Dünya

RUSİYANIN DÜŞDÜYÜ MƏNƏVİ BATAQLIQ…  “Rusbaşlar” Azərbaycanı kimə “calaq etmək” istəyir?

RUSİYANIN DÜŞDÜYÜ MƏNƏVİ BATAQLIQ… – “Rusbaşlar” Azərbaycanı kimə “calaq etmək” istəyir?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyalı Nobel mükafatçısı, “Nezavisimaya Qazeta”nın baş redaktoru Dmitri Muratov son müsahibələrinin birində deyib ki, dahi rus şairi Aleksandr Puşkin 1837-ci ilin fevralında yox, 2022-ci ilin 24 fevral günü qətlə yetirilib.

Yəni, Ukraynaya qarşı qanlı işğalçılıq müharibəsinin başlandığı gün rus ədəbiyyatının, elminin, incəsənətinin, mədəniyyətinin bütün dünya üçün öldüyü günə çevrilib. Ona görə də həmin gün təkcə Puşkini yox, Dostoyevskini, Tolstoyu, Bulqakovu, Çaykovskini, Raxmaninovu və digər mütəfəkkirləri də öldürdülər…

Əslində, zatən fundamental xarakteristikalarında həddindən çox qüsurlu məqamlar olan rus hakim zümrəsini, elitasını bu savaş bir qədər də gün işığına çıxararaq, onun mütləq əksəriyyətinin nə qədər çürük, qəddar, ədalətsiz, feodal mahiyyətə malik olduğunu ortaya qoydu. Artıq əsrlər boyu böyük imperiya iddialarında olan və hazırda da bu iddianın doğurduğu şovonizm, millətçilik, müstəmləkəçilik ideyalarından qurtula bilməyən bu dövlət Ukrayna savaşı uzandıqca daha dərin siyasi, iqtisadi, sosial, demoqrafik bataqlığa düşməklə yanaşı, böyük bir mənəvi bataqlığa çevrilir…

Bu dövlətin eybəcər və ən əsası da onun gələcəyi ilə bağlı bütün ümidləri puç edən cəhətlərindən biri odur ki, Rusiyanın böyük, fitri istedad, intellekt sahibi olan dünya şöhrətli ziyalıları, mədəniyyət, elm, incəsənət, ədəbiyyat xadimləri də bəzi istisnaları çıxmaq şərtilə, “Çar”-ın qarşısında “lakeylik” edir, bu yarıkriminal dövlətin istər başqa bir dövlətə, istərsə də öz vətəndaşlarına qarşı ən qəddar, ədalətsiz, çirkin davranışlarına haqq qazandırır, onu dəstəkləyirlər…

 

 

Məsələn, dünyaca ünlü Rusiya kinorejissoru, ssenaristi, möhtəşəm əsərlər yaratmış Andrey Konçalovski hələ müharibədən çox illər əvvəl rus cəmiyyətinin, mentalitetinin tarixən ədalətsiz, çürük əsaslar üzərində durduğunu bildirirdi. Bunun acı nəticələrini statistik göstəricilərlə əsaslandıraraq deyirdi ki, rus cəmiyyətinin mənəvi çöküşü fiziki çöküşü ilə paralel gedir. Misal üçün, Rusiya əhalinin azalma tempinə görə dünyada liderdir.

Bununla yanaşı, Rusiyada uşaq evlərindəki hər 10 uşaqdan 8-nin valideyni sağdır, həyatdadır. Yəni, bu adamlar sadəcə, uşaqlarını atıblar. Necə ki, qocalar evlərindəki hər 10 yaşlı rusdan 8-nin həyatda olan və onlara baxa biləcək maddi imkanlara malik övladları, yaxınları var!

Müxtəlif mənbələr Rusiyada minimum 2 milyon, maksimum 5 milyonadək evsiz (rusların “besprizornıki” adlandırdıqları-C.M.) uşaq olduğunu bildirir. Müqayisə üçün Rusiyadan 10 dəfə artıq – 1.4 milyard əhalisi olan Çində evsiz uşaqların sayı cəmi 200 min nəfərdir.

Rusiya valideynləri tərəfindən atılan uşaqların sayına və cinsi istismar, zorlama da daxil olmaqla, uşaqlara qarşı törədilən cinayətlərin sayına görə də dünyada birinci yerdədir!

