Hollivud ulduzu Bryus Uillisə frontotemporal demensiya (FTD) diaqnozu qoyulub.
Bu barədə aktyorun ailəsi “Instagram” hesabında məlumat verib.
Bildirilir ki, 67 yaşlı Uillisə ötən ilin yazında nitq pozğunluğuna səbəb olan “afaziya” diaqnozu qoyulsa da, xəstəlik irəliləyib və indi diaqnozu dəqiqləşdirmək mümkün olub.
Həmçinin qeyd olunur ki, FTD 60 yaşdan yuxarı insanlar arasında ən çox rast gəlinən demensiya növüdür.
Yeri gəlmişkən, Britaniya Milli Səhiyyə Xidməti FTD-ni demensiyanın qeyri-adi forması hesab edir. Məlumata görə, xəstəlik davranışda, nitqdə dəyişikliklərə səbəb olur, xəstələrdə hərəkətdə yavaşlıq və ya sərtlik, daha sonra sidik və defekasiya üzərində nəzarətin itirilməsi, əzələ zəifliyi inkişaf edir.
Uillisin ailəsi bu gün demensiyadan müalicənin olmamasına baxmayaraq, yaxın illərdə bunun dəyişə biləcəyini ümid etdiklərini bildiriblər.
Xatırladaq ki, ötən ilin martında Bryus Uillisin “afaziya” diaqnozu səbəbindən aktyorluq karyerasına son qoyduğu bildirilmişdi.
Uillis “Məğlubedilməz” (“Die Hard”), “Altıncı hiss” (“The Sixth Sense”), “Armageddon” və Kriminal qiraət (“Pulp Fiction”) blokbasterlərindəki rollarına görə dünya şöhrəti qazanıb. O, beş dəfə “Qızıl Qlobus” mükafatına namizəd olub və yalnız bir dəfə “Ay İşığı” Detektiv Agentliyi” (“Moonlight Detective Agency”) serialındakı roluna görə mükafat alıb. O, həmçinin “Emmy” mükafatına üç namizədlikdən ikisində laureat olub.
oxu.az
Follow @7timesaz