Dünya

“ƏN DƏHŞƏTLİSİ HƏLƏ QARŞIDADIR…” – “Bu sistemin adı Vladimir Putindir”

“ƏN DƏHŞƏTLİSİ HƏLƏ QARŞIDADIR…” – “Bu sistemin adı Vladimir Putindir”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mən növbəti dəfə qəti şəkildə bildirirəm ki, bu baş verənlərin əleyhinəyəm, bunu(Ukraynadakı müharibəni-red.) faciə, hətta cinayət hesab edirəm. Təkcə mən yox, Rusiyada minlərlə, ola bilsin hətta milyonlarla insan belə hesab edir”. 

“AzPolitika.info” xəbər verir ki, bunu Rusiyanın ən təcrübəli siyasətçilərindən biri, “Yabloko” partiyasının sədri Qriqori Yavlinski son müsahibəsində bildirib.

Yavlinski deyib ki, hazırda Rusiyada yaranan vəziyyətə və Ukraynadakı müharibəyə görə “Rusiya siyasətinin bütün subyektləri” cavabdehlik daşıyır: “İl bitəndə adətən ilin nəticələri barədə danışırlar. Mən bu barədə çox düşündüm və başa düşdüm ki, “bu ilin nəticələri” yox, “bu ilin dərsləri” demək daha doğrudur… Biz bu dərslərlə yaşamağa məhkumuq. Nəticə yoxdur, nəticə hələ qabaqdadır. Bütün ciddi məsələlər, hətta ola bilsin, ən dəhşətlisi hələ qarşıdadır. Daim savaşmaq barədə danışanlar anlamalıdırlar ki, sonda geriyə dönüş mümkün olmayacaq. Dağıntıların miqyası çox böyük olacaq və bu nəticələrin təsiri uzun illər, on illər boyu uzanacaq... Siyasətin bütün subyektləri, o cümlədən də mən özüm bu baş verənlərə görə məsuliyyət daşıyırıq. Əlbəttə, kimin hansı səlahiyyətə malik olmasından və kimin qərar verməsindən asılı olaraq, məsuliyyətin miqyası fərqli ola bilər.

Əlbəttə, bütün bu qərarları verən şəxs var və bu, ayrı tarixçədir. Ancaq buna baxmayaraq, hər kəs, müstəsnasız olaraq, məsuliyyət daşıyır. Yeri gəlmişkən, deməliyəm ki, bizim vətəndaşlarımız da məsuliyyət daşıyır. Ona görə ki, onlar bizim ölkəmizdə son 30 ildə belə bir sistemin yaranmasına imkan veriblər, ona görə ki, bu sistemi dəyişməyiblər, heç buna cəhd də etməyiblər. Özü də bu sistemi dəyişmək imkanları olub, dəfələrlə olub. Bütün bu baş verənlərdə hakimiyyətin təklif etdiyi “siz siyasətə qarışmayın, biz isə sizin maaşlarınızı və pensiyalarınızı artıracağıq” sxeması da çox böyük rol oynayıb…”

Qeyd edək ki, Yavlinski Kremli tənqid edən və bununla yanaşı, Rusiyanı tərk etməyən nadir müxalif siyasətçilərdəndir.

Rusiyadan gedib-getməyəcəyinə dair verilən suala cavabında Yavlinski deyib ki, onun heç bir halda ölkəsini tərk etməyə ixtiyarı yoxdur: “Mən 30 ildir ki, bu ölkədə siyasətlə məşğulam. Mən gedə bilmərəm, buna haqqım yoxdur. Vəssalam. Mən üç dəfə ciddi şəkildə Prezident seçkilərində iştirak etmişəm. Yox, mən ümid etmirdim ki, seçkinin qalibi olacağam. Ancaq ümid edirdim ki, bu seçkilərin nəticəsində mənim siyasi nüfuzum artacaq. Bunu səmimi olaraq, gerçəkdən etmişəm. Odur ki, bu situasiyada mən heç yerə getməyəcəm və öz ölkəmlə bir yerdə olacağam”.

