Onu hamı zümzümə etdiyi bir mahnı ilə tanıdı. Gürcüstanda böyümüş, özünəxas danışıq tərzi olan bu qız birdən-birə sosial şəbəkə platformalarında hər birimizin qarşısına çıxdı. İndi küçədə sorğu edib, adını soruşsaq, yəqin tanımayan az insan olar. Bəli, söhbət tiktoker Nia Kurbanovadan gedir.
OLAY-la həmsöhbət olan tiktoker sosial mediadakı fəaliyyətindən, rejissor Kənan Mahmudovla dostluğundan, gələcək planlarından danışıb…
– Əvvəlcə sizi daha yaxından tanıyaq. Nia Kurbanova kimdir?
– Nia Kurbanova Gürcüstan vətəndaşıdır. Hazırda tiktoker fəaliyyəti ilə məşğulam. Orta məktəbi bitirmişəm, maddi durmumuza görə universitet oxumamışam. Məktəbi bitirib dərziliklə məşğul olmuşam. Bir neçə il sonra isə TikTok-la maraqlandım. Sonra da belə tanındım.
– Əsl adınız Niadır, yoxsa TikTok üçün qısaltmısınız?
– Həqiqətən də Niadır. Gürcü adıdır, mənası nail olmaqdır.
– TikTok-a gəlişinizdən danışaq. Hansı videonuzdan sonra bildiz ki, populyarsınız?
– TikTok-da videolarımla tanınmamışam, canlı yayımlarla populyarlaşmışam. Əvvəllər də videolar paylaşırdım, düzdür, alınırdı. Amma canlı yayımlara qoşulduqdan, üstəgəl Kənan müəllimlə (rejissor Kənan MM – red.) birgə yayım etdikdən sonra insanlar tərəfindən daha çox izləndim və sevildim.
– Mən də sizə Kənan MM-lə bağlı sual vermək istəyirdim. İndi ailəvi dostsunuz, xanımı Aygün Mahmudova və qızı Zeynəblə də görüşmüsünüz. Dostluğunuz necə başladı?
– Biz digər tiktokerlərlə oyunlar oynayırdıq, eləcə də Kənan müəllimlə canlı yayıma qoşulduq. İlk oyunumuz çox sakit keçdi. Biz bir-birimizi tanıdıq. Sonra suallar verməyə başladıq, gülməli və maraqlı yayımlar alındı. İndi isə onu da, xanımını da, övladlarını da öz ailəmdən görürəm. Bir-birimizə çox hörmətimiz var. Münasibətimiz çox yaxşıdır.
– Ailə demişkən… Hazırda qardaşınız Emir də TikTok-da fəaldır. Kifayət qədər də tanınır. Onun bu platformaya gəlişi sizin təşəbbüsünüzdür, yoxsa özü istədi?
– Əslində, onun TikTok-dan xoşu gəlmirdi. Mən dedim ki, Emir, gəl. Qardaşımın daha çox yutuba marağı var idi. Ad günündə sürpriz edib videosunu paylaşdım və özünü də işarələdim. İnsanlar sağ olsunlar, onu da sevməyə başladılar. İstədim ki, bu sahəyə başlasın, özünə maraqlı deyildi.
– Aranızda rəqabət olmur?
– Bəzən olur. TikTok sıralamasında bir-birimizi keçəndə acıq veririk. Onun irəli getməsinə sevinirəm. O, da həmçinin mənim uğuruma sevinir.
– Cəmiyyətimizdə tiktokerlərə, sosial şəbəkələrdə populyarlaşan şəxslərə qarşı aqressiya var. Yazılan şərhlərdən belə görünür ki, insanlarda sizin canlı yayımlarda pul qazanmağınız qıcıq yaradır. Bu aqressiya ilə necə mübarizə aparırsınız?
