“Əvvəllər efir mahnıları başqa, toyxana mahnıları başqa idi. İndi isə toyxana mahnılarını efirdə də ifa edirlər. Müğənni də neyləsin, kasıbçılığın daşını atmaq istəyir. Pulu toyxana mahnılarından çıxır. Deyirlər ki, birindən pul istəyərsən, versə minnətdir, verməsə zillət. Allahdan istə… Versə nemətdir, verməsə hikmət. Görürsən ki, nəsə var ki, hikmətindən vermir. Ondan da yaxşısını verir ona”.
7Times.az bizim media-ya istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Gövhər Rzayeva “Şou xəbər” verilişinə müsahibəsində deyib.
Sənətçi bildirib ki, şou əhli ilə məsafə saxlayır. Səbəbini isə qarmon ustadı belə izah edib:
“Paxıllıq bilmirəm, qiybəti, dedi-qodunu xoşlamıram. Allahın üç şeydən xoşu gəlmir: fironluq, şər atmaq, bir də ki, tənə vurmaq. Bunları Allah bağışlamır. Bunları eləsən fırlanıb, başına dəyəcək. Ona görə hamı ilə məsafə saxlayıram. “Salam-sağ ol”. Hamısından da gözəl budur”.
G.Rzayeva ikinci dəfə ailə qurmaq məsələsinə sərt şəkildə reaksiya verib:
“Mənim indi ərə gedən vaxtım deyil. Özüm boyda oğlum, kürəkənim, gəlinim, nəvələrim var. Harama yaraşar ərə getmək?! Bir kişi ilə evin içində həyatı boyu qala bilmərəm. Ataram onu bayıra. Sərbəstliyə öyrəşmişəm. Kişi kimi xasiyyətim var. Allah mənə ruzumu versin, canımı sağ eləsin, kişi istəmirəm. Kim istəyir, Allah onlara qismət eləsin”.
Əməkdar artist fəxri ad olan sənətçilərin şou meydanında “mənəm-mənəmlik” etməsini “burunlarından gətirib”:
“Mən bu sənətdə öz sözümü demişəm. Bundan sonra nə etməliyəm ki? Kimə toyxanada çıxış etdiyinə görə orden, medal veriblər? Əməkdar və Xalq artisti fəxri adı olan sənətçilər tez-tez bunu gözə soxurlar.
Sən həyatda adi adamsan, səhnədə Əməkdar, Xalq artistisən. Özünü insan kimi apar. İnsanlığını Allah əlindən almasın. Neynirəm səni mən… Lap istəyirsən, başına tac qoy. Əgər sənin insanlığın yoxdursa, apar qaytar…”.