Dünya

Rusiya əsas adamını İrana göndərdi – Ermənistana dəstək güclənir: Müharibə üçün SƏBƏB AXTARIRLAR

Rusiya əsas adamını İrana göndərdi – Ermənistana dəstək güclənir: Müharibə üçün SƏBƏB AXTARIRLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya, İran və Ermənistan Azərbaycan məsələsində ortaq məxrəcə gəlməyə çox yaxındır. Nəzərə alsaq ki, ötən gün Putin hakimiyyətinin ən güclü fiquru hesab edilən Rusiya Təhlükəsizlik Şurasının sədri Nikolay Patruşev İrana səfər edib, o zaman onların Qarabağ ətrafında birgə manipulyasiya imkanları da müzakirə edilməmiş deyil. Tehranda iranlı həmkarı Əli Şamxani ilə görüşən Patruşev, daha sonra İran prezidenti Rəisi ilə görüşüb.

Verilən rəsmi açıqlamada Patruşevin Şamxaninin dəvəti ilə Tehrana səfər etdiyi və səfərin iki ölkə arasında strateji əlaqələri dərinləşdirmək məqsədi daşıdığını qeyd etsə də, bu səfərin yalnız Rusiyanın maraqlarına xidmət etdiyi inandırıcı deyil. Tehran da bu səfərdən Rusiyanın istəyi qarşılığında Moskvadan nələrisə almaq niyyətindədir.

Xersondan çəkilmək məcburiyyətində qalmalarına rəğmən müharibənin davam etməsinin tərəfdarı olan Patruşevin İrandan xüsusilə, ballistik raketler istəmək üçün Tehrana getdiyinin iddia edildiyi bir vaxtda Bakı ilə Tehranın hazırki münasibətlərinin olduqca naxoş olduğuna diqqət yetirmiş olsaq və bu dövlətlərin bir də qonşuluqda yerləşdiyini nəzərə alsaq, demək ki, molla rejimi də Moskvadan bu gün imzalanmasından 2 il keçən 10 noyabr üçtərəfli bəyanatında nəzərdə tutulan Zəngəzur dəhlizi məsələsi ilə bağlı müddəa ətrafında manipulyasiya üçün razılıq istəyib. Çox güman ki, Tehran bunun üçün hansı variantları sınayacağını da Patruşevə açıq-aydın deyib.

Əlbəttə ki, Rusiyanın İranla yaxınlaşması və silah tədarükündə getdikcə daha çox asılı hala düşməsi rəsmi Bakı üçün arzuolunmazdır. Çünki Rusiya Cənubi Qafqazda İranı limitləyən ənənəvi güc funksiyasını yerinə yetirirdi. Amma belə olan halda Moskvanın Tehrandan asılılığının artması İranın Cənubi Qafqazda manevr imkanlarını artıracaq.

Onu da nəzərə alsaq ki, Rusiyanın Ukrayna cəbhəsində xeyli gerilədiyi bir vaxtda, Cənubi Qafqazdakı mövqeyini də itirmək təhlükəsi ilə üz-üzə qalmamaq üçün Ermənistanla Azərbaycan arasında imzalanması gözlənilən sülh müqaviləsini yubatmaq, ona mane olmaq başlıca şərtdir. O zaman Tehranın bu istiqamətdəki təklifi Moskva üçün də qənaətbəxş hesab oluna bilər. Və Moskva ən optimal seçim kimi Tehranın variantına üstünlük verəcək.

Artıq biz bu dövlətlərin birgə “işbirliyinin” növbəti təzahürlərinin şahidiyik. Ermənistanın baş naziri Nikol Paşiyan bu gün hökumətin iclasında çıxış edərkən belə deyib ki, “Əliyev tez bir zamanda Laçın dəhlizinin bağlanması üçün zəmin yaratmağa çalışır”. Bununla da Paşinyan Bakını qabaqlayaraq dolayısı ilə Zəngəzur dəhlizinin açılmayacağı təqdirdə Azərbaycanın görəcəyi sərt tədbirlər zamanı “mən sizə deyirdim, Azərbaycan tərəfi sülh istəmir, Azərbaycan Ermənistanı blokadaya salmaq istəyir” kimi fikirləri rahat səsləndirə bilmək üçün məhz özü zəmin hazırlamaqla məşğuldur.

Lakin Paşinyan siyasi aləmdə nə qədər naşı, təsadüf olduğunu növbəti dəfə təsdiq etdi. Erməni baş nazir daha onu düşünə bilmədi ki, Əliyev üçün Laçın dəhlizini bağlamaq indiki situasiyada iki vur ikidir. Lakin rəsmi Bakı bunda maraqlı deyil. Azərbaycan istəyir ki, Ermənistan üzərinə götürdüyü öhdəlikləri öz xoşluğu ilə yerinə yetirsin, kommunikasiyalar açılsın və regionun digər dövlətləri kimi Ermənistan da bu iqtisadi imkanlardan inkişafı, inteqrasiyası üçün yararlansın.

İstənilən halda Paşinyan bu gün növbəti sərsəm bəyanatları İran və Rusiyanın istəyi əsasında səsləndirib. Moskvanın Tehranla məcburiyyətdən zərurətə aparan bu əməkdaşlığı vaxtaşırı aşırı dərəcədə Qərbə yıxılan İrəvanın daha sıx əldə saxlanılmasında da Rusiyanın işinə yaraya bilər.

