Aktual

VARDANYAN VƏ SAHİBLƏRİ ÜÇÜN QAPADILAN “QARA DƏLİK” – Laçın yolundakı aksiya nələri üzə çıxardı?

VARDANYAN VƏ SAHİBLƏRİ ÜÇÜN QAPADILAN “QARA DƏLİK” – Laçın yolundakı aksiya nələri üzə çıxardı?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Artıq azərbaycanlı fəalların Xankəndi-Gorus yolunda keçirdiyi aksiyaya görə Ermənistanın və Qarabağdakı qondarma qurumun vay-şüvəninin səsi Moskvadan Afinaya qədər dünyanın bir çox bölgələrinə, təşkilatlarına yayılıb. Artıq BMT Baş katibindən Rusiya XİN-ə qədər hamı öz “narahatlığını” bəyan edir. 30 il azərbaycanlıları öz doğma torpaqlarından didərgin salıb, ağır şərtlər daxilində qaçqın, məcburi köçkün həyatı yaşamağa vadar edən ermənilər cəmi 4 gün Ermənistana gedib-gələ bilmədikləri üçün, baş verənləri utanmadan, özlərinə məxsus həyasızlıqla “soyqırım cəhdi” adlandırmağa başlayıblar.

Bəs, əslində nə baş verir və Azərbaycanın nail olmaq istədiyi, ermənilərin və onların havadarlarının isə müqavimət göstərdiyi hədəf nədir?

İlk başdan qeyd edilməlidir ki, Xankəndi-Gorus yolunu azərbaycanlı fəallar yox, rus sülhməramlıları bağlayıb. Məhz onlar yolun aksiya keçirilən hissəsindən bəlkə də bir neçə kilometr aralıda yolu bağlayaraq, ermənilərin hərəkətini dayandırıblar. Baxmayaraq ki, Azərbaycan tərəfi mülki ermənilərin hərəkətinə heç bir maneə törətməyəcəyini bəyan edib. Azərbaycan dövləti dəfələrlə onların ehtiyaclarını ödəməyə, kommunikasiyasını təmin etməyə hazır olduğunu bildirib. Buna baxmayaraq, hazırda rusiyalı hərbçilər erməniləri həmin yolla hərəkət etməyə buraxmırlar.

 

 

Əvəzində, sülhməramlıların komandanlığı ilə məlum “ortaqlığı” olan qondarma qurumun rəhbərliyi hər vəchlə erməni əhalisini inandırır ki, məhz Azərbaycan yolu mülki ermənilər üçün bağlı saxlayır və onlar qətiyyən Azərbaycanın bəyanatlarına inanmasınlar.

Bu arada Qarabağa heç bir aidiyyatı olmayan, Rusiyada məlum çirkli yollarla milyarder olmuş, sonra isə onun vətəndaşlığından imtina edərək, Moskvanın tapşırığı ilə Xankəndiyə “vəzifəyə” gəlmiş Ruben Vardanyan başından böyük danışaraq, Qarabağdakı ermənilərə son müraciətində azərbaycanlıların laçın yolunda dayanmağa haqqının olmadığını deyib: “Mən bilirəm ki, azərbaycanlılar müxtəlif şayiələr yayırlar. Onlara inanmayın. Azərbaycanlılar deyirlər ki, sizin maşınları buraxacaqlar. Onlar kimdirlər ki, buraxsınlar, ya buraxmasınlar? Onlar o yolda durmaq və qərar vermək hüququna malik deyillər…”

