Dünya

Ayətulla Xameneyinin əmri ilə gizli toplantı: “Azərbaycana xüsusi diqqət yetirin!” – TƏFƏRRÜAT – FOTO

Ayətulla Xameneyinin əmri ilə gizli toplantı: “Azərbaycana xüsusi diqqət yetirin!” – TƏFƏRRÜAT – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən axşam saatlarında İranın paytaxtı Tehranda ölkənin inzibati idarəetmə, silahlı qüvvələr, güc strukturları, Xarici İşlər Nazirliyi, kəşfiyyat və əks-kəşfiyyat qurumları, habelə “İslam İnqilabı Keşikçiləri Korpusu” (“Sepahe Enqelabe İslami İran”, SEPAH”) və “Müqavimət Qüvvələri Səfərbərliyi” (“Niruye Müqavemate Bəsic”, “Bəsic”) korpusunun, dövlət informasiya agentliklərinin rəhbərliyindəki şəxslər iştirak ediblər.

İran XİN-nin yetkilisi çıxışında bildirib ki, hazırda İranın xarici siyasət müstəvisində qarşısında duran əsas məsələlərdən biri “Azərbaycanla münasibətlərin bundan sonrakı istiqamətidir”.

“Cənubi Qafqaz bölgəsində hadisələrdə iştirak imkanlarımızı gücləndirməliyik. Bu məqsədlə Ermənistanla münasibətlər daha da aktivləşməlidir”, – deyən XİN yetkilisinin sözlərinə görə, rəsmi Tehranın hədəfləri Azərbaycanın cənub-qərb bölgələrini Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizinin reallaşmasına və ən başlıcası, “İsrailin sionist rejiminin Cənubi Qafqaz bölgəsində aktivləşməsinə” imkan verməməkdir.

“Rəhbərin göstərişi budur ki, Azərbaycana xüsusi diqqət yetirin”, – XİN mənsubu söyləyib.

“Bəsic”in komandanı, general Qulamrza Süleymani isə 23 yaşlı Məsiha Əminin ölümündən sonra keçən 82 gün ərzində İranda genişmiqyaslı etiraz aksiyalarının səngimək bilmədiyini xatırladıb. Daha sonra isə o, bəyan edib ki, polis və “Bəsic” mənsubları aksiyaların qarşısını ala bilmirlər.

“Qüvvələrimiz, imkanlarımız tükənmək üzrədir. 4 aydır ki, küçələrdəyik, nümayişlərə, aksiyalara qarşıyıq. Bir anlıq da olsa, təsəvvür edin ki, “Bəsic” mənsubu əynində 20 kiloqram ağırlığında amunisiya ilə küçələrdə qaçmaq, nümayişçilərin qarşısını almaq məcburiyyətindədir. Aksiyalar gecə-gündüz dayanmır, səngimir. Çatdıra bilmirik”,  – Qulamrza Süleymani söyləyib.

O, daha sonra bildirib ki, etiraz aksiyalarının dağıdılmasında daha sərt tədbirlərə əl atılmalıdır.

Q.Süleymani habelə, SEPAH-a verilmiş “səlahiyyətlər”dən “Bəsic”ə də verilməsini istəyib: “Xuzistan, Sistan və Belucistanda döyüşçülərimizə, əməkdaşlarımıza atəş açırlar, onları bıçaqlayırlar. Adi vasitələrlə belə aksiyaları yatırmaq mümkün deyil. SEPAH sıralarına veteranları qaytarmağa başlayıblar. Bizdə də belə qərarın gerçəkləşməsini, həmçinin bəhs etdiyim vilayətlərdə silahdan istifadə etməyimizə icazə verilməsini istərdim”.

İranın dövlət informasiya agentliyi olan “Fars”ın baş direktor müavini Abbas Dərmiş Təvangar çıxışında vurğulayıb ki, ölkədəki vəziyyət ali dini rəhbər ayətullah Əli Xamenenini ciddi narahat edib.

“Hazırda ölkədəki kütləvi aksiyaların təkanverici qüvvəsi düşmənin mass-mediası və sosial şəbəkədəki hesablarıdır. Bizimsə mediada onlara qarşı müqavimətimiz yetərli səviyyədə deyil. Nəzərinizə çatdırım ki, düşmən bu aksiyalara çox güc, qüvvə və maliyyə yatırdığından onlar tezliklə başa çatan deyil. Hazır olmağımız, var qüvvəmizlə çalışmağımız gərəkdir”, – Təvangar söyləyib.

Onun sözlərinə görə, “rəhbər hamıdan ayıq-sayıq olmağı, var qüvvə ilə işləməyi, təhlükəli düşmənlə üzləşdiyimizin anlanmasını tələb edir”.

O, çıxışının sonunda bildirib ki, indiki situasiya əvvəlki etiraz aksiyalarından və nümayişlərdən köklü şəkildə fərqlənir. Məhz bu səbəbdən də “etirazlara qarşı taktika və strategiya dəyişməlidir”: “Ölkədə müəyyən islahatların aparılacağı da istisna deyil. Çünki etiraz edənlər siyasi azadlıqlarla yanaşı, iqtisadi və s. tələblər də irəli sürürlər”.

Polis qüvvələrinin komandanı general Hüseyn Əştari bildirib ki, aksiyaların ən təhlükəli tərəfi küçələrə çıxanlara “bəzi ruhanilərin və din xadimlərinin dəstək verməsi”dir.

“Artıq anlamalıyıq ki, real və virtual məkanda keyfiyyətcə yeni vəziyyətlə üz-üzəyik. Belə şəraitdə küçələrə çıxanlara qarşı daha ciddi, qanunu pozanlara qarşı daha sərt tədbirlər görülməlidir”, – H,Əştari söyləyib.

Onun sözlərinə görə, “rəsmi və dövlət mediası” həm real, həm də virtual məkanda “düşmənə uduzur”: “Dövlət büdcəsindən ayrılan bütün maliyyəyə rəğmən, informasiya savaşında uduzuruq. Xüsusilə də kiberməkanda və sosial şəbəkələrdəki vəziyyəti nəzərə alsaq, “Harada hansı səhvlər etmişik?” sualına mütləq şəkildə cavab verməlyiik. Vəziyyət o qədər ciddidir ki, bir sıra etirazçıların edam olunacağı barədə xəbərlər belə, düşmənin planlarına uyğun olaraq küçələrə çıxanların fəallığını azalda bilməyib. Əslində, narahatıq ki, edamlar olarsa, vəziyyət daha da pisləşə bilər”.

Səhərədək davam edən toplantıda “düşmən qüvvələrin planları və ssenariləri əsasında həyata keçirilən aksiyalara qarşı koordinasiyalı fəaliyyətin vacibliyi” vurğulanıb, məhz bu formada çalışmağın zəruri olduğu qeyd olunub.

Növbəti toplantının dekabrın 15-də keçirilməsinə qərar verilib.

Mili.Az