Sentyabr ayında Çinə səfər etmiş, ötən günlərdə isə Qərb mətbuatının Patruşevin ABŞ milli təhlükəsizlik müşaviri Cek Sallivanla da daimi təmasda olduğunu iddia etməsi əsaslı şübhələr yaradır ki, Rusiya xarici siyasəti artıq birbaşa olaraq bu şəxsin ixtiyarına verilib və onun vasitəsilə Rusiya danışıqlar aparmaq xəttini seçib. Bu da Vladimir Putinin Ukrayna ilə müharibə qərarından sonra nüfuzunun dünyada xeyli aşağı düşdüyünü anlamasından irəli gələn bir qərar ola bilər.

Belə olan halda isə İranın Azərbaycanla bağlı planlarını Rusiya tərəfindən məhz elə Patruşevlə də razılaşdırmaq imkanı deyilənlərin iddiadan daha çox həqiqət olduğunu düşünməyə tutarlı əsaslar yaradır.

Ssenarinin bu cür inkişafı isə Azərbaycan qarşısında göz görə-görə Ermənistan-İran-Rusiya İttifaqının qurulması deməkdir. Ermənistanın məqsədlərindən biri Zəngəzur dəhlizinin istifadəyə verilməsindən imtinadırsa, bu məsələ İran üçün Bakıya qarşı prioritet təşkil edən mövzudur. Eyni zamanda Rusiya Qarabağ separatçılarının bölgədə mövcudluğunda maraqlı olduğu qədər İran və Ermənistan da maraqlıdır. Göründüyü kimi, bu üç dövləti Azərbaycanla bağlı birgə mövqe tutmaqda indiki situasiyada daha çox səbəblər bir araya gətirir. Bütün bu məsələlər regionunun keçən 30 ilki vəziyyətinin təkrarlanmasına hesablanıb ki, hər üç dövlət üçün keçmiş “vəziyyət” arzuolunandır.

Cəhənnəmə gedən özünə yoldaş axtarır

Belə bir məqamda Ukrayna ilə müharibənin əsas tərəfdarı olan Patruşevin Kremldə güclənməsi Moskvada müharibəni davam etdirmək baxışının hələ də hakim olduğundan xəbər verir. Bu vəziyyət isə Bakı üçün çox əlverişli imkanlar yarada bilər: Rusiya Avropanın Şərqində Ukrayna ilə savaşa fokslanacaq. Bu vəziyyət Rusiyanın daha da güc itkisi ilə nəticələnəcək. Qərbin və Amerikanın göndərdiyi silahlar qarşısında dayanıqlılıq nümayiş etdirmək Rusiya üçün növbəti “geriçəkilmə” proseslərini sürətləndirəcək ki, bu da Kremldə ciddi etiraz səslərinin ucalması və Moskvanın konsantrasiyanı itirməsinə gətirib çıxara bilər.

Təhlükəsizlik Şurasının katibinin İrandan daha çox pilotsuz uçuş aparatları və raketlər almaq üçün Tehrana getməsi Rusiyanın Ukrayna ilə savaşda hər hansı bir ciddi irəliləyişə sahib olacağını deməyə əsas yaratmır. Çünki biz bunu daha öncə də gördük. Rusiya İrandan aldığı kamikadze dronlarla, ballistik raketlərlə Ukraynaya məxsus elektrostansiyaları partlatsa da, dinc insanları hədəf alıb kütləvi qırğınlar törətsə də, bir neçə həftə içində Rusiya Xersondan da geri çəkilməyə məcbur qaldı. Eyni ssenarinin yenidən təkrarlanacağı istisna edilmir.

Bu əməkdaşlıq, iş birliyi İran, Ermənistan və Rusiyaya ancaq zərər verəcək. Rusiya bu cür əməkdaşlığa başlamaqla onsuz da gərgin günlər yaşayan və beynəlxalq aləmdən təcrid olunan İranı daha çox bataqlığa sürükləyir. Şübhəsiz ki, İran silahlarının Ukrayna şəhərlərini və mülki insanları hədəf götürməsi Tehran üçün daha ağır nəticələrlə yekunlaşacaq.

Yekunda daxildə etirazların artacağı Rusiyanı parçalanmaq təhlükəsi ilə üz-üzə qala bilər, İran onsuz da xoş günlərini yaşamır, Ermənistan isə bu adıçəkilən dövlətlərin yardımı olmasa acından günorta da dura bilməz. Belə olan halda Bakının diqtə imkanları daha artmış olur. İrəvan üçün manevr imkanları sıfıra enir. Azərbaycan bir güllə atmadan, növbəti ərazilərinə qovuşa bilər ki, ora Qərbi Zəngəzurdakı tarixi torpaqların da daxil olacağı istisna edilmir.

Ermənistanın geridə qalan 30 il ərzində Qarabağda Azərbaycana vurduğu zərər-ziyanların milyardlarla dollar dəyərində ölçüldüyünü nəzərə alsaq, Azərbaycana İrəvanın bunu qaytamaq üçün maliyyə imkanının bundan 30-50 il sonra üçün də imkansız olduğu sirr deyil. Azərbaycan iki ayağını bir başmağa dirəyib Ermənistandan təzminat tələb edəcəyi halda, İrəvanın bir çıxış yolu qalır – tarixi torpaqları Azərbaycana təklif etmək! Erməni xalqı o zaman anlayacaq ki, Ermənistan istər İran, istər Rusiya, istərsə də uzaq Qərbdəki havadarları üçün vasitədən başqa bir şey olmayıb.

Milli.Az