7Times.az bizim media-ya istinadla Günel Zeynallı ilə müsahibəni təqdim edir:
⁃ Hamı bir ağızdan sizin üzünüzə etdirdiyiniz estetik dəyişikliklərdən danışır. Deyirlər ki, Günel yenə əməliyyat etdirib. Doğrudur?
⁃ “Bir çox sənətçilər zəng vurub söyləyirlər ki, “Sən nə etdirmisən?” Heç nə etməmişəm. Etdirdiyim isə burun əməliyyatıdır. Bilirsiniz ki, illər əvvəl Türkiyədə burnumu əməliyyat etdirdim. Amma uğursuz alındı. Daha sonra burnumu ikinci dəfə əməliyyat etdirdim. Bu dəfə isə əməliyyatı Bakıda yerli cərrah icra etdi. Bir də ki, dodaqlarıma dolğu etdirmişəm. Bu da ki, hamının etdirdiyi prosedurdu. Zamanla, onlar hamısı sovrulub gedir. Başqa bir şeylər etdirməmişəm. İnsan arıqlayanda, sümüklərin hamısı çıxır üzə. Bunu qəbul etmirlər. O zamanlar “bulka”ya oxşayırdım. Söyləməsi belə ayıbdır (gülür). Kök olanda üz də şişkin olur.
Zəyifləyəndə isə cizgilərin ortaya çıxır. Onlara isə artıq nələrisə başa salmaqdan vaz keçmişəm”.
Arıqlayaraq az qala “ilanın boğazından” keçən sənətçi yemək yemədiyini dilə gətirib:
– “Yemək yemirəm. Səhərlər acı kofe və ya çay içirəm. O mənim iştahamı öldürür. Tünd, şəkərsiz, acı şokolad yeyirəm. Onunla da ömrümü keçirə bilərəm. Axşam da mədəmi aldatmaq üçün yüngül salat yeyirəm. Yəni bu qədər”.
⁃ Bir neçə həftə əvvəl Türkiyənin nüfuzlu “Altın Kelebek” mükafatlanma mərasimi keçirildi. Sizin adınız isə ” Arabesk – fantazi janrında ən yaxşı qadın müğənni” nominasiyasında var idi. Amma nədənsə, gecədə gözə dəymədiniz. Səbəb nə idi?
⁃ Orada olmağı istəmirəm. Qoy bir yaxşı mahnı oxuyum, çıxım. Buna inanım. “Didəm” və “Adı yok” nəğmələr olduğu zaman sözün əsl mənasında partlatmışdım. O zaman isə “Altın Kelebek”ə namizəd olmadım. İndi isə təkcə gündəmdə olduğum üçün adımı ora yazıblar. Onlara söylədim ki, inciməyin mən bu mükafatlandırmada yoxam, olmaq da istəmirəm.
⁃ “Xəzər” televiziyasında yayımlanan “Xəzər axşamı” əyləncəli-musiqili verilişi ilk siz aparmalı idiniz. Daha sonra məlum oldu ki, siz televiziyanın rəhbəri ilə ortaq məxrəcə gələ bilməmisiniz. Əslində nə baş verdi ki, siz bu verilişi aparmaqdan boyun qaçırdınız?
⁃ Bu haqda bir kəlimə belə dilə gətirməmişəm. İlk sizin saytınıza bu haqda danışacağam. Əslində müzakirə olunası bir şey yoxdur. Yenə də orkestr məsələsi oldu. Söylədim ki, orkest məhz Türkiyədən gəlməlidir. Əgər biz keyfiyyətli iş görürüksə, bunu mütləq şəkildə etməliyik.
Əgər bir sənətçini verilişimə dəvət edirəmsə, sənə rahatlanmaq, dincəlmək üçün ayrıca otaq verməliyəm. Saç, vizaj edən belə stilist olmalıdır. Mən bu kimi nüansları vacib saydığım üçün rəhbərlik söylədi ki, o zaman biraz gözlə. Amma Murad Dadaşovla (“Xəzər” televiziyasının rəhbəri Xalq artisti Murad Dadaşov – red.) bu haqda söhbətlərimiz gedir. İnşallah elə bir yeni, musiqili layihə olacaq.
⁃ Sözügedən verilişi bir müddət sizin həmkarınız, Əməkdar artist Könül Kərimova apardı.
Onun aparıcılığını necə dəyərləndirib, qiymətləndirirsiniz?
⁃ Könül xanım əzizimiz, gözəl sənət yoldaşımızdır. O da Azərbaycana və Azərbaycan tamaşaçısına uyğun proqram apardı.
⁃ Açıqlamalarınızın birində bəstəkar-müğənni Murad Arifi Azərbaycanın Tarkanı adlandırmağınıza Əməkdar artist Amil Həsənoğlu etiraz edib. O, müsahibələrinin birində söyləyib ki, “Tarkan dünyamiqyaslı müğənnidir. Onu müqayisə etməyə dəyməz. Tarkanın gördüyü işləri bizim gördüklərimizlə tərəziyə qoysaq, tam fərqlidir. Murad Arif adi musiqi ilə məşğul olan adamdır”. Buna münasibətiniz?
⁃ Murad Arif həqiqətən çox istedadlı musiqiçidir. Onu çox istəyirəm. Dostluğumuzu kənara qoyaq, Haqqına danışaq. Murad işində olduqca uğurludur, çox təmiz işləyir. Bunlara görə ona qiymət və dəyər vermək lazımdır. Murad bir dənədir və başqa Muradımız da yoxdur. Fikrimdə də qalıram, Murad Arif Azərbaycanın Tarkanıdır. Onunla “Tufan” adlı ilk layihəmiz çox uğurlu alındı. Bu səbəbdən yaxın zamanda onunla növbəti yeni duetimiz və layihəmiz olacaq.
⁃ Türk sənət musiqisinin “imperatoru”, müğənni İbrahim Tatlısəs sizin Türkiyəyə tanıdan və sevdirən şəxs oldu. O sizə hansı məsləhətləri verir?
⁃ İbrahim bəy mənə çox kiçik yaşlarımda bir dəfə məsləhət vermişdi. Ondan sonra isə məsləhət verməyib. Çünki, mən o vaxtan bəri dəyişməmişəm. Eyni şəkildə, işlərimi və həyatımı davam etdirirəm. O, mənə söylədi ki, şöhrət səni heç zaman pisə dəyişdirməsin, çünki şöhrət toz kimidir. Səni parıldadır, toz getdiyi zaman isə sən bir anlıq sönə bilirsən. O zaman dəyişmə, hər zaman böyüklərinə qarşı hörmətli ol. Bundan başqa isə o mənə heçnə deməyib və ya məsləhət verməyib.