İranda 22 yaşlı Məhsa Amininin ölümünə etiraz olaraq başlayan etiraz aksiyalarından sonra dünyanın bir çox ölkələrində də geniş həmrəylik nümayişləri keçirilir.
7Times.az bildirir ki, Kanadada da minlərlə insanın iştirakı ilə İran xalqına dəstək aksiyaları baş tutur. Həmin aksiyalara rəhbərlik edən şəxslərdən biri isə əslən İran azərbaycanlısı olan Rza Morididir. O, bir neçə gündür, Kanadada on minlərlə insanı mitinqə yığmağı bacaran aparıcı şəxslərdəndir.
Bu barədə Moridi sosial media hesabında davamlı paylaşımlar edir, tərəfdaşlarını İranda cəhalətə son qoymaq və İslam respublikası devrilənə qədər mübarizə aparmağa səsləyir. Bu istiqamətdə noyabrın əvvəllərində Torontoda ardıcıl olaraq bir neçə aksiya baş tutub.
“Biz körpələri öldürən hökumət istəmirik. Mollaların cinayətlərindən biri də 18 yaşına çatmamış uşaq və yeniyetmələri öldürməkdir”, deyən Moridi çıxış yolunu İran İnqilabında görənlərdəndir.
Xatırladaq ki, Rza Moridi Kanadada Ontario Araşdırma, İnnovasiya üzrə Elm naziri və Təhsil naziri olub. 2007, 2011 və 2014-cü illərdə Ontario Parlamentinə seçilib. Rza Moridi Kanadada və beynəlxalq aləmdə elmi, strateji planlaşdırma və siyasi təcrübələrə malikdir. Siyasətə qoşulmazdan əvvəl vitse-prezident və aparıcı elm adamı olduğu Kanadadakı Radiasiya Təhlükəsizliyi İnstitutunda 17 illik karyera keçirib. O, həmçinin Nazirlər Kabinetinin Təhsil, Bacarıq və İqtisadiyyat Komitəsinin sədri vəzifəsində çalışıb. İndi isə onun adı İran inqilabının mümkün liderləri sırasında da çəkilir.
Rza Moridi Güney Azərbaycanın Urmiya şəhərində doğulub. Orta və ali təhsilini İran paytaxtı Tehranda alıb. Sonra təhsilini Böyük Britaniyada davam etdirib. Fizika üzrə fəlsəfə doktorudur. Tehran Universitetini bitirdikdən sonra İngiltərənin Brunel Universitetində doktorluq elmi dərəcəsi alıb. O, beynəlxalq aləmdə tək fizik və Radiasiya Təhlükəsizliyi üzrə görkəmli alim kimi deyil, həm də insan haqları müdafiəçisi kimi də tanınır. Moridi vətəni İranda insan haqlarının müdafiəsində fəallıq göstərib. 2010 və 2017-ci illərdə Ontario Hökumət nümayəndə heyəti tərkibində Azərbaycana gəlib və ölkəmiz üçün çox faydalı və əməli işlərə imza atıb.
Qeyd edək ki, Rza Moridi Kanadanın Nazirlər Kabinetində vəzifəyə təyin olunan ilk İran azərbaycanlısıdır.
Sfera.az
Follow @7timesaz