– Belə insanlara cavab verməyin tərəfdarı deyiləm. Onların aqressivliyi özlərinədir. Özləri edə bilmədiklərini başqasında görəndə əsəbiləşirlər və mənfi rəylər yazırlar. Həmin şərhlərə baxmıram. Çünki məni sevən, öz ailəsindən görən, gözəl sözlər yazan, qarşılaşanda bağrına basan o qədər çox insan var ki…
– Heç olub ki, ünvanınıza ağır təhqirlər yazan bir istifadəçini şikayət edəsiz? Bununla bağlı hüquq müstəvisində addım atasız?
-Elə şey olar? TikTok elə bir yerdir ki, orada hamı fikir bildirə bilər. Deyə bilmərəm ki, niyə mənə belə pis rəy yazırsan? O, öz tərbiyəsini göstərir. Buna görə hüquqi işlərə üz tutsam, ondan fərqim olmaz. Sadəcə görməməyə çalışıram.
– Nia, keçək sizi məşhurlaşdıran canlı yayımlara… Bunun sizin üçün bir sistemi varmı? Yəni, əsasən hansı saatlarda canlıda olursunuz?
– Elə tiktokerlər var ki, onlar müəyyən intervalla canlı yayım açırlar. Mən isə enerjim olanda yayıma girirəm. Çünki orada çox enerjim gedir. Bəlkə kənardan asan görünür. Sadəcə telefonu açıb, qarşısında əyləşib pul qazanırsan kimi düşünülür. Əslində, belə deyil. Orada o qədər enerji lazımdır ki, bacara biləsən. Enerjim bitəndə deyirəm, uşaqlar, kofe içməliyəm, çıxıram. Artıq bunu izləyicilərim də bilir. Ona görə saatla canlı açmıram.
– Canlı yayımda izləyici rekordunuz nə qədərdir?
– Ən çox 22 min 500 nəfər izləyib.
– Bəs saat? Ən çox nə qədər vaxt canlıda olmusuz?
– 5-6 saat. Arada fasilə vermişəm. Məsələn, 6 saatda arada 5 dəqiqə fasiləyə çıxmışam. O da sıralamaya görə olur. Tiktok sıralamasında üst pillələrə keçmək istəyirsənsə, mütləq canlı yayımda olmalısan.
– Nia TikTok-da kiminlə canlı yayım etməz?
– Elə şey olar? İnsanları aşağılamaq xüsusiyyətim yoxdur.
– Aşağılamaq mənasında yox. Amma ola bilər ki, danışıq tərzini, yayımını, üslubunu sevmirsiniz…
– Bəli. Mənim yayımımda təhqiramiz ifadələr, tərbiyəsiz cümlələr olmayıb, belə yayımlara da qoşulmaram. Yoxsa ad çəkmək, kiməsə yuxarıdan aşağı baxmaq olmaz. Çalışmışam ki, həmişə pozitiv insanlarla yayımlar edim. Həm tərbiyəli, həm də insanları güldürə biləcək yayımlar olsun.
– Diqqət etmişəm, sizi ən çox uşaqlar sevir. Nianı azyaşlılara sevdirən nə oldu?
– Fikirləşirəm ki… Kənan müəllimlə canlı yayımızda bir mahnı oxumuşdum: “Nahnini nihnini”. Oyunu qazandım, sevincdən bir zümzümə etdim. Düzü, mahnı da deyil, sözləri yoxdur. Sadəcə uydurdum. Sonra bunun remiksləri çıxdı, hara getsəm, uşaqlar məni qucaqlayıb bu mahnını oxuyurdular. Bəlkə də ona görə məni çox istəyirlər.
– Bakıya gəlişinizdən sonra daha çox reklam təklifləri alırsınız. Bilmək olar Nia üçün reklam ödənişi nə qədər olmalıdır?
– Ödənişi tam açıqlaya bilmərəm. Çünki biz standart qiymət yazmamışıq. Sadəcə burada təklifə baxılır. Mən təmənnasız da gedib insanları reklam edirəm. Əgər imkanı yoxdursa, amma ehtiyacı varsa, ödənişsiz tanıtdıqlarım çox olub.
– Aktrisa Pərvin Abıyeva dedi ki, canlı yayımlardan bir aya 35 min dollar qazanıb. Doğrudan da TikTok-dan min dollarlar qazanmaq olur?