 

 

“Yaranmış vəziyyətdən çıxış yolu hardadır” sualına cavab verən Yavlinski deyib: “Çıxış yolu o vaxt olacaq ki, insanların böyük əksəriyyəti bütün bunların baş vermə səbəblərini dərk edəcəklər. Nə qədər ki, bu səbəblər dərk və etiraf edilməyəcək, yaranmış situasiyadan çıxmaq mümkün olmayacaq. İşin mahiyyəti budur. Heç kim sizə hansısa çıxış yolunu boşqabda gətirib təqdim etməyəcək. Biz hər birimiz (yaranmış vəziyyətdən) çıxmalıyıq. Bu isə böyük və ciddi bir iş olacaq. Yalnız səbəbləri dərk edəndən sonra çıxış yolu tapıla bilər ki, nəticədə də hər şeyi yenidən qurmaq və bir daha belə şeyin təkrarlanmamasını təmin etmək olar”.

Rusiyada 2024-cü ildə keçirilməli olan Prezident seçkiləri barədə danışan Yavlinski deyib ki, vəziyyət hər an dəyişir və hakimiyyət seçkini təxirə sala bilər: “Hətta Kreml təmsilçiləri arasında artıq bunu təklif edənlər də var”.

Yavlinski bildirib ki, indiki müharibə 80 il əvvəlki müharibə ilə eyni deyil və 21-ci əsrdəki sülh anlayışı da II Dünya müharibəsi dövründəki sülh anlayışından fərqlidir.

Yavlinski “Krımın gələcəyini necə görürsünüz” sualına da maraqlı cavab verib: “Yaxın yüz il barədə sual verirsinizsə, buna cavab verə bilməyəcəm. Lakin yaxın illər barədə danışırsınızsa, deyə bilərəm ki, ora cəbhə bölgəsi olacaq və inanmıram ki, siz oraya dincəlməyə getmək istəyəcəksiniz”.

“Putinin ölümü ilə müharibə bitəcəkmi” sualına cavabında Yavlinski deyib ki, əsas məsələ idarəçilik sistemindədir: “Bu, elə bir sistemdir ki, onun mövcudluğu əvvəl-axır bu gün yaşananlara gətirib çıxarmalı idi. Eyni şey(müharibə) haradasa baş verməli idi. Bu, Çeçenistanda da olmuşdu və başqa sərhədlərdə də ola bilərdi. Sistem belədir. Hələ 90-cı illərin ortalarında deyilmişdi ki, bu sistem müharibəyə gətirib çıxaracaq.

Dövlətlə biznesin birləşdiyi 90-cı illərin ortalarında yaranan bu sistemdə müstəqil məhkəmə, müstəqil parlament, müstəqil mətbuat, müstəqil həmkarlar ittifaqları, müstəqil və nüfuzlu siyasi partiyalar və s. yoxdur. Nəticədə cəmiyyət yoxdur! Biznesin, mülkiyyətin və dövlətin birləşməsi nəticəsində yaranan bu sistemi imperator kimi, bir nəfər idarə edir. Sadəcə, bir nəfər. Bu sistemin adı Vladimir Putindir. Bu sistemin adına Lavrovu, Şoyqunu və digərlərini də əlavə etmək olar. Nə qədər ki, bu sistem qalacaq, heç bir dəyişiklik olmayacaq və hər hansı gələcəkdən danışmaq yersiz olacaq. Bu sistemi isə yalnız insanlar dəyişə bilər. İstənilən yolla…”

 

 

Yavlinski hesab edir ki, artıq Rusiya cəmiyyət və dövlət olaraq məğlub olub: “Obyektiv reallıqları qəbul etmək lazımdır. Artıq bütün bunlar baş verib. Bu, məğlubiyyətdir. İndi baş verənlər məhz elə məğlubiyyətdir…”

Yavlinskinin bu müsahibəsindən də göründüyü kimi, artıq Rusiyada Ukraynaya qarşı müharibənin cinayət və faciə olduğunu anlayanların sayı artmaqdadır. Lakin hələ də Putini və işğalçılıq savaşını dəstəkləyən kütlənin üstünlük təşkil etməsi rusiyalıların Kremllə birgə uçuruma doğru hərəkətinin davam etdiyinin göstəricisidir.