Əlbəttə ki, beləsinin bu sözlərinə görə başının qara torbası və paketlənib Bakıya gətirilməsi əksikdir. Lakin onun bu “müraciətində” bir maraqlı məqam sezilir. Belə ki, Vardanyan qətiyyən ermənilərin Azərbaycan tərəfinə inanmasını, deməli, həm də aksiya keçirilən yoldan istifadə etməsini və bu zaman azərbaycanlılarla hər hansı dialoqa, təmasa girməsini istəmir. Hətta bundan qorxur. Ona görə yox ki, erməniləri kimsə vurar, öldürər və sair. Vardanyan və onun havadarları üçün ermənilərin həyatının bir qara qəpiklik dəyəri yoxdur. Vardanyan ona görə narahatdır ki, ermənilər Azərbaycan tərəfilə təmasda olsa, Azərbaycanın doğrudan da onların təhlükəsizliyinə təminat verdiyinə, gələcəkdə Azərbaycan vətəndaşı kimi birgə yaşayışın mümkünlüyünə inamı yarana bilər. Bu isə Vardanyanın Moskvadan aldığı tapşırıqlara və Qarabağın məlum ərazisində “cütləşən” Araik Arutunyan- Ruben Vardanyan “hakimiyyəti”nin ermənilər üzərində öz bildikləri kimi hökm etmələri planına uyğun deyil. Bütün bunlar eynilə Rusiyanın, Kremlin mövqeyini əks etdirir. Buna görədir ki, Vardanyan son müsahibələrində dönə-dönə rus sülhməramlılarının mandatının sonsuza qədər uzadılması və onlara hüquqi status verilməsi məsələsində israr edir. Yəni, Moskva nə istəyirsə, Vardanyan da təbii olaraq, onu istəyir…

 

 

Azərbaycana gəlincə, Bakının tələbləri tam qanuni, beynəlxalq hüquqa və öz suveren hüquqlarına uyğundur. Azərbaycana özünün bütün dünya tərəfindən tanınan suveren ərazisinə tam nəzarət etməsini kimsə qadağan edə bilməz və 44 günlük savaşda xalqımız, dövlətimiz bununla bağlı öz iradəsini, gücünü ortaya qoydu. 10 noyabr sazişi hər nə qədər tənqid üçün açıq olsa da, onun fəlsəfəsi, mahiyyəti Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü sual altına almır. Həmin sənəddə ermənilərin Laçın yolundan istifadəsinin təhlükəsizliyinə təminat verilməsinə isə hansısa əlahiddə hal kimi baxmaq doğru deyil. Azərbaycan, məsələn, necə ki, Quba sakininin Bakı-Quba yolu ilə sərhədə qədər təhlükəsiz hərəkətinə təminat verir, Laçın yolundakı təminat da o cür olmalıdır. Yəni, bu, o demək deyil ki, ermənilər həmin yoldan istədiyi şeyi, o cümlədən son iki ilin təcrübəsi göstərdiyi kimi, minalardan və digər silah-sursatdan, narkotikdən tutmuş erməni hərbçilərinə, İran agentlərinə, Azərbaycanın təbii sərvətlərinə və s. qədər hər şey daşıya bilər. Bunun qarşısı nə zamansa alınmalıdır. Bu gün özünü sülhməramlı, vasitəçi və s. adlar altında torpaqlarımıza soxan Rusiyadan Fransaya qədər heç bir dövlət öz ərazisində belə bir başıpozuqluğa, qanunsuzluğa imkan verməz. O zaman biz nədən buna göz yummalıyıq? Bütün bunların qarşısını almağın yeganə yolu isə həmin yolda Azərbaycan qanunlarına uyğun olaraq, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Dövlət Gömrük Komitəsinin nəzarət-buraxılış məntəqələrinin yaradılmasıdır. Ermənilər 10 noyabr sazişini əllərində bayraq edərək, Laçın yolunda post qoyulmasının həmin sənədə uyğun olmadığını iddia edirlər. Elə isə erməni tərəfi 10 noyabr sazişinin ən azı iki bəndini pozmaqda davam edir. O zaman nədən biz həmin sazişi az qala öz Konstitusiyamızdan üstün tutmalıyıq, nədən öz sərhədlərimizi qanunlarımıza uyğun şəkildə möhkəmləndirməməliyik? Həmçinin, hazırda ermənilərin yaşadığı ərazilərimizə Rusiya sülhməramlıları ilə yanaşı, ən azı onlar qədər də Azərbaycanın dövlət orqanları nəzarət etməlidir.

Məlum aksiyanın tələbləri sırasında yuxarıda qeyd etdiklərimizin böyük hissəsi haqlı olaraq yer alıb.

Özü də Azərbaycanın tələb etdiyi bütün tədbirlər Azərbaycan ərazisində müvəqqəti yerləşən rus hərbi kontingentinin fəaliyyətilə heç bir ziddiyyət təşkil etmir. Onlar zatən gedəcəklər, Azərbaycan və onun qanunları isə bu torpaqlarda əbədi qalacaq!

azpolitika