– Bəli, tiktokdan həmin məbləğləri qazanmaq mümkündür. Sadəcə aktiv olmaq, canlı yayımı maraqlı aparmaq lazımdır. Bunu bacarmalısan. İzləyicini özünə cəlb etməlisən. Əgər maraqlı deyilsənsə, 5 nəfər də gəlib səni izləməz.
– TikTok həyatınızı maddi baxımdan necə dəyişdi?
– 5 il dərzilikdə qazandığım pulu, TikTok-da bir ilə qazandım. Orada çox əziyyət çəkirdim, düzdür, öz əməyimin bəhrəsini alırdım. Burada isə daha tez və rahat pul qazanılır. Anam üçün Gürcüstanda butik açmışam. Çünki o, çox əziyyət çəkib, ömür boyu rahat işdə çalışmayıb. Məqsədim Azərbaycana gəlmək idi. Şükür ki, gəlmişəm. Dərzilik, dizaynerlik işini çox sevirəm. Bakıda bu işi davam etdirmək istəyirəm.
– Yəni, Bakıda daimi yaşamaq fikriniz var?
– O fikirlə gəlməmişdim. Bir ay sonra qayıtmalı idim. Azərbaycana gəldim, ikinci gün dedim ki, mən qayıtmayacağam. O qədər sevdim ki, dedim, burada yaşamalı imişəm. Sanki ömrümü burada keçirmişəm, Bakıya çox isindim. Çünki uşaqlıqdan Bakını görmək istəmişəm, bu da mənim birinci gəlişimdir.
– Filmlərdən, seriallardan təklif gəlsə, qəbul edərsiz?
– İnsanlar yaxşı bildikləri işin arxası ilə getməlidirlər. Mən TikTok-da tanındım deyə, hər işə əl atmaq kimi bir fikrim yoxdur. Kinoya çəkilmək mənlik deyil və bacarmaram (gülür – red.).
– İndiki dövrdə müxtəlif sahələrdən insanlar TikTok-da canlı yayımlardan pul qazanırlar. Amma onları da tənqid edirlər ki, niyə öz işləri ilə məşğul olmurlar. Bu məsələyə münasibətiniz necədir?
– Elə şey olar? Biz tiktokerik, ora bizimdir, heç kəs gələ bilməz deyə bir anlayış yoxdur. Bacaran gəlsin. Bəzən ehtiyacı olan insanlar bu platformaya daxil olur, canlı yayımlar açırlar. Biz də gedib dəstək oluruq. Bəlkə o aktrisa öz işində uğurlar qazana bilmədiyi üçün TikTok-a üz tutur. Bu bizlik məsələ deyil.
– Hamı elə bilir ki, siz TikTok-da bir obraz yaratmısınız. Doğrudanmı bu belədir, yoxsa Nia elə TikTok-dakı kimidir?
– Nia TikTok-dakı kimidir. Həmişə pozitiv olmuşam. Lakin oradakı kimi enerji partlayışı olmur. 24 saat insan elə olsa, ölüb gedər. Çox enerji xərcləyirəm, orada fikrim oyunlarda, etdiyimiz zarafatlarda olur, daha enerjili oluram. Amma gəlib, burada oynamaq olar? (gülür – red.). Həyatda da elə beləyəm.
– Gec saatlaradək canlı yayımlar etmək sizi yormur?
– Çox yoruluram. Bəzən insanlar söhbət edirlər, dediklərini o qədər gec anlayıram ki… Düşünürəm, görəsən, nə deyir? Rejimin pozulur, gecə oyaq olursan, gündüz yatırsan. Hamı yorulur. Deyirlər ki, TikTok-da canlı açırlar, asan pul qazanırlar. Belə şey yoxdur. Çətindir.
– İnfluenserlər haqqında əsasən eyni sözləri eşidirik ki, aralarında dostluq yoxdur, bir-birilərinin üzünə gülüb, arxadan danışandırlar. TikTokerlər də belədir? Yoxsa aranızda əsl dostluq var?
– Bu həyatda da elədir. Düzgün dost seçmək çətindir. TikTok-da doğru seçim edirsənsə, niyə də yox? Məsələn, Kənan müəllimlə dostluğumuz, inşallah ömür boyu davam edər. Çünki onun mənə hörməti, bura gəldikdən sonra göstərdiyi ailə istiliyi çox başqadır. Onu öz ailəmdən biri kimi görürəm. Bu sferadan Şəhla Həsənli, Sabir Samiroğlu da dostumdur. Sağ olsunlar, məni burada qarşıladılar. Elələri də var ki, hələ görüşə bilməmişik.
– Bəs TikTok-da davalar etdiyiniz şəxslər olub?
– Məni sevməyənlər, canlı yayımlarında haqqımda danışanlar olub. Bir az mənim əsəbiləşdiyim zamanlar da var idi. Həmişə belə deyib-gülən olmamışam. Bəzən insana toxunur. İstər-istəməz dözə bilmədiyim vaxtlar olur. Çalışmışam çox cavab verməyim. Onları da başa düşməliyəm. Hamı səni sevmək məcburiyyətində deyil. Sevməyənlər olub. Elə qırğın-davalara girməmişəm. Nə də girmərəm.
– Belə başa düşürəm, TikTok-un qalmaqallı, səs-küylü tərəfindən qaçırsınız.
– Bəli. Həmişə qaçmışam. Məncə, qaçacam da. Nə yalan deyim, o söhbətlərə girməkdən qorxuram.
– İnsanların sizi görəndə reaksiyası necə olur?
– Çox gözəl. “A bu Niadır. Nahnini-nihnini (mahnı oxuyur – red.)” deyənlər var. Yaşlı xanımlar, kişilər, balaca uşaqlar, demək olar, hər yaşdan insan mənə yaxınlaşıb, sevgi göstərir. Onları burdan öpürəm, bağrıma basıram. Sağ olsunlar ki, məni belə qarşıladılar. Belə qarşıladıqları üçün burada qalmağa qərar verdim. Həqiqətən burada özümü evimdə kimi hiss edirəm. Azərbaycana gələndən sonra mənə dəstək olan insanlarla görüşüb dost kimi yemək yemişik. Çünki insana maddi dəstək olmaq çox çətindir. Hamı bunu bacara bilməz. Ailəndən pulu götürüb, başqasına hədiyyə atmaq, dəstək olmaq, hamının edəcəyi iş deyil. Allah onlardan razı olsun ki, belə ürəyə sahibdirlər. Nəyəsə görə yox, ürəklərindən gəldiyi üçün hədiyyələr atırlar.
– Populyarlaşandan sonra Gürcüstanda yaxın ətrafınızın, qonşularınızın sizə münasibəti necə oldu?
– Mən Telavi rayonunun Qaracalar kəndində böyümüşəm. Ora gürcü kəndlərinin ortasındadır, amma sırf azərbaycanlılar yaşayır. Çox gözəl reaksiyalar var idi. Səmimi etiraflar oldu. Məsələn, məni əvvəldən sevmədiklərini, TikTok-dan sonra nə qədər səmimi olduğumu və bəyəndiklərini dedilər. Onlara buradan salam göndərirəm ki, məni kənddə belə sevirlər. Ola bilər ki, bəyənməyənlər də olsun. Amma hiss edirəm ki, məndən danışanda qürur duyurlar. Ona görə çox xoşbəxtəm.
– İnstaqramda aktivsiniz?
– Fəal idim. Amma instaqram əsl profilimi bağladı. İkinci hesab açdım. İki günə 20 min izləyicim oldu. Hazırda 27 min olar yəqin ki… Sağ olsunlar, harada nəyə başlasam, insanlar arxamdadılar, onların sevgisini hiss edirəm. İnşallah TikTok bağlanmaz. Buradan TikTok-un sahibinə səslənirəm. Heç oradan ayrılmaq fikrim yoxdur. Nə olsa, yeni işlər açsam da, TikTok-u buraxmaram. Çünki ora və oradakı izləyicilər məni bu günə çatdırıb. TikTok var, mən də varam.