Ötən il Yevlax rayonunun Xaldan kəndində qonşusunun tövləsini yandıran, həmçinin Abşeron rayonu Xırdalan şəhərində marşrut avtobusunda arvadını bıçaqlayan 1987-ci il təvəllüdlü Aqşin Kazımov məhkəmə qarşısına çıxarılıb.
7Times.az bildirir ki, news24.az-ın əldə etdiyi məlumata görə, o, Cinayət Məcəlləsinin 186.2.2 və 221.3-cü (əmlakı qəsdən məhv etmə, silah tətbiq etməklə xuliqanlıq etmə) maddələri ilə təqsirləndirilib. Məlum olub ki, Aqşin Yevlaxda yaşadığı kənddə qonşunun oğlunun onun qardaşı arvadına sataşmasını iddia edərək onlara məxsus tövləyə gecə saat 03 radələrində od vurub.
Bundan başqa o, Yevlaxdan Xırdalana köçdükdən sonra 2010-cu ildə ailə qurduğu həyat yoldaşı ilə dalaşaraq evdən çıxıb. Daha sonra arvadını güdən Aqşin qadının Xırdalan şəhəri Heydər Əliyev prospektində – bazarın yaxınlığında 119 nömrəli marşrut avtobusuna mindiyini görərək onu təqib edib. Arvadının ardınca avtobusa daxil olan şəxs onun qarın və sifət nahiyəsinə bıçaqla xəsarətlər yetirib. Sərnişinlərin müdaxiləsindən sonra Aqşini avtobusdan endirmək mümkün olub.
Həmçinin bildirilib ki, Aqşin Yevlaxda qonşunun tövləsini yandırarkən oradakı ot bağlamaları, ev quşları və sair əşyalar tamamilə məhv olub. Nəticədə əmlak sahibinə 8 min manatdan çox ziyan dəyib.
Araşdırmalar zamanı məlum olub ki, Aqşin avtobusda arvadını bıçaqlayarkən sərxoş halda olub.
Yevlax Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli hökmü ilə o, 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Follow @7timesaz