrın 20-də dost və qardaş Azərbaycana səfər edərək işğaldan azad edilən ərazilərdə inşa olunan Zəngilan Beynəlxalq Hava Limanının açılışını qardaşım Prezident İlham Əliyevlə birlikdə etdik. Bildiyiniz kimi, Vətən savaşından sonra əlaqələrimizi yeni mərhələyə yüksəltdik. Münasibətlərimizin şəhadətnaməsi olan Şuşa Bəyannaməsini məclislərimizdən ildırım sürəti ilə keçirərək yeni dövrü təsdiq etdik.
Axar.az xəbər verir ki, bu sözləri Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə hökumətinin iclasından sonra xalqa müraciətində deyib.
Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin inkişaf dinamikasından danışaraq, ölkəmizin işğaldan azad olunan ərazilərində inşa edilən Zəngilan və Füzuli hava limanlarının tikintisinin regionun dirçəlişi və inkişafı baxımından strateji əhəmiyyət daşıdığını bildirib. Eyni zamanda, Azərbaycana səfərlərinin önəmini vurğulayaraq deyib:
“Heç şübhəsiz ki, bu ziyarətlər içərisində 2020-ci ilin dekabr ayında Bakıda iştirak etdiyim Zəfər paradının xüsusi yeri var”.
Səfər çərçivəsində açılışı keçirilən yeni təsisatların, həmçinin üçtərəfli formatda gerçəkləşən əməkdaşlıq əlaqələrinin əhəmiyyətini yüksək dəyərləndirən Türkiyənin dövlət başçısı diqqətə çatdırıb ki, müzakirələr zamanı ərazilərin minalardan təmizlənməsinin, həmçinin digər sahələrdəki əməkdaşlıq əlaqələrinin sürətləndirilməsi qərarlaşdırılıb.
Follow @7timesaz