Rusiyada ildə narkotikdən azı 30 min, alkoqolizmdən isə azı 70 min insan ölür. Bu rəqəmlərdən sonra Putinin Ukraynada artıq sayı yavaş-yavaş 100 minə yaxınlaşan rusiyalını gözünü qırpmadan qırğına verməsi təbii görünür…

Ancaq bir neçə il əvvəl bu statistikanı səsləndirən və hakimiyyəti tənqid edən Konçalovski bu gün Rusiyanı daha da dərin bataqlığa sürükləyən Ukraynaya qarşı qanlı, cinayətkar, işğalçı müharibəyə haqq qazandırır və Putini “cəsarətli lider” adlandırır. Bu, rus intelligensiyasının çürük, saxta, mənəvi xəstə mahiyyətini əks etdirən və gələcək faciələrini şərtləndirən acınacaqlı faktlardan biridir. Və Azərbaycanı Rusiyanın quyruğuna bağlamaq istəyən bizdəki “rusbaşlar” bizi məhz yuxarıda qeyd etdiyimiz keyfiyyətlərə malik bir topluma, zehniyyətə “calaq” etmək, onun əsarətinə salmaq istəyirlər…

Bu statistikaya bir göstəricini də əlavə etməyə dəyər – Rusiyanın işğalçılıq müharibəsindən öncə “azad etməyə” getdiyi Donbasda 2020-ci ildə 8, 2021-ci ildə isə cəmi 5 dinc sakin Ukrayna Ordusu ilə təmas xəttinə yaxın ərazilərdə mərmi, yaxud güllə yarsından həlak olmuşdu. Müharibə başlayandan sonra isə “rus dünyası”nın 8 ildən çoxdur “at oynatdığı” həmin Donbasda həlak olan dinc əhalinin və rus ordusu tərkibində Ukraynaya qarşı döyüşlərdə “o dünyaya göndərilən” yerli rusların sayı 10 minlələ hesablanır. Budur separatizmin və “rus dünyası” aşiqlərinin aqibəti. Hansı ki, məsələn, Rusiya işğalından əvvəl – 2012-ci ildə Donetskdə Futbol üzrə Avropa Çempionatının oyunları keçirilirdi, region inkişaf edir, çiçəklənirdi…

 

 

Putin özünün rəhbərlik etdiyi Rusiyanın bütün bu biabırçı “göstəricilərindən” və Ukraynada törətdiyi terrordan, hərbi cinayətlərdən, işğaldan sonra utanmadan da Ukraynaya “süni dövlət” deyir, ukraynalıların isə ruslarla eyni xalq olduğunu iddia edir. O zaman belə çıxır ki, Rusiya öz xalqını qırır, ev-eşiyindən didərgin salır, şəhərlərini, kəndlərini yer üzündən silir, qışın ortasında işıqsız, susuz, qazsız qoyur, hətta nüvə silahı ilə hədələyir.

Yeri gəklmişkən, Rusiyanın Ukraynaya qarşı irəli sürdüyü eyni “arqument”dən ermənilər də bizə qarşı istifadə edirlər. Bu, Ukrayna kimi, bizim də guya “süni dövlət” olmağımızla bağlıdır. Burada da Rusiya ilə Ermənistan eyni cəbhədə yer alır, eyni absurd, əsassız və həyasız tezisdən çıxış edir. Ancaq bilinmir ki, bu uydurma “süni dövlət”lə “təbii dövlət” anlayışlarının fərqi nədir?

Ümumiyyətlə, o şeyə süni deyilir ki, onu təbiət yox, insan yaradır. Bütün dövlətlər insanların əsəridir və saxta tarix nağılları, uydurmaları əsasında dövlətləri süni və təbii kimi kateqoriyalara bölmək yalnız Rusiya və Ermənistan kimi oxşar cəhətlərə malik çürük, işğalçı, şər-böhtan mahiyyətli ölkələrin, dövlətlərin əsas “arqumenti” ola bilər. Belə dövlətləri isə bütün dünya yığışsa, başa salmaq, maarifləndirmək, ağıllandırmaq mümkün deyil. Yeganə yol onların üzərində sarsıdıcı qələbə qazanmaqdır…

“AzPolitika.info”