Dünya

İran Azərbaycana hücuma hazırlaşır? – “Səngər qazılır…”

İran Azərbaycana hücuma hazırlaşır? – “Səngər qazılır…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlərdə İrana hərbi müdaxilə olacağı ilə bağlı iddialar gündəmdən düşmür.

İsrailin İrana ardıcıl 2 gün dron hücumu ilə zərbələr endirməsi nəticəsində tərəflər arasındakı gərginlik pik həddə çatıb.

İsrailin Baş naziri Benyamin Netanyahunun İranın nüvə silahı əldə etməməsi üçün bütün addımları ata biləcəyi ilə bağlı xəbərdarlıq etməsini də unutmaq olmaz.  Həmçinin, ABŞ da İrana hərbi müdaxilə variantının masada olduğunu açıqlayıb.

Son məlumatlara əsasən, İsrail və ABŞ-ın rəhbərliyində İrana qarşı bir beynəlxalq koalisiya yaradıla bilər. Artıq bununla bağlı çalışmaların getdiyi deyilir. Rəsmi Tehran isə hələ ki, səssizdir. Buna baxmayaraq, iranlı ekspertlər İranda gözlənilən hücuma qarşılıq hazırlıqlara başlanıldığını söyləyirlər.

“Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi”nin rəhbəri, politoloq Samir Hümbətov Cebhe.info-ya açıqlamasında bildirib ki, İsrail və ABŞ arasında İranda hərbi müdaxilə ilə bağlı məsələlər müzakirə olunur:

“Xüsusən də əsas müdaxilə mövzusu İranın nüvə obyektləridir. Çünki İranda nüvə silahının hazırlanması üçün kifayət qədər uran olduğu təsdiqlənib. Artıq orada 60 faizdən yuxarı zənginləşdirilmiş uran var. Bu isə o deməkdir ki, İran yaxın zamanlarda nüvə silahı əldə etməsi realdır.

Ona görə də ABŞ, İsrail və Qərb bu məsələdə rəsmi Tehrana qarşı güzəştə getmək niyyətində deyil. Düşünürəm ki, tezliklə İranın nüvə və hərbi obyektlərinə zərbələr endiriləcək. Həmçinin, İranın daxilində dayanmayan etiraz aksiyalarını da nəzərə almış ola bilərlər. Davam edən etiraz aksiyaları da onu deməyə əsas verir ki, hələ Tehran rejiminin başı çox ağrıyacaq”.

Ekspert bildirib ki, İran isə ehtimal olunan müdaxiləyə qarşı hazırlıqlara başlayıb:

“Hətta Azərbaycan sərhədlərinə yaxın yerlərdə belə səngərlərin qazıldığına dair fikirlər səsləndirilir. Bunun nə dərəcədə doğru olub-olmadığını isə sual altındadır.

Eyni zamanda, İraq və Gürcüstanla sərhəddə də bənzər prosesin başlanıldığı deyilir. İran ən çox hava hücumundan müdafiə sistemlərinə diqqət yetirir. Çünki həm ABŞ, həm də İsrail öncə hava hücumundan müdafiə sistemlərini sıradan çıxarmağı, daha sonra isə nüvə obyektlərinə zərbə endirməyi planlaşdırır. 

Bununla yanaşı, İran ABŞ-ın əsas hərbi bazalarının yerləşdiyi Körfəz ölkələri ilə bağlı da hazırlıq görməyə başlayıb. İran hazırlıq görür, amma tam şəkildə müdaxilənin olub-olmayacağı bəlli deyil. Ona görə də Tehran rejimi hələ ki, səssizliyi qoruyur. Amma İsrailin 2 günlük əməliyyatları onu göstərdi ki, genişmiqyaslı əməliyyatlar da həyata keçirə bilər. Bunun qarşısını almaq üçün isə İranın kifayət qədər imkanları yoxdur”.

Samir Hümbətovun fikrincə, İran müxtəlif bəhanələrlə Azərbaycana qarşı təxribat törətmək istəyə bilər:

“Rəsmi Tehran Azərbaycanın İsraillə bir yerdə olmasını bəhanə edərək, son variantda hansısa fikrə düşə bilər. Raket sistemini işə salmağı və ya Xəzərdən hərəkət etməyi düşünə bilər. Amma bizim hava hücumundan müdafiə sistemlərimiz kifayət qədər aktiv şəkildə fəaliyyət göstərir və Azərbaycan Ordusu hazır vəziyyətdədir.

İran tərəfindən hansısa bir təhdid olsa belə, Azərbaycan onu dəf edəcək və lazımi cavabı verəcək. Lakin indiki halda rəsmi Bakı İranla hansısa qarşıdurmaya getmək niyyətində deyil.

Ümumiyyətlə, İranın Azərbaycana hücum etməsi axmaqlıq olar. Nəzərə almaq lazımdır ki, istər İran ordusunda, istərsə də SEPAH qüvvələrinin içərisində kifayət qədər azərbaycanlı var. Onların ölkəmizə qarşı hücuma keçməsi də real deyil.

İran həmlə etmək istəsə belə, bunun reallıqdan uzaq məsələ olduğunu qeyd etmək lazımdır. Azərbaycan nə İsraillə, nə də ABŞ ilə İrana qarşı öz ərazisindən hərbi əməliyyatların keçirilməsi məsələsini qətiyyən gündəmə gətirmir.

Çünki bizim orada 40 milyonluq soydaşımız var və istənilən bir təhlükə birbaşa olaraq onlara təhdid olacaq. Buna görə də Azərbaycan tərəfindən bu məsələnin həyata keçirilməsi gözlənilmir”.