“İlk növbədə azarkeşlərə təşəkkürümü bildirirəm. Bu ağır vəziyyətdə bizi ruhlandırdılar”.
Bu sözləri “Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov Misli Premyer Liqasının 28-ci turunda “Səbail”i 1:0 hesabı ilə məğlub etdikləri matçdan sonra deyib.
O, 3 xalın komandası üçün vacib olduğunu bildirib: “Rəqibə oynamağa imkan verməməyə çalışdıq, təzyiqdə saxladıq. 3 xal bizim üçün çox vacib idi. Uğurlu çıxışın davamını gətirmək istəyirdik. Bu gün ən çox nəticə üçün çalışdıq. Futbolçularıma gözəl mübarizəyə görə təşəkkür edirəm”.
O, ot örtüyünün daha yaxşı olmasını arzuladığını söyləyib: “Əlbəttə ki, oyun keyfiyyətinə bu məqam təsir edir. Amma peşəkarlar üçün problem olmamalıdır. Təbii ki, qazonun bu vəziyyətdə olması bizim üçün də üzücüdür. Ot örtüyü yaxşı olsa, oyunlarımız da daha keyfiyyətli alınar”.
Əhmədov indidən yeni mövsüm barədə düşünmədiklərini vurğulayıb: “Bəli, komanda yüksəlişdədir. Çalışırıq ki, bu vəziyyəti saxlayaq. İndidən heç kimlə danışıq olmayıb. Premyer Liqada qalmağımız dəqiqləşəndən sonra futbolçularla danışıqlar başlanacaq. Üstəlik, büdcə də bəlli olmalıdır. Builki maaşla heç bir futbolçu yeni müqavilə imzalamaz”.
“Kəpəz”in çalışdırıcısı 2 aydır maaş almadıqlarını bildirib: “Bəli, son 2 ayın maaşını almamışıq. Klubun İdarə Heyətinin rəhbəri futbolçularla danışıb. Bildiriblər ki, bu həftə məsələ öz həllini tapmalıdır”.
O, maaş almayan komandanı oyuna kökləməyin çətinliyindən də söz açıb: “Bir dəfə futbolçular məşqə çıxmaqdan imtina etmişdi. Bunu yoluna qoyduq. Bizim işimiz insanlara sevinc bəxş etməkdir. Uşaqlara deyirəm ki, oynayarkən evdə sizi həyəcanla izləyən yaxınlarınızı fikirləşin. Onların sevinci milyona dəyər. Gecikmə ola bilər”.
Mütəxəssis hazırda klubdakı gələcək fəaliyyəti barədə düşünmədiyini söyləyib: “Rəhbərliklə yeni mövsümlə bağlı heç bir danışığımız olmayıb. AZAL-da olarkən 1,8 milyonluq büdcəni 155 minə endirdilər. Ancaq komandanı tərk etmdim. Bu gün də eyni cür davranaram. Sırf çempionata köklənmişik. Müqavilədən danışmaq hələ tezdir. Bu gün qalib gələrək Premyer Liqada qalmaq şansımızı artırdıq”.
Tərlan Əhmədov millinin çıxışına da toxunub: “Bizim zamanımızda şərait belə deyildi. 50 dollar maaş alırdıq, təlim-məşq toplanışımz olmurdu. Amma bu gün şərait fərqlidir. Məni üzən başqa məsələdir. Əcnəbi fubolçuların milliləşdirilməsi məni çox məyus edir. Akademiyalarımıza diqqət göstərməliyik. Artıq görürəm ki, mənim illər əvvəl dediyim fikirləri indi digər məşqçilər deyirlər. Akademiyalara kənardan kurator gətirmək lazım deyil. Həmin kuratorlara milyonlar xərclənir. O pulun yarısına başqa ölkələrlə əməkdaşlıq etmək olardı. Heç bir klubda savadlı məşqçilər yoxdur. Bu gün nə “Neftçi”də, nə “Qarabağ”da milli səviyyəsində oyunçu yetişir. Millimiz legionerlər oyuna çıxıb məğlub olur. Elə onların əvəzinə öz gənclərimizə şans vermək yaxşıdır. Minimum 8 illik proqramla futbolumuzu inkişaf etdirə bilərik. Nazirliklə AFFA-nın əməkdaşlığı olmalıdır. Son 5 oyunda qalib gəldikdə hamımız sevinmişdik. Amma o yığmalarla indiki rəqiblərimizin səviyyəsi eyni deyil. Məşqçilər bunu fikirləşməliydilər. İki oyunda 9 top buraxmaq hamımız üçün üzücüdür”.
O, komandasından heç kimin milliyə cəlb olunmamasına da münasibət bildirib: “Açığı Fərid Nəbiyevin dəvət olunacağını gözləyirdim. O, “Kəpəz”in lider futbolçularından biridir. Bizdən aşağıda olan klublardan futbolçulara dəvət göndərilirsə, Fərid də çağırılmalı idi. O, özü də üzüntü yaşadı. Zədəli futbolçuları milliyə çağırıb ehtiyatda saxlamaqdansa, Fərid kimi uşaqları dəvət etmək daha yaxşıdır”.
Sonda T.Əhmədov millini əcnəbi mütəxəssisin çalışdırmasına da toxunub: “İllər əvvəl demişdim ki, klublar yüksək səviyyəyə qalxandan sonra milliyə əcnəbi məşqçi gətirmək olar. Öncə klubların səviyyəsini qaldırmalıyıq. Həmişə demişəm ki, “Neftçi” öz əvvəlki səviyyəsinə qayıdıb söz sahibi olmadıqca, millidən danışmaq mənasızdır”.
Follow @